Makron Putinlə danışıqlardan sonra Kiyevə səfər edib

Makron Putinlə danışıqlardan sonra Kiyevə səfər edib
  08 Fevral 2022    Oxunub:988
Fransa prezidenti Emmanuel Makron Moskvadan Kiyevə gəlib. AzVision.az “Ukrayna-24” telekanalına istinadən xəbər verir ki, Makron Borispol hava limanından Mariinski sarayına gedib və orada həmkarı Vladimir Zelenski ilə görüşəcək.
Fransa lideri dünən Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb və digər məsələlərlə yanaşı, Ukrayna ətrafındakı vəziyyəti də müzakirə edib.
Bu, 1998-ci ildə Jak Şirakın Ukraynaya səfərindən sonra Fransa prezidentinin Ukraynaya ilk rəsmi səfəridir. Makronla birlikdə Fransanın xarici işlər naziri Jan-İv Le Drian Kiyevə gəlib.

Bundan əvvəl Fransa lideri dəfələrlə deeskalasiyanın zəruriliyindən və Donbassdakı münaqişənin diplomatik yolla həllindən danışıb. Makronun sözlərinə görə, onun üçün prioritet böhrandan siyasi çıxış yolu tapmaqdır.

Putinlə birgə mətbuat konfransında Fransa lideri Kiyevdə müzakirələr zamanı Minsk razılaşmalarının həyata keçirilməsi məsələsini qaldıracağına söz verib. Yelisey sarayının sahibi bir neçə dəfə vurğulayıb ki, bu sənədin şərtlərinə ciddi əməl olunmalıdır. Eyni zamanda, Rusiya, Ukrayna, Fransa və Almaniyanın iştirakı ilə "Normand" formatı çərçivəsində irəliləyişlər konsolidasiya edilməlidir. O, həmçinin Ukrayna liderinə Moskva ilə Avropada təhlükəsizlik və sabitlik sahəsində təminatların müzakirəsinin əsas məqamlarını çatdıracağına söz verib. Makron ukraynalı həmkarı ilə söhbətdən sonra Putinlə telefonla yenidən fikir mübadiləsi aparmaq niyyətindədir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Makron   Ukrayna   Səfər  



Xəbər lenti