İspaniyada 9 partiya Qara dənizə gəmilər göndərilməsinə qarşı çıxıb

İspaniyada 9 partiya Qara dənizə gəmilər göndərilməsinə qarşı çıxıb
  22 Yanvar 2022    Oxunub:473
İspaniyanın doqquz siyasi partiyası NATO missiyası çərçivəsində krallığın gəmilərinin Qara dənizə göndərilməsinə və Bolqarıstanda qırıcı təyyarələrin yerləşdirilməsinə qarşı çıxıb.
AzVision.az xəbər verir ki, bununla bağlı qəbul edilmiş birgə bəyanat ölkənin koalisiya hökumətinin bir hissəsi olan solçu “Podemos” ("Biz bacarırıq") siyasi qüvvəsi tərəfindən “Twitter” də yayılıb.

Sənədi imzalayan tərəflər Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Rusiya ilə ABŞ arasında gərginliyin artmasından narahat olduqlarını bildiriblər.

"Biz suveren dövlətə qarşı hər hansı təhdid və ya hərbi təcavüzü, habelə NATO çərçivəsində Qara dənizə və Bolqarıstana ispan qoşunlarının göndərilməsini tamamilə rədd edirik. Bu münaqişə yalnız dialoq yolu ilə həll edilə bilər", - bəyanatda deyilir.

Cümə axşamı İspaniyanın müdafiə naziri Marqarita Robles NATO-nun Qara dənizə missiyası çərçivəsində iki gəminin göndərilməsini sürətləndirmək qərarını açıqlayıb. Nazirin sözlərinə görə, krallığın Bolqarıstandakı alyans missiyasında iştirakının mümkünlüyü qiymətləndirilir.

Son zamanlar Qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukrayna ərazisinə mümkün müdaxiləsi ilə bağlı bəyanatlar səslənir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür məlumatları boş və əsassız adlandırıb. O vurğulayıb ki, Rusiya heç kim üçün təhlükə yaratmır. Eyni zamanda, bu cür bəyanatlara haqq qazandırmaq üçün təxribatların mümkünlüyünü də istisna etməyib. Rəsmi Moskva Ukraynanın cənub-şərqindəki böhranın həlli üçün gücdən istifadə cəhdlərinin ən ağır nəticələrinin olacağı barədə xəbərdarlıq edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: İspaniya   NATO  





Xəbər lenti