The New York Times: "Putin “tarixi Rusiya” ərazilərini qaytarmağa çalışır"

      The New York Times:    "Putin “tarixi Rusiya” ərazilərini qaytarmağa çalışır"
  04 Fevral 2022    Oxunub:755
Rusiya ilə Qərb arasında yaranmış hərbi-siyasi gərginlik dünya mediasının əsas gündəminə çevrilib. Bəzi tanınmış saytlar Avropanın yeni müharibə astanasında olduğunu yazsalar da, bunun əksini iddia edənlər də az deyil.
AzVision.az xəbər verir ki, məşhur “The New York Times” ikinci "Karib böhranı"kimi xarakterizə edilən Rusiya-NATO gərginliyindan yazıb. Nəşrin analitikləri bildiriblər ki, bir çox Avropa dövlətləri Rusiyanın böyük müharibəyə başlamağa hazır olmasına inanmır.

“The New York Times”: "Moskva ABŞ sahillərində nüvə raketləri yerləşdirə bilər"
- Bununla belə, Moskvanın başqa addımlar ata biləcəyi ehtimalı da var. Uzun illərdir ki, Avropa Rusiyadan neft və qazdan asılı qalıb. Buna görə də avropalıların fikrincə, Moskvanın aqressiv niyyətləri hiylədən başqa bir şey deyil,-analitiklər yazıblar.

Nəşrin ekspertləri qeyd edirlər ki, ABŞ və Avropanın “Rusiya işğalı” ilə bağlı tamamilə fərqli baxışları var. Vaşinqton üçün Moskva daimi təhlükə olub. Odur ki, Amerika rəsmilərinin Rusiya Federasiyasından aqressiya gözləməsi göz qabağındadır.

“The New York Times” yazır ki, avropalılar üçün Rusiyadan gələcək təcavüz yadplanetlilərin hücumu ilə eyni ehtimala malikdir. Avropada sadəcə olaraq Moskvanın Ukraynaya hücum edə biləcəyinə inanmırlar. Bununla belə, Rusiya prezidenti Vladimir Putinin öz planları da ola bilər. Ekspertlərin fikrincə, Rusiya lideri “tarixi Rusiya”nın ərazilərinin qaytarılmasını istəyir.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib. Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər.

ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   NATO   Hücum   Avropa  





Xəbər lenti