AzVision.az xəbər verir ki, taliblərin sözçüsü Əfqanıstanda medianın qərəzsiz və İslam dəyərlərinə sadiq olmasını məsləhət bilib.
- İslam Əmirliyi (Taliban öz siyasi sistemini belə adlandırır - red.) media azadlığına sadiqdir. Lakin mediadan da qərəzsiz, İslami və milli dəyərlərə sadiq olmaq tələb olunur. Biz media üçün yaranmış maneələri aradan qaldırmağa çalışırıq və onları media qanunlarına əməl etməyə çağırırıq,- Taliban sözçüsü Zabiullah Mücahid "Twitter"də yazıb.
Qeyd edək ki, 2021-ci ilin yayında Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirən Taliban hərəkatı avqustun 15-də paytaxt Kabilə daxil oldu. Onlar ertəsi gün müharibənin bitdiyini bəyan etdilər. Avqustun son iki həftəsində isə ABŞ hərbçilərinin nəzarətində olan Kabil hava limanından Qərb ölkələrinin vətəndaşları ilə yanaşı onlarla əməkdaşlıq etmiş on minlərlə əfqan kütləvi şəkildə təxliyə edildi. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk etdikdən sonra, Vaşinqtonun Əfqanıstandakı 20 illik hərbi mövcudluğu sona çatdı. Sentyabrın əvvəlində isə Talibanın ilk hakimiyyəti dövründə xarici siyasətə cavabdeh olmuş və 2001-ci ildən BMT sanksiyaları altında olan Məhəmməd Həsən Axundun rəhbərlik etdiyi Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi açıqlandı. Taliban hərbi yolla hakimiyyətə yiyələndikdən sonra bu ölkədə insan haqları ilə bağlı durum daha da pisləşib.
Tural Tağıyev
AzVision.az