Qəzetlər nədən yazır?

  03 Aprel 2013    Oxunub : 2290
Qəzetlər nədən yazır?

Bizim Yol

Abdolbari Gözəl “Milyarderlər İttifaqı”na qoşulur?


“Abdolbari Gözəlin ”Milyarderlər ittifaqı"na üzv olmağa çalışması ilə bağlı məlumatlar tamamilə yanlışdır və o, Heydər Əliyev yoluna sadiqdir". Bunu isə jurnalistlərə açıqlamasında “Azərsun Holdinq”in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afiq Səfərov bildirib. Onun sözlərinə görə, A.Gözəl xeyriyyəçi və iş adamı olmaqla yanaşı, ilk növbədə sədaqətli insandır və dostlarına həmişə sadiq olub: “Onun dostluqlarının tarixçəsi 30-40 ilə söykənir. Abdolbari Gözəl Heydər Əliyevlə də uzun müddətdən bəri dost olub və Azərbaycana investisiya yatırmasının səbəblərindən biri də bu dostluqdur. Onun maliyyə imkanları və təcrübəsi dünyanın istənilən ölkəsində biznes fəaliyyəti qurmağa və genişləndirməyə imkan verir. Heydər Əliyev yolundan dönmək Gözəlin əlifbasında yoxdur”. A.Səfərov qeyd edib ki, ümumiyyətlə, Azərbaycanda hər seçkiqabağı müxtəlif təşkilatlar, ittifaqlar yaradılır: “Amma ”Azərsun Holdinq" ailəsi Abdolbari Gözəl başda olmaqla, Heydər Əliyev irsinə sadiqdir və bu sədaqət növbəti seçkilərdə də özünü göstərəcək. Holdinq ətrafında birləşən insanlar zəhmətkeş, əli qabarlı, halal zəhmətlə dolanan və sədaqətli insanlardır. Belə insanların verdiyi səs cənab prezident üçün hansısa milyarderin verdiyi səsdən qat-qat əhəmiyyətlidir". A.Səfərov Abdolbari Gözəlin Söyün Sadıqovla görüşməyə cəhd etməsi barədə məlumatları da təkzib edib: “Abdolbari Gözəl Azərbaycanın dövlət maraqlarını müdafiə etmək üçün Putinlə də görüşə bilər. Lakin onun dünən ortaya çıxan adamla görüşməyə can atması gülüncdür və təxəyyülün məhsuludur”.


Milli Məclisdə “Facebook” narahatçılığı


“Bəzən Facebook-a elə eybəcər, əcaib-qəraib məsələlər yerləşdirilir ki, saf, təmiz gənclərimiz, uşaqlarımız özləri də bilmədən onların həqiqiliyinə inanırlar. Bunun müqabilində də ölkədə görülən ölçüyəgəlməz gözəl işlər, xalqın birbaşa rifahına təsir göstərən qanunlar kölgədə qalır”. Bunu aprelin 2-də parlamentin Sosial siyasət komitəsinin növbəti iclasında çıxışı zamanı adıçəkilən komitənin sədri Hadi Rəcəbli deyib. Komitə sədrinin sözlərinə görə, əslində Facebook-da və digər sosial şəbəkələrdə xalqın, dövlətin, insanların maraqlarına müsbət təsir göstərən məqamlar, qanunlar daxil edilməli, paylaşılmalıdır.


Gündəm Xəbər
Eynulla Fətullayevin daha bir ifşası


Elşad Abdullayevin Vaqif Hüseynə rüşvət vermədiyi üzə çıxır

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində baş nazirin müavininin sabiq köməkçisi Vaqif Hüseyn barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə prosesi qalmaqallı və maraqlı keçib. Məhkəmənin gedişi zamanı Vaqif Hüseyn ifadəsində deyib ki, hüquq müdafiəçisi Eynulla Fətullayevin Baş Prokurorluğa göndərdiyi ərizə əsasında cinayət işi başlanılıb. Elşad Abdullayev qardaşının tapılmasında Eynulla Fətullayevdən kömək istədikdən sonra E. Fətullayev Baş Prokurorluğa məktub ünvanlayıb. Məni bununla bağlı saxladılar və Mahir Abdullayevin itkin düşməsilə əlaqəm olmadığı sübut olundu, deyən Vaqif Hüseyn rüşvət almadığını bildirib. İclasın gedişində şahid qismində E. Abdullayevin böyük qardaşı İsmayıl Abdullayev ifadə verib. Deyib ki, qardaşı Vaqif Hüseynə pul verib və ala bilməyib. Pulu almaq üçün özü bir neçə dəfə Vaqif Hüseynlə görüşüb. Daha sonra Elçin Əfəndiyev işə qarışıb və pul Elşada Abdullayevə qaytarılıb. Digər çıxış edən iki nəfər universitet müəllimləri də pulun borc olaraq verildiyinə və geri qaytarıldığına şahid olduqlarını deyiblər.

Elçin Quliyevin limiti bitir

Dövlət Sərhəd Xidmətinin rəhbəri, general Elçin Quliyevin vəzifəsinin itirəcəyi ilə bağlı yuxarı dairələrdən məlumat sızıb. DSX rəhbərinin vəzifəsindən uzaqlaşdırılmasına səbəb kimi son vaxtlar bu xidmətdə baş verən əsgər ölümləri əsas gətirilir. Bundan başqa da DSX daxilində çoxlu cəmiyyətə açıqlanmayan qanunsuzluqların olduğu bildirilir. Məlumata görə Elçin Quliyev Sərhəd Qoşunları Akademiyasına rəis, onun yerinə isə bir neçə il əvvəl incidərək DSX-dən uzaqlaşdırdığı, hazırda güc nazirliklərinin birində yüksək vəzifə tutan zabit təyin ediləcək.

Beyləqanda şok təhsil korrupsiyası

Beyləqan rayon Təhsil Şöbəsinin özbaşınalıq fəaliyyəti ilə bağlı məlumat verilmişdi. Məlum olduğu kimi bir müddət əvvəl Maliyyə Nazirliyinin mütəxəssisləri tərəfindən bu qurumun maliyyə fəaliyyəti təftiş olunmuşdu. Məlumatlarda bildirilirdi ki, yoxlamaların nəticələrində korrupsiya əməlləri faktı öz əksini tapıb. Bu məsələ ilə bağlı Beyləqanın icra başçısı Şura İclasında Tofiq Sadıqova töhmət verərək təhqir edib. Aşkar olunmuşdur ki, qurum öz fəaliyyətində aidiyyatı üzrə Mərkəzi İcra orqanlarının sərəncam və göstərişlərini rəhbər tutaraq fəaliyyət göstərməli olduğu halda, əksər hallarda həmin qərar və sərəncamların pozulmasına yönəlmiş fəaliyyət göstərib. Belə ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 03 fevral 2009-cu il tarixli 09.12.48 nömrəli məktubuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinə 2003-il 09.12. 48 nömrəli məktubuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 14 may tarixli 67 nömrəli qərarı ilə təsdiq olunmuş “Dövlət büdcəsindən maliyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi qaydalarının tələblərinə əməl edilməmiş, həmin qərarın bir nömrəli əlavəsi və həmin nömrəsinin 3-cü bəndinin tələbləri gözlənilməmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1999-cu il 12 iyun tarixli 46-17-12602-16 saylı məktubunun tələblərinə əməl olunmamışdır. Bu yazılanları isə daha aydın şəkildə ifadə etməli olsaq demək olar ki, yoxlamaların nəticəsində Sadıqovun rəhbərlik etdiyi Beyləqan Rayon Təhsil Şöbəsində 396 000 (üç yüz doxsan altı min) manatdan yuxarı məbləğdə çatışmazlıq, artıq ödəmə və təyinatından yayındırma hallarına yol verildiyi aşkarlanmışdır. Təhsil şöbəsinin müdirinin müəllimlərin maaşının 30 faizə qədərini zorla mənimsədiyi də məlum olub.

Unikal

Ziyad Səmədzadənin rəhbərlik etdiyi Dissertasiya Şurasına sərt tənqid


Azərbaycanda elmi adların biznes vasitəsinə çevrildiyi təzə xəbər deyil. Eləcə də bəzi məmurların öz maddi imkanları hesabına dissertasiya yazdırmaları və müxtəlif elmi dərəcələrə yiyələnmələri də cəmiyyətə bəlli olan həqiqətlərdəndir. Azərbaycanda məmurların elmi dərəcələrə yiyələnməsinə görə tənqid olunan şəxslərdən biri də millət vəkili, iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verən Dissertasiya Şurasının sədri Ziyad Səmədzadədir. Azərbaycanda biznesmenlərin və məmurların böyük hissəsi iqtisadiyyatdan müdafiə edirlər və Azərbaycan Dövlət Aqrar Universiteti onlar üçün münasib yerdir.

Hüseynqulu Bağırovun nazirliyi korrupsiyanın hədəfində

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir çox layihələri ilə bağlı problemlər var. Adıçəkilən nazirlik korrupsiya və digər mövzularda mətbuatın ən az tənqid etdiyi dövlət qurumlarının önündə gəlsə də, həmin problemlərin varlığı maraq doğurmaya bilməz. Hüseynqulu Bağırovun rəhbərlik etdiyi nazirliyin hər nə qədər korrupsiya məsələlərində adı bəzi bir çox dövlət qurumları ilə müqayisədə az hallansa da, ötən ay Baş Prokurorluğun yaydığı bir məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinə mənimsəmə faktları ilə bağlı iddia irəli sürənlərin o qədər də haqsız olmadıqlarını söyləməyə əsas verir.


Yeni Müsavat

Azərbaycana şimaldan yeni seperatçı hücum


Rusiyada prezident Vladimir Putinin rəhbərlik etdiyi Millətlərarası Münasibətlər Şurasına daxil olan Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin internet saytı fəaliyyətini dayandırıb. Flnka.ru saytına giriş aprelin 1-dən etibarən bağlıdır və saytın fəaliyyətini dayandırması ilə bağlı hər hansı izahat verilmir. Federal Ləzgi Milli-Mədəni Muxtariyyəti “AzerRos” kimi Rusiyada rəsmi statusa malik olan təşkilatdır və onun internet saytında yazılanlar Azərbaycana qarşı şimaldan istiqamətlənən etnik separatizm meylləri kimi qəbul edilirdi. Bu baxımdan saytın fəaliyyətini dayandırması müəmmalıdır və maraqlıdır. İstisna deyil ki, saytın fəaliyyəti Rusiya hakimiyyət dairələrinin də planlarına uyğun olmayıb.


Ermənistanın Azərbaycanla ticarət əlaqəsi ortaya çıxdı

Ermənistan Milli Statistika Xidmətinin saytında ölkəyə Azərbaycandan mal idxal olunduğu haqda məlumat yer alıb. Xəbəri şərh edən iqtisadçı ekspert Qubad İbadoğlu deyib ki, bu, Ermənistanla Azərbaycan arasında ticarət əlaqəsinin olduğunu göstərir: “Azərbaycan malı, tutalım, Gürcüstan şirkətləri vasitəsilə Ermənistana təkrar ixrac edilsə, onda həmin məlumat Gürcüstanla Ermənistan arasında ticarət dövriyyəsinin statistikasına salınardı. Ermənistanın rəsmi statistikası Azərbaycanın qarşısına həmişə 0 rəqəmi yazırdı. 2011-ci ildə isə 8,5 min dollar yazılıb”. İndi belə çıxır ki, ən azı 2011-ci ildə idxal əməliyyatı həyata keçirilib. Bu isə milli təhlükəsizlik baxımından ölkəmiz üçün böyük təhlükədir. Ekspertlərin fikrincə, əgər Azərbaycandan Ermənistana hansısa mallar ixrac edilirsə, Ermənistandan da bura ixracın həyata keçirilməsi istisna sayılmamalıdır. İxrac ediləcək məhsulların isə təhlükəsizliyinə heç kim təminat verə bilməz. MTN mətbuat xidmətinin rəisi Arif Babayev bildirdi ki, Ermənistana Azərbaycandan 8,5 min dollarlıq mal idxal edilməsi barədə məlumat Ermənistanın növbəti uydurması və təxribatıdır.

İran-Azərbaycan gərginliyi beynəlxalq mediada

Martın 30-da Bakıda Milli Azadlıq Cəbhəsinin təşkilatçılığı ilə “Çağdaş Güney Azərbaycanın sabahı” adlı geniş konfransın keçirilməsinə İranın nota ilə reaksiya verməsi barədə “Bloomberg” saytında da geniş yazı dərc olunub. Aprelin 1-də “İstiqlalçıların toplantısına görə İrandan Azərbaycana hikkəli reaksiya” başlıqlı yazıda qeyd olunub ki, 20 milyondan artıq etnik azərbaycanlının istiqlalı ilə bağlı keçirilən konfransa görə İran Azərbaycana rəsmi etiraz edib: “İranın xarici işlər nazirinin müavini Seyid Abbas İraqçı Azərbaycan Respublikasının Tehrandakı səfiri Cavanşir Axundovu Xarici İşlər Nazirliyinə çağırıb və ölkəsinin rəsmi etirazını bildirib. Etirazda qısaca deyilib ki, ”bu kimi hərəkətlər iki ölkənin əlaqələrinə ciddi xələl gətirə bilər". “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Tehranın notasını əsassız saydı: “İranın bu notasında məntiq yoxdur, əsassızdır”.

Teqlər: