Xəzər nə qədər çəkilə bilər? Ehtimallara rəsmi baxış

// Rasim Səttarzadə: “Bu prosesi idarə etmək mümkün deyil”

      Xəzər nə qədər çəkilə bilər?  Ehtimallara rəsmi baxış
  30 Yanvar 2022    Oxunub:3237
XXI əsrdə müşahidə edilən iqlim dəyişmələri, qlobal istiləşmə nəticəsində dəniz və göllərdə suyun səviyyəsi aşağı düşür. Xüsusilə dünya okeanına çıxışı olmayan göllər iqlim dəyişikliyinə daha həssasdır, çünki onların su səviyyələri incə balansla – suyun gölə daxil olması və buxarlanması ilə müəyyən edilir.
Məşhur “Nature” jurnalı Xəzər dənizinin yaxın 60-70 ildə gözləyən problemlə bağlı məqalə dərc edib. Qərb alimlərinin araşdırmalarına əsasən, Xəzər dənizinin su səviyyəsinin sürətlə azalması ilə bağlı həyəcan təbili çalınmalıdır. Məqalədə qeyd edilir ki, bu əsrin sonuna qədər Xəzər dənizinin səviyyəsinin orta və yüksək emissiya ssenariləri üzrə 9-18 m aşağı düşəcəyi proqnozlaşdırılır. XXI əsrdə Xəzər dənizinin səviyyəsinin azalması əvvəlki iqlim modellərinə əsaslanan proqnozlardan təxminən iki dəfə böyük olacaq. Su səthinin 9–18 m. enməsi şimalda Xəzər şelfinin, cənub-şərqdə Türkmən şelfinin, bütün sahilyanı ərazilərin dəniz səthinin altından çıxması demək olacaq. Bundan əlavə, Xəzərin şərq hissəsindəki Qaraboğazgöl körfəzi tamamilə quruyacaq. Ümumilikdə, Xəzər dənizinin səthinin sahəsi 23%-34% azalacaq.

Bəs Xəzəri gözləyən ekoloji problemlə bağlı Azərbaycanın proqnozları necədir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri Rasim Səttərzadə bildirib ki, Xəzər dənizi qapalı su hövzəsi olduğu üçün onun səviyyəsində periodik dəyişmələr labüddür. Səviyyə tərəddüdü əsasən dənizin su balansı elementləri – qidalandıran çaylar, düşən yağıntının miqdarı, buxarlanmanın səviyyəsinə bağlıdır. Dənizin dibində baş verən teknotik hərəkətlər də səviyyə dəyişməsinə təsir edən amillərdəndir:

- Burada fəsli dəyişmələri də qeyd etməliyik. Belə ki, il ərzində fərq 30-40 sm intervalında dəyişə bilər. Dənizin su səviyyəsi çayların gursululuq dövründə - iyun-avqust aylarında yüksək həddində olur. Ən aşağı səviyyə isə dekabr-fevral aylarında müşahidə edilir. Tarxi dövrləri götürsək, məsələn, son 100 ildə səviyyə fərqi 3 m, 200 ildə isə 3,5 m intervalında dəyişib. Bəzi mənbələrə görə, 3500 il ərzində Xəzər dənizinin səviyyəsi təxminən 15 m intervalında qalxıb-düşüb.

Onun sözlərinə görə, 1977-1995-ci illərdə Xəzər dənizinin səviyyəsi 2,5 m qalxıb. 1975-ci ildən qabaq isə Xəzər XX əsrin ən aşağı səviyyəsində olub. Həmin dövrdə suyun səviyyəsi indikindən də 1 m aşağı idi: “Xəzər dənizinin Azərbaycan hissəsində - sahildə, açıq dənizdə, adalarda nazirliyin hidrometreoloji xidməti tərəfindən araşdırmalar həyata keçirilir. Müşahidələrə əsasən, 1995-ci ilə qədər dənizin səviyyəsi 2,5 m qalxıb. 2005-ci ildən bu günə qədər enmə müşahidə olunur ki, bu da ildə 7 sm-ə bərabərdir və indiyə qədər dəniz səviyyəsi 1,5 m azalıb”.

R.Səttarzadə deyir ki, Xəzər dənizinin səviyyəsi ilə bağlı çoxlu fərziyyələr var. Lakin bu sahəni tədqiq edən alimlərin fikrincə, dəniz səviyyəsinin dəyişməsi ilə bağlı uzunmüddətli proqnoz vermək mümkün deyil: “Əvvəllər də belə proqnozlar verilib və onlar özlərini doğrultmayıb. Müxtəlif proqramlar var, bir proqramlara hansısa tarixi rəqəmləri daxil edirsən və ümumi nəticə alırsan, digər proqramda başqa ssenarilər üzrə nəticə fərqli olur. Bəzi məqalələr ehtimal edilən çoxsaylı ssenarilərdən biri kimi qiymətləndirilə bilər. Səviyyə tərəddüdünə gətirib çıxaran kifayət qədər amillər var ki, onlarda belə qeyri-müəyyənliklər mövcuddur. Bunları da nəzərə alsaq, uzunmüddətli proqnoza bir qədər ehtiyatı yanaşmaq lazımdır.

Ekspert təsdiqləyir ki, iqlim dəyişməsinin hansı istiqamətdə getdiyini nəzərə alaraq, Xəzərin səviyyəsində azalma tendensiyasının artma tendensiyasından bir qədər artıq olduğunu deyə bilərik. Amma eynilə belə vəziyyətlərdə tarixən dəniz səviyyəsinin artması da müşahidə olunub. Çoxlu məqamlar var. Onları tam dəqiqliyi ilə 5-10 il əvvəldən proqnozlaşdırmaq çətindir. Xəzəryanı ölkələrin alimləri, iqlimşünaslar bu istiqamətdə araşdırmalar aparırlar. Səviyyənin düşməsi proqnozlar ilə yanaşı, qalxması ilə bağlı da proqnozlar var.

ETSN rəsmisinin sözlərinə görə, Xəzərin səviyyəsinin dəyişməsinin onun ətraf mühitinə, xüsusilə təsərrüfat sahələrinə, dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsirləri də var. Ona görə həmin fəaliyyətləri planlaşdırılan zaman bütün bunlar nəzərə alınmalıdır: “Dəniz səviyyəsi üzərində hidrometereoloji müşahidələri mütəmadi aparırıq və dənizlə bağlı olan qurumlara məlumat verilir ki, işlərində və planlaşdırılan layihələrində bu məsələləri nəzərə alsınlar. Tərəddüdlərin daim baş verəcəyinə adaptasiya olunmaq lazımdır. Xəzər dənizinin səviyyəsinin dəyişməsi ətraf mühit, biomüxtəliflik, insan fəaliyyəti üçün mənfi amildir. Lakin biz bunu idarə edə bilmərik”.

R.Səttarzadə vurğulayıb ki, Xəzər dənizinin problemləri təkcə Azərbaycanın deyil, 5 ölkənin problemləridir: “2006-ci ildən qüvvədə olan “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası sənədi əsasında Xəzəryanı ölkələr müxtəlif ekoloji sahələr, o cümlədən Xəzər dənizinin səviyyəsinin tərəddüdü ilə bağlı birgə araşdırmaların, müzakirələrin aparılması və s. üzrə əməkdaşlıqlarını davam etdirirlər. Dənizin səviyyəsinin dəyişməsində antropogen amil qeyd edilə bilər, lakin bu o qədər də böyük deyil. Əhali sayı artır, təbii ki, su sərfiyyatı da artır. Eyni zamanda kənd təsərrüfatı sahələrində də suya tələbat çoxalır. Sudan istifadə artır, digər tərəfdən, iqlim dəyişməsi nəticəsində suyun həcmi azalır. Sözsüz ki, bu iki amil su ehtiyatlarının azalmasına gətirib çıxarır”.

“Nature” jurnalında dərc edilən proqnoz reallaşarsa, ekosistemə də ciddi təsir göstərəcək. Qışda dənizin şimal şelfindəki buz sahəsinin azalması nəsli kəsilməkdə olan Xəzər suitilərinin balalama yerlərinin yoxa çıxmasına səbəb olacaq. Bu da çox güman ki, ekosistemlərin topdan yenidən təşkilinə gətirib çıxaracaq və milyonlarla il ərzində hövzədə inkişaf edən unikal Xəzər biotasına təhlükə yaradacaq.

Aytən Zəhra Bağırzadə
AzVision.az


Teqlər: Xəzər  





Xəbər lenti