Kreml ABŞ-ın Avropaya əlavə qüvvə göndərmək qərarını şərh edib

Kreml ABŞ-ın Avropaya əlavə qüvvə göndərmək qərarını şərh edib
  03 Fevral 2022    Oxunub:1220
“Rusiyanın ABŞ-ın Avropaya əlavə qüvvələr göndərmək qərarından narahatlığı, həmçinin Moskvanın öz təhlükəsizliyini təmin etmək üçün gördüyü istənilən tədbir tamamilə başadüşüləndir”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Avropaya əlavə qüvvələr göndərmək qərarını şərh edərkən deyib.

"Əlbəttə, Rusiyanın narahatlığı tamamilə başadüşüləndir, tamamilə əsaslandırılmışdır. Rusiyanın öz təhlükəsizliyini və maraqlarını təmin etmək üçün gördüyü istənilən tədbir də anlaşılandır", - Peskov söyləyib.

Qeyd edək ki, ABŞ-ın Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi brifinqdə deyib ki, Pentaqon yaxın günlərdə Rumıniya, Polşa və Almaniyaya əlavə 2000 hərbçi göndərəcək: “Mövcud vəziyyət bizdən NATO-nun Şərq cinahının çəkindirmə və müdafiə imkanlarını gücləndirməyi tələb edir. Bu, hazırkı vəziyyətə reaksiyadır, onlar Ukraynada döyüşməyəcək”.

Onun sözlərinə görə, söhbət 82-ci Hava Desant Diviziyası və 18-ci Hava Desant Korpusunun bölmələrindən gedir. Onlar NATO-nun deyil, ABŞ komandanlığı altında olacaqlar.

Bundan əlavə, Pentaqon Almaniyadan Rumıniyaya daha min əsgər göndərəcək, zərurət yaranarsa, qoşunlarını Avropa daxilinə köçürəcək.

Kirbi yaxın vaxtlarda Avropaya əlavə qüvvələrin göndərilə biləcəyini istisna etməyib. Onlar gələcəkdə Ukraynada “evakuasiyanı asanlaşdırmaq üçün” istifadə edilə bilər. Həmçinin əlavə edib ki, amerikalı hərbi təlimatçılar Ukrayna Silahlı Qüvvələrinin əsgərləri ilə işləməyə davam edəcəklər. Kirbi qeyd edib ki, ABŞ administrasiyası əmindir ki, Ukrayna ətrafında vəziyyətlə bağlı münaqişədən hələ də qaçmaq olar: “Rusiyanın Ukraynaya hücumu ilə bağlı yekun qərar verib-vermədiyini bilmirik. Biz Ağ Ev və ABŞ Dövlət Departamentinin razılığa gəlmək üçün göstərdiyi diplomatik səyləri dəstəkləməyə davam edəcəyik. Biz münaqişənin qaçılmaz olmadığına inanmaqda davam edirik”.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Peskov   Avropa   Qoşun  



Xəbər lenti