Dünyanı ağladan körpə: Rayanın xilası mümkün olmadı - FOTO+VİDEO

    Dünyanı ağladan körpə:  Rayanın xilası mümkün olmadı -    FOTO+VİDEO
  06 Fevral 2022    Oxunub:5224
Fevralın 2-də Mərakeşdə 32 metrlik quyuya düşən Rayanın taleyi bütün dünyanı narahat edirdi. Uşağı quyudan çıxarmaq mümkün deyildi, çünki diametri 35-40 santimetr olan dəlikdən böyük adam sadəcə, keçə bilməzdi.

Quyuya düşərkən uşağın başı və onurğası zədələnmişdi. Onun acından və havasızlıqdan ölməməsi üçün əvvəlcə quyuya su və qida ötürən xüsusi şlanqlar saldılar, oksigen vurmağa başladılar. Kameraları vasitəsilə quyunun dibindəki uşağın vəziyyəti müşahidə olunurdu.



Rayanın taleyi bütün dünyada narahatlıq və həyəcanla izlənirdi. Tvitterdə hətta #SaveRayan həştəqilə oğlanın xilası prosesinin foto və videoları paylaşılırdı.


Xilasedicilər və onlara yardım edən könüllülər quyuya paralel tunel qazmağa başladılar. Bu, son dərəcə təhlükəli idi, çünki möhkəm olmayan qrunt hər dəqiqə uçulub tökülə bilərdi. Amma başqa yol da yox idi.


Xilasedicilər gecə-gündüz çalışır, əhali uşağın xilası üçün dua edirdi... Qonşu ölkələrin mətbuatı da insanları Rayan üçün dua etməyə çağırırdı. Hətta Mərakeşlə diplomatik münasibətlərini pozmuş Əlcəzairin mediası da kənarda qalmamışdı.



Rayanın xilası kadrları bütün dünyaya yayıldı. Onun necə başlar üzərinə qaldırılaraq, “Təcili yardım” maşınına qoyulmasını hamı gördü. Amma tezliklə məlum oldu ki, uşağın həyatını xilas etmək mümkün olmayıb. O, aldığı zədələrdən ölüb...


Bu faciəli final möcüzə gözləyən milyonlarla insanı sarsıtdı. İsrail, Pakistan və digər ölkələr uşağın ailəsinə başsağlığı verdilər.


Samir Quliyev
AzVision.az


Teqlər: Mərakeş   Faciə  



Xəbər lenti