“2050-ci ildən sonra Xəzər yenidən qalxmağa başlayacaq” – Azərbaycanlı alim

   “2050-ci ildən sonra Xəzər yenidən qalxmağa başlayacaq” –    Azərbaycanlı alim
  31 Yanvar 2022    Oxunub:1881
Qərb ekoloqları Xəzərin səviyyəsinin azalması ilə bağlı fəlakət ssenariləri cızırlar. Onların modellərinə görə, əsrin sonuna görə, dənizində suyun səviyyəsi indikindən 9-18 metr aşağı olacaq. Bu isə dənizin təxminən 30 faizə qədərinin quruması deməkdir.
Amma Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitunun şöbə müdiri, coğrafiya elmlər doktoru, professor Əmir Əliyevin proqnozları nikbindir. Onun fikrincə, 2050-ci ilə qədər dənizin səviyyəsi 3 m azalacaq. Lakin 2050-ci ildən sonra yenidən Xəzərin səviyyəsi qalxacaq. Professor bunun aparılan arxeoloji qazıntılar, gəlinən elmi nəticələrə söykəndiyini vurğulayıb:

- Xəzər dənizi üzərində müşahidələr 1837-ci ildən aparılır. Bu müddətdə dənizin səviyyəsi 3 dəfə kəskin dəyişib: 1929-cu ildən 1977-ci ilə qədər dəniz səviyyəsi 3 m aşağı düşüb, 1977-ci ildən 1995-ci ilə qədər səviyyə 2,5 m artıb, 1996-cı ildən bu günə qədər 1,5 m aşağı düşüb. Bərpa edilmiş müxtəlif məlumatlar, aparılan arxeoloji qazıntılar əsasında müəyyən edilib ki, Xəzər dənizinin səviyyəsinin dəyişməsi 4 min il müddətində periodikliyə malik olub. Yəni təxminən 200-250 il ərzində səviyyə aşağı düşüb, bir o qədər müddət ərzində də yenidən qalxıb. Axırıncı ən yüksək səviyyə 1830-cu illərdə müşahidə edilib.
Gəlinən qənaətə görə, proses 200-250 il davam edəcəksə, dəniz səviyyəsi bugünkündən 3 metrə qədər aşağı düşə bilər. Bu, təxminən 2050-ci illərə qədər baş verəcək. 2050-ci ildən sonra isə Xəzər dənizinin səviyyəsində yenidən artma olacaq ki, bu da periodikliyin qalxma vəziyyətinə uyğun gəlir. Lakin 200-250 illik düşmə dövründə dənizdə qalxmalar da müşahidə oluna bilər ki, bunun təxminən 30 illik dövrlə baş verdiyi müəyyən edilib. Hər 30 ildən bir Xəzərin səviyyəsində 0,5 m-ə qədər qalxma ola bilər. Dənizin səviyyəsinin ən son yüksəlməsi 1995-ci ildə olubsa, təxminən 2030-2032-ci illərdə 0,5 m-ə qədər qalxma mümkündür.

Professor qeyd edib ki, Xəzərin bu tərəddüdü ətraf ərazilərə, infrastruktura, insanların fəaliyyətinə mənfi təsir göstərir. 1977-ci ildən dəniz səviyyəsi 3 m artanda təkcə Azərbaycanın təxminən 50 min ha ərazisi su altında qalıb: “Son 20 il ərzində dəniz səviyyəsinin çəkilməsi nəticəsində həmin ərazilər su altından çıxır. Lakin orada torpaq artıq şoranlaşıb və rekultivasiya olunmalıdır. Təkcə Xəzər dənizinin səviyyəsinin azalması mənfi təsir göstərmir, eyni zamanda, artması da ziyan vurur. Sonuncu 1977-1995-ci illərdə baş verən qalxma nəticəsində Azərbaycanın kənd təsərrüfatına, sənayesinə, neft təsərrüfatına və bütün ərazisinə dəyən ziyanın məbləği 2 milyard dollar həcmində dəyərləndirilib.

Hazırkı vəziyyətdə dənizin səviyyəsinin enməsinin ən böyük fəsadları yenə də sahil zonasına, neft sənayesinə, xüsusilə gəmiçiliyə olacaq. Gəmilərin limanlara yaxınlaşması xüsusi kanallar vasitəsilə olur, səviyyə aşağı düşdükcə kanallar dərinləşdirilməlidir.

Eyni zamanda balıqçılıq sənayesinə də mənfi təsir göstərəcək. Balıqların çay deltalarında yem bazası kəskin azalır. Xəzər dənizində çəkilmə nəticəsində bir sıra ərazilər, xüsusilə Xəzərin şimalında 10-20 km ərazi su altından çıxacaq.

Azərbaycan ərazisində ən böyük çəkilmələr Abşeron yarımadasının yuxarı hissəsində, Sumqayıt tərəfində olacaq, haradasa 100 m-ə qədər ərazi su altından çıxacaq. Çəkilmənin fəsadları Azərbaycanın cənub ərazilərində Neftçala, Kür çayı, Astaraya qədər olan ərazilərdə də müşahidə ediləcək”.

Yağıntıların azalması ilə yanaşı, dənizi qidalandıran çayların sululuğu da aşağı düşür. Ə.Əliyev qeyd edib ki, Xəzərə ən çox su gətirən Volqa çayının suyu 30 faiz azalıb:

- Volqanın Xəzərə ildə 300 kub km.-ə qədər su gətirən vaxtları olub, indi isə heç 200-ə çatmır. Bütün proseslər göstərir ki, səviyyə aşağı düşür və buna insanlar müdaxilə edə bilməzlər. Xəzər canlı orqanizmdir, həmişə səviyyəsi qalxıb-enir. Xəzərin qanunauyğunluğunu öyrənmək və onunla həmrəy olmaq lazımdır. Bu qalxıb-enmələrin qarşısını almaq mümkün deyil, çünki təbii prosesdir. İnsan amilinin təsiri qısa müddətdə lokal ərazilərdə olur, amma ümumi tendensiyanı dəyişdirə bilmir. Müəyyən vaxtlarda 1940-1960-cı ilə qədər Volqa üzərində 13 su anbarı tikilmişdi. Bunların doldurulmasına xeyli su sərf olunmuşdu. O müddətdə Xəzərin qalxması bir az ləngimişdi, lakin tamamilə qarşısı alınmamışdı.

Professor təklif edib ki, 5 dövlət dənizdə gedən prosesləri öyrənmək üçün vahid mərkəz yaratmalıdır. Dənizdə gedən prosesləri izləmək baxımından nəzarət sisteminin olması vacibdir. Milyonlarla insanın dolanışıq vasitələri və ərzaq təhlükəsizliyi Xəzər dənizindən asılı olduğundan, ekosistem xidmətlərinin itirilməsi kəskin sosial-iqtisadi nəticələrə səbəb olacaq və bütün regionun iqtisadiyyatlarına mənfi təsiri göstərəcək.

Əmir Əliyev dünya alimlərinin Xəzər dənizinin səviyyəsinin 9-18 m. aşağı düşməsi barədə proqnozlarının faktiki məlumatlara əsaslanmadığını və sadəcə model olduğunu qeyd edib: “Bizdə olan paleocoğrafi məlumatlar, arxeoloji məlumatlar və son 200 ilə qədər aparılan tədqiqatlar göstərir ki, belə dəyişmələr ola bilməz. 1977-ci ildə dəniz indikindən 1 m aşağı idi. Hansısa fəlakət oldu? Bu modellər insanlarda çaşqınlıq yaradır. Riyazi hesablama aparılır, amma real təbiət tamam başqadır. Onların proqnozuna görə, Xəzərin şimal hissəsi tamamilə quruyacaq. Belə bədbin proqnozları şəxsən qəbul etmirəm”.

Aytən Zəhra Bağırzadə
AzVision.az


Teqlər: Xəzər  





Xəbər lenti