DSMF-nin büdcədən asılılığı azalıb, amma bir sual qalır – TƏHLİL

 DSMF-nin büdcədən asılılığı azalıb, amma bir sual qalır –  TƏHLİL
  26 Yanvar 2022    Oxunub:2156
Son illər ərzində ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində budcə-vergi (fiskal) siyasəti sahəsində dəyişikliklərin nəticəsi daha çox diqqəti cəlb edir. Söhbət qeyri-neft sektorunda gəlirlərin artmasından deyil, bir sıra vacib Fondlara transfertdən və mədaxildən gedir. Konkret desəm, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) köçürmələrdən.
Belə demək mümkündürsə, neçə illər ərzində bütün cəhdlərə və çalışmalara rəğmən, Neft Fondundan dövlət büdcəsinə trasfertin artmasına baxmayaraq, pensiya fonduna büdcədən ödənişlər azalır. Və bu çox sevindirici haldır. Sözügedən tendensiya ölkə tarixində irimiqyaslı sosial-iqtisadi islahatlar ili kimi yadda qalan 2019-cu ildən müşahidə edilir.

Xatırladım ki, həmin ildə Vergi Məcəlləsinə 300-ə yaxın dəyişikliklər edilərək, vergi və məcburi dövlət sosial ayırma məbləğlərinin toplanması mexanizmində yeni qaydalar təsbit olundu. Nəticədə həmin il ərzində dövlət büdcəsinə edilən dəyişikliklərdən biri məhz DSMF-ə nəzərdə tutulan transfertin 150 milyon manat məbləğində azaldılması oldu. Halbuki, 2019-cu ildə minimum pensiya məbləği iki dəfə artırılaraq, ilin əvvəlindən bütün əmək pensiyaları və o cümlədən, sığorta pensiya kapitalları məbləğləri indeksləşdirilmişdi.

Bu tendensiya davamlı xarakter daşımağa başladı. 2020-ci ildə dövlət büdcəsindən DSMF-ə transfert məbləği əvvəlki ildəki azaldılmamışdan qabaqkı məbləğə nəzərən 30 faiz, ilin ortasında azaldıqdan sonrakı məbləğə görə isə təxminən 12 faiz az həyata keçirildi. Həmçinin, 2021-ci ildə, yəni keçən il də DSMF-in maliyyə sənədini balanslaşdırmaq məqsədilə dövlət büdcəsinin öhdəliklərini maliyyələşdirilmək üçün ayrılan vəsait 1 milyard 631 milyon 530 min 950 manat nəzərdə tutulmaqla 27 faiz aşağı məbləğdə götürüldü. Bu il üçün də, sözügedən Fondun büdcəsini balanslaşdırmaq məqsədilə dövlətin əsas maliyyə sənədindən 1 milyard 145 milyon 967 min 169 manat transfert nəzərdə tutulub ki, bu da keçən ildəki məbləğdən 30 faiz aşağıdır.

Ümumiyyətlə, DSMF-in 2018-2020-ci illərdə dövlət büdcəsindən asılılığı 10 faizdən çox azalaraq 1 milyard 303 milyon manatdan 1 milyard 178 milyon manata düşüb. Bu, sözsüz, gəlirlərin artması nəticəsində baş verdi. Göstərilən dövr ərzində DSMF-in gəlirlərində 39 faiz və ya 1 milyard 327 milyon manat artım qeydə alınıb ki, 2020-ci ildə 4 milyard 748 milyon manat təşkil edib.

Məcburi dövlət sosial sığorta ayırmaları və yaxud haqqları üzrə mədaxilin artmasının səbəbi nə idi? Cavab sadədir: birincisi, əmək haqqları artırıldı, ikincisi, məşğulluq genişləndi, nəhayət üçüncüsü isə, əmək müqavilələri və yaxud münasibətlərinin leqallaşması, başqa sözlə desəm, üzə çıxması baş verdi. Sözügedən fonda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda son illər ərzində ciddi artım məhz bu səbəblərlə izah edilməlidir.

Sosial sığorta daxilolmalarının həcminə diqqət yetirək: 2017-ci ildə 2085,7 milyon manat, 2018-ci ildə 2327,1 milyon manat, 2019-cu ildə 2921,6 milyon manat, 2020-ci ildə 3553,2 milyon manat, 2021-ci ildə isə 3843,4 milyon manat... Göründüyü kimi, qeyd olunan illər ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 84,3 faiz və yaxud 1757,68 milyon manat artım baş verib.

Bu zaman diqqəti cəlb edən ən müsbət məqam isə ondan ibarətdir ki, daxilolmaların ötən il 63,5 faizi və ya 2441,2 milyon manatı özəl sektorun payına düşüb. Bu da ki, 2017-ci ilə nisbətən 1103,8 milyon manat və ya 82,5 faiz çox deməkdir. İslahatın və xüsusən də mexanizm dəyişikliklərinin nə qədər səmərəli olduğu aydın görünürmü?! Sözsüz ki, bəli.

Ümumiyyətlə, hələ 2019-cu ildəki dəyişikliklərə və islahatlaradək dəfələrlə yazmışdım ki, məcburi dövlət sosial sığorta ödənişi üzrə mövcud mexanizmdə işçi ilə işəgötürən arasında nisbətin ədalətli şəkildə bölünməsinə nail olmasaq, ölkədə sığorta-pensiya sistemi sahəsində bir addım da olsa irəli gedə bilməyəcəyik. Bunu təmin etməyin yeganə çıxış yolu isə fiziki şəxslərdən gəlir vergisi üzrə müvafiq dəyişikliklərdən keçirdi. Çünki digər yol əməkhaqqlarının yüksəldilməsi idi ki, bu istiqamətdə kortəbii addımlar atmaq mümkün deyildi.

Odur ki, ayda 2500 manatadək gəliri olanlar üçün 3+22 faiz nisbəti üzrə məcburi dövlət sosial sığorta ayırmasına dair əvvəlki mexanizmdə işçinin üzərinə düşən yükü artırmaqla işəgötürəninkini azaltmaq, yükü artırılan ödəyicinin isə həm də gəlirini, yəni, maaşını yüksəltmək eyni zamanda həyata keçirilməli idi.

Ümumiyyətlə, bu məsələ - yəni, fiziki şəxslərdən gəlir vergisi qaydasının üzərinə getməklə sosial sığorta ödəmə mexanizmini dəyişmək 2019-cu ilədək çox gecikmiş addım idi. Çünki bu, ümumən vergi sahəsində və sistemində islahatlar tələb edirdi. Fiziki şəxslərdən gəlir vergisi dərəcələri fonunda addım atmaq tələb olunurdu ki, məhz belə də edildi.

Sözsüz, işəgötürənin əməkhaqqı fondundan 22, işçilərin maaşlarından isə 3 faiz ayırma hüquqi şəxslər üçün ağır yük sayılırdı. Paralel olaraqsa, gəliri 2500 manatadək olanlar üçün 14 faiz vergi ödənişi kifayət qədər böyük məbləğ idi. Digər ödənişlər də daxil, aylıq gəlirdən ümumən, 40 faizlik ödəniş yükü... Əmək haqlarının gizlədilməsi, ikili mühasibat və əmək müqavilələrinin bağlanmaması kimi amillər də məhz bu üzdən ortaya çıxırdı. Vergi yükünün ağırlığı, sığorta-yığım sisteminin təkmil olmaması səbəbindən nə işəgötürəndə, nə də işçidə əmək müqaviləsi ilə işləməyə maraq yox idi və ola da bilməzdi.

Odur ki, müvafiq vergi islahatları çərçivəsində fiziki şəxslərdən gəlir vergisinə dair dəyişikliklərlə məcburi sosial sığorta ödəmələrinə aid yeniliklərin də bərabər çərçivədə götürülməsi mühüm hadisə oldu. Və bunun səmərəsi özünü dərhal göstərdi.
Fikrimi ona gətirirəm ki, Neft Fondu üzrə də büdcəyə hər il üzrə köçürmənin, başqa sözlə desəm, transfertin mərhələlərlə azalmasına nail olsaq, Azərbaycan iqtisadiyyatına heç bir kənar amil təsir göstərə bilməz. Bunun üçün isə nə lazımdır? İslahat!..


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: DSMF  





Xəbər lenti