Dağlardakı sübut: Azərbaycan-Ermənistan sərhədi buradan keçib – FOTOLAR

      Dağlardakı sübut:    Azərbaycan-Ermənistan sərhədi buradan keçib –    FOTOLAR
  28 Yanvar 2022    Oxunub:12164
Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və sonrakı demarkasiya məsələsinin həlli üçün Rusiya tərəfindən əsas sənəd kimi təklif edilən keçmiş SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının xəritələri (daha doğrusu, bu xəritələrin son, 1984-cü ilə aid düzəliş edilən versiyası) hələ də müzakirə predmeti olaraq qalır.
Müxtəlif "vasitəçilərin" ara-sıra verdikləri açıqlamalara baxmayaraq, nə birgə komissiya, nə də, ümumi həll konsepsiyası üzərində iş başlayıb. Çünki bunun üçün hərtərəfli sülh müqaviləsi və ilkin diplomatik münasibətlərin qurulması vacibdir. Buna baxmayaraq, 44 günlük müharibədən sonra azad olunmuş Laçın və Kəlbəcər rayonları istiqamətindəki ilkin sərhəd bölgüsü, daha dəqiqi, əsl istehkam xəttinin qurulması artıq başa çatıb və bölmələrimiz burada Vətənin hüdudlarının qorunması istiqamətində gərgin iş aparır.


2020-ci ilin 14-16 noyabrında keçirilən xüsusi ildırımsürətli əməliyyatdan sonra postlarımız Qərbi Azərbaycanın Buzovçugüney və Şərqi Göyçə dağ silsilələrinin strateji yüksəkliklərində quruldu, Qaragöl-Cinligöl və Kilsəli dağ istiqamətindəki dayaq məntəqələrimiz isə relyef üzrə daha əlverişli istiqamətlərə çıxarıldı. Nəticədə Azərbaycan Ordusu Ermənistanın dərinliyindəki Dulus su anbarına, Dulus, Ağkənd, Ərəvis və Dığ kəndlərinə, Şəki, Qızılcıq və Qarakilsə şəhərlərinə, onların yaxınlığından keçən 38 kilometrlik şimal-şərq (Qarakilsə-Gorus) trassına vizual nəzarəti tam ələ keçirdi.


Bu o deməkdir ki, lazım olsa, Silahlı Qüvvələrimiz Kilsəlidağ istiqamətindən Naxçıvana qədər olan məsafəni daha da azaltmaq və nəinki Laçın dəhlizinə girişi, o cümlədən, Ermənistanın şimalı ilə cənubunun arasındakı avtomobil hərəkətini lokal olaraq kəsmək, vizual nəzarəti isə atəş üstünlüyünə çevirmək iqtidarındadır.


İstiqamət üzrə dəyişən operativ vəziyyəti nəzərdən keçirmək üçün Qərbi Azərbaycanın Zəngəzur mahalının Xəzinəvar kəndi istiqamətinə ezam olunduğum zaman orada dəniz səviyyəsindən 1600 m yüksəklikdə yerləşən adsız təpədə qurulan dayaq məntəqəmizin ən yüksək nöqtəsində basdırılan maraqlı artefaktla rastlaşdım.


Bu keçmiş ittifaq respublikalarının inzibati hüdudlarını müəyyən edən beton sütündur ki, münaqişənin başlaması mərhələsində ermənilər onu dağırtmaq istəyiblıər. Amma işğalçılar SSRİ gerbi əks olunan sərhəd göstəricisini kəsib-yıxmağa çalışsalar da, buna nail ola bilməyiblər. Artefaktın mərkəzindəki deformasiyaya uğramış armatur onların müdaxilə izlərini hələ də qorumaqdadır.

Ola bilsin ki, nə vaxtsa bu tarixi obyekt Azərbaycan Respublikası ilə hazırkı Ermənistanın yerləşdiyi Qərbi Azərbaycanın sərhədlərini müəyyən etməyə yardım edəcək. Hələlik isə yüksək dağ postlarımızda əsgərimiz düşmənlə üz-üzə, barmağı tətikdə növbə çəkirlər...

Hans Kloss ©
foto: Polygon Azerbaijan
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Sərhəd   Delimitasiya  





Xəbər lenti