"Vaksinasiya "Omikron"u yüngül keçirməyə kömək edir" - İsveç alimləri
"Nəticələrimiz peyvənd olunanların niyə "Omikron"u yüngül şəkildə keçirməsi haqqında daha aydın təsəvvür yaradır"- baş tədqiqatçı Markus Baqqert elmi portal "ScienceDaily"-ə müsahibəsində qeyd edib.
Məqalədə qeyd olunur ki, alimlər mRNK vaksinləri ilə peyvənd olunmuş insanlar üzərində tədqiqat aparıblar. Tədqiqatda ümumilikdə 128 nəfər iştirak edib. Onlar üç qrupa bölünüblər: peyvənd olunanlar, COVID-19 keçirənlər və əvvəllər virusa yoluxmayan və peyvənd olunmayanlar.
Peyvənd edilmiş qrupdan nümunələr peyvəndin ikinci dozasından altı ay sonra götürülüb. Əvvəllər virusa yoluxmuş qrupdan isə nümunələr doqquz ay sonra, yəni "Omikron" ştammı xəbəri çıxana qədər analiz edilib
Alimlərin gəldiyi nəticəyə görə, hər iki qrupdakı şəxslərin T-hüceyrələri "Omikron" tikanabənzər zülalını yaxşı tanımaq qabiliyyətini nümayiş etdirib. Lakin, ən yaxşı nəticə peyvənd olunmuş qrupda müşahidə edilib.
Daha əvvəl ÜST koronavirusun "Omikron" ştammının digər variantlardan daha sürətli yayıldığı və peyvənd olunmuş, sağalmış insanların da infeksiyaya yoluxduğunu bildirmişdi. Sentyabrın sonunda ÜST SARS-CoV-2-dən ölüm hallarının profilaktik immunizasiyadan imtina ilə əlaqəli olduğunu elan etmişdi.
İbrahim Məmmədov
AzVision.az
Teqlər: Omikron