Rusiya-NATO: Ziddiyyətin xronikası

// Gərginlik hansı mərhələlərdən keçib...

   Rusiya-NATO:    Ziddiyyətin xronikası
  27 Yanvar 2022    Oxunub:2349
2021-ci ilin dekabrın ortalarında Moskva ABŞ və NATO ölkələrinə “təhlükəsizliyin təmin edilməsinə dair saziş” layihəsi göndərmişdi. Sənədin əsas ideyası NATO-nun şərqə doğru genişlənməkdən, Ukrayna və digər postsovet dövlətlərinin Alyansa qəbulundan imtinasını hüquqi cəhətdən təmin etmək idi. Bundan əlavə, Rusiya NATO-ya üzv dövlətlərdən Şərqi Avropa, Zaqafqaziya və Mərkəzi Asiya dövlətləri ərazisində hər hansı hərbi fəaliyyətdən çəkinməyi tələb etmişdi.
2022-ci il yanvarın 12-də Brüsseldə Şimali Atlantika Alyansının qərargahında Rusiya-NATO Şurasının iki ildən artıq davam edən fasilədən sonra ilk iclası keçirilmişdi. Danışıqlar üç saat planlaşdırılsa da, təxminən dörd saat davam edib. NATO-nun baş katibi Yens Stoltenberqin çıxışından sonra Rusiyanın Xarici İşlər və Müdafiə nazirlikləri onun fikirlərini şərh ediblər. Hər iki tərəf Avropada yeni silahlı münaqişə riskini qəbul edib. Bu görüş Rusiya ilə Qərb ölkələri arasında keçirilən üç təhlükəsizlik tədbirindən ikincisidir. Birinci görüş yanvarın 10-da Rusiya və Amerika nümayəndə heyətləri arasında Cenevrədə baş tutdu, yanvarın 13-də isə Vyanada ATƏT danışıqları keçirildi.


Brüsseldə Rusiya tərəfini xarici işlər nazirinin müavini Aleksandr Qruşko və müdafiə nazirinin müavini Aleksandr Fomin, ABŞ-ı dövlət katibinin müavini Uendi Şerman, digər ölkələri isə yüksək səviyyəli diplomatlar təmsil ediblər. İclasa NATO-nun baş katibi Stoltenberq sədrlik edib. Əsas müzakirə mövzuları Cenevrədəki görüşdə olduğu kimi idi: Rusiya NATO-dan genişlənməməsi, Şimali Atlantika Alyansı isə Rusiyadan Ukraynaya təcavüz etməməsi barədə zəmanət almağa çalışırdı.

Yanvarın 26-da ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan Moskvanın təhlükəsizlik zəmanəti tələblərinə Vaşinqtonun verdiyi yazılı cavabı Xarici İşlər Nazirliyinə çatdırıb. O, iki sənəd verib – onlardan biri ABŞ-dan, ikincisi NATO-dandır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 27-də jurnalistlərə açıqlamasında deyib ki, Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə Amerikanın cavabı müsbət olmayıb.

- Sənədin məzmununa gəlincə, orada ciddi söhbətə başlamağa, ikinci dərəcəli məsələlərə ümid etməyə imkan verən reaksiyalar var. Ancaq əsas məsələyə müsbət reaksiya yoxdur. Əsas məsələ NATO-nun şərqə doğru daha da genişlənməsinin yolverilməzliyi ilə bağlı aydın mövqeyimizdir, - Lavrov bildirib.


Rusiyalı nazir qeyd edib ki, 1990-cı illərdə Rusiyaya “NATO-nun Oder çayının şərqinə qədər genişləndirilməyəcəyinə dair and içiblər. “Hazırda bu mövzu çox kəskin şəkildə müzakirə olunmağa başladığı üçün bizə əvvəlcə bu təminatların şifahi olduğunu, sonra isə tam ciddi olmadığıni dedilər. Onlar Alyansın qeyri-məhdud genişlənməsi ilə bağlı mövqelərini heç də yetkin insanlar kimi izah etmirlər”, - Lavrov bildirib.

Stoltenberqin Rusiya ilə münasibətlər haqqında dedikləri:

○ NATO müttəfiqləri ilə Rusiya arasında ciddi fikir ayrılıqları var. Onların aradan qaldırılması asan olmayacaq, ancaq dialoqa başlamaq lazım idi;

○ Biz Avropa təhlükəsizliyinin fundamental prinsiplərində güzəştə getməyə hazır deyilik – Alyansa qoşulub-qoşulmamağa dövlətlər özləri qərar verməlidirlər;

○ Rusiya Avropada yerləşdirilən orta və qısa mənzilli raketlərin ləğvi haqqında Müqaviləni pozub;

○ Rusiya qoşunları Gürcüstanda, Ukraynada, Krımda və Moldovada bu ölkə hökumətlərinin razılığı olmadan mövcuddur;

○ Rusiya Avropa ölkələri ərazisində kimyəvi silahdan istifadə edib, öz ölkəsində demokratik müxalifəti sıxışdırır.



Avropada münaqişə təhlükəsi haqqında:

○ Avropada yeni silahlı münaqişə riski var;

○ NATO Rusiya ilə nüvə siyasəti, raketlərin qarşılıqlı məhdudlaşdırılması və s. məsələləri müzakirə etməkdə maraqlıdır. Biz Rusiyaya siqnal göndərdik ki, güc tətbiq etsə, ciddi siyasi və iqtisadi nəticələr olacaq. Biz müttəfiqlərimizi qoruyacağıq.

Ukrayna haqqında fikirləri:
Rusiyanın tələbi rədd edildi: Sonra nə olacaq - Amerikalı ekspert

○ NATO müttəfiqləri yekdilliklə bildirirlər ki, Rusiyanın Ukraynanın alyansa daxil olmasına veto qoymaq hüququ yoxdur... Biz Kiyevi dəstəkləməyə hazırıq;

○ Bütün üzv dövlətlər hər bir dövlətin öz yolunu seçmək hüququna malik olması haqda əsas prinsip ətrafında birləşiblər... Müttəfiqlər həmçinin hesab edirlər ki, Ukraynanın NATO üzvlüyünə nə vaxt hazır olduğuna yalnız o özü və alyans üzrə 30 müttəfiq qərar verə bilər, başqa heç kəs. Rusiya Ukraynanın NATO-ya daxil olmasına veto qoya bilməz;

○ Rusiya artıq Ukraynaya qarşı hərbi güc tətbiq edib, 2014-cü ildə Ukraynanın bir hissəsini – Krımı işğal edib, Donbasda eskalasiyasını davam etdirir;

○ Ukrayna Rusiya üçün təhlükə yaratmır. Rusiya qüdrətli nüvə ölkəsidir, bu böhranı o yaradıb. Ukraynanın müdafiə olunmaq hüququ var - NATO bir təşkilat olaraq bu işdə ona kömək edir;

○ Əgər Rusiya yenidən Ukraynaya qarşı güc tətbiq etsə, biz orada mövcudluğumuzu artırmaq barədə ciddi düşünəcəyik;

Müzakirələr haqqında

○ Biz bir sıra görüşlər təklif etdik. Rusiya tərəfi bu ideyaya müsbət reaksiya verdi, lakin dəqiq cavab üçün vaxt lazım olduğunu bildirdi;

○ NATO-nun müttəfiqləri mülki və hərbi kommunikasiya kanallarını inkişaf etdirmək, eləcə də Moskva və Brüsseldəki missiyalarımızı bərpa etmək imkanlarını tapmaqda maraqlıdırlar;

○ Rusiyanın NATO-dakı diplomatik missiyasını bağlamasına təəssüflənirik, onların NATO-nun Moskvadakı ofisini bağladıqlarına da təəssüf edirik”.

Şermanın dedikləri

Bazar ertəsi Cenevrədə Rusiya nümayəndələri ilə danışıq aparan ABŞ dövlət katibinin müavini Uendi Şerman Rusiya-NATO şurasında Rusiya nümayəndə heyətindən yeni heç nə eşitmədiyini deyib. Onun sözlərinə görə, ABŞ və NATO-dakı müttəfiqləri Rusiyanın bəzi təkliflərini qəbuledilməz sayırlar (hansı təkliflər olduğunu konkretləşdirməyib). "Alyans açıq qapı siyasətindən əl çəkməyəcək", - Şerman Stoltenberqdən sonra təkrar edib.


- Ukrayna ətrafında böhran kəskinləşərsə, Rusiya üçün nəticələr 2014-cü ildəkindən qat-qat ağır olacaq, - amerikalı diplomat əlavə edib. Onun fikrincə, “Şimal axını-2”nin işə salınması mümkün olmayacaq.

Şerman onu da bildirib ki, Rusiya ilə əməkdaşlıq imkanları var, xüsusən də, silahlara nəzarət və münaqişələrin həlli sahəsində.

Çərşənbə günü ABŞ Senatına Rusiyaya qarşı yeni sanksiyaları və Ukraynanın Moskvanın təcavüzünə məruz qalacağı təqdirdə ona hərbi yardım göstərilməsini nəzərdə tutan qanun layihəsini təqdim edilib.

Moskvanın mövqeyi

Rusiyanın Müdafiə Nazirliyi nazir müavini Fominin iclasdakı çıxışının tezislərini dərc edib, daha sonra xarici işlər nazirinin müavini Qruşko Brüsseldə mətbuat konfransı keçirib. NATO-nun baş katibi kimi, onlar da Avropada münaqişə təhlükəsini etiraf ediblər.

- Rusiya-NATO münasibətləri kritik dərəcədə aşağı səviyyədədir, Moskva deeskalasiya tədbirləri təklif edib, lakin onlara məhəl qoyulmayıb, bu isə insidentlər və münaqişələr üçün ilkin şərtlər yaradır", - Rusiya müdafiə nazirinin müavini deyib.

Rusiyanın Müdafiə Nazirliyi əsas hesab etdiyi üç məsələni qeyd edib: birincisi, NATO Ukrayna və digər ölkələr hesabına şərqə doğru genişlənməyəcəyinə zəmanət verməlidir, ikincisi, ABŞ yeni orta və qısa mənzilli raketlərini Avropada yerləşdirməmək barədə öhdəlik götürməlidir, üçüncüsü də, Avropada hərbi fəaliyyət məhdudlaşdırılmalı və “öncül əsaslı kontingentlərin” yaradılması istisna edilməlidir.

Rusiya xarici işlər nazirinin müavini jurnalistlərə bildirib ki, Ukraynanın NATO-ya daxil olma məsələsini seçim azadlığı hesab etmir. Moskva bunu təhlükə kimi görür.

- NATO-nun genişlənməsi təhlükəsizliyimizi ciddi şəkildə təhdid edir, bizə qəbuledilməz risklər yaradır, biz buna qarşı çıxacağıq”, - Qruşko bildirib. Onun sözlərinə görə, rusiyalı nümayəndələr vəziyyətin belə davam etməsinin Avropanın təhlükəsizliyi üçün ən ağır nəticələrə gətirib çıxara biləcəyi barədə xəbərdarlıq ediblər. Diplomat ümid edir ki, vəziyyətin “dözülməz” olduğunu alyans üzvlərinə çatdırmağa nail olublar.
- ABŞ və müttəfiqləri bütün əməliyyat sahələrində - quruda, hava məkanında, dəniz məkanında, indi isə kosmosda və kiber məkanda üstünlük əldə etməyə çalışırlar, - Qruşko bildirib. - Nüvə silahının istifadəsinin konseptual, operativ və texniki həddi aşağı salınır.

Moskva NATO-nun Brüsseldəki missiyalarının işini bərpa etmək təklifini də nəzərə alıb, amma hələ ki, cavab verməyib.

Rusiya-NATO Şurası

Rusiya-NATO Şurası 2002-ci ildə müdafiə və təhlükəsizlik siyasəti sahəsində əməkdaşlığı təkmilləşdirmək üçün yaradılıb. Bu şurada hərbi-texniki əməkdaşlıq və birgə təlimlərin keçirilməsi haqqında bir sıra sazişlər imzalanıb.

Onun iştirakçıları arasında ilk ciddi fikir ayrılıqları 2008-ci ilin avqustunda - NATO-nun Rusiyanın Gürcüstana qarşı hərbi təcavüzü kimi qiymətləndirdiyi hərbi münaqişədən sonra başlayıb. Sonra şuranın işi dayandırıldı, lakin altı ay sonra nazirlər səviyyəsində bərpa edildi.

2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqı yeni mübahisələrə səbəb oldu. Buna cavab olaraq NATO ölkələri Moskva ilə bütün hərbi və mülki əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırdılar. “Soyuq müharibə” başa çatdıqdan sonra Rusiya ilk dəfə NATO sammitinə dəvət olunmadı və onunla şura çərçivəsində əlaqələr diplomatik səviyyəli təmaslarla məhdudlaşdı.

NATO-Rusiya Şurasının sonuncu iclası 2019-cu ildə keçirilib.

2021-ci ilin oktyabrında uçurum daha da dərinləşdi. Əvvəlcə NATO rəhbərliyi Rusiyanın təşkilatdakı missiyasını yarıya endirmək, səkkiz diplomatı ölkədən çıxarmaq və daha iki vəzifəni ləğv etmək qərarına gəldi. Stoltenberq qovulan əməkdaşları “Rusiya kəşfiyyatının elan olunmamış işçiləri” adlandırdı.

Rusiya da öz növbəsində, NATO-dakı nümayəndəliyinin işini və Alyansın Moskvadakı hərbi missiyasının və informasiya bürosunun fəaliyyətini dayandırdı.

Brüsseldəki danışıqlardan sonra NATO-nun baş katibi Alyansın Moskvadakı ofisini yenidən açmağa hazır olduğunu və Rusiya missiyasının Brüsseldəki işinin bərpası üçün ilkin şərt qoyulmadığını bildirib.


Nadir Qocabəyli
AzVision.az



Teqlər:   NATO   Rusiya   ABŞ  





Xəbər lenti