"Müharibə vaxtı hərbçilərin dəfnini çəkmək qadağan edilmişdi" - Seyranyan

"Müharibə vaxtı hərbçilərin dəfnini çəkmək qadağan edilmişdi" -  Seyranyan
  18 Yanvar 2022    Oxunub:1036
"Ermənistan hakimiyyətinin 44 günlük müharibə zamanı fəaliyyəti cəmiyyətdə rəsmi informasiyalara birmənalı olaraq inamsızlıq formalaşdırıb".
AzVision.az xəbər verir ki, bu barədə yanvarın 18-də “İnformasiya vasitələri və cəmiyyət” mövzusunda keçirilən müzakirələr çərçivəsində çıxışı zamanı Ermənistan Jurnalistlər İttifaqının sədri Satik Seyranyan bildirib.

“Tam sülhün əldə olunmadığı, Ermənistanın hər vaxt müharibə riski ilə üz-üzə qaldığı məqamlarda cəmiyyət niyə etimadını itirən informasiya resurslarına inanmalıdır”, - deyə İttifaqın sədri bəyan edib.

Hakimiyyətin ictimai şüurda bərqərar olan əhval-ruhiyyəni yaxşı bildiyini və buna görə də kütləvi informasiya vasitələri ilə sosial şəbəkə qaynaqlarından mübarizəyə “girişdiyi”ni bildirən Satik Seyranyan bunu bir o qədər də səmərəli saymır.

“Müharibə vaxtı Müdafiə Nazirliyinin və rəsmi informasiya vasitələrinin yaydığı məlumatlar əhalini çaşdırmağa və yalana xidmət edirdi. Üstəlik, hərbi qulluqçuların gündəlik dəfn mərasimlərinin çəkilişi qadağan edilmişdi. Məqsəd informasiya vakuumu yaratmaq idi”, - deyən Seyranyan əmindir ki, həqiqət xalqa çatdırılsaydı, indiki nəticələrlə müharibəni ilk günlərdən dayandırmaq olardı.

AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti