Forbes: "Kiyev Azərbaycan "Bayraktar"larının Qarabağda necə döyüşməsini ətraflı öyrənib"

      Forbes:    "Kiyev Azərbaycan "Bayraktar"larının Qarabağda necə döyüşməsini ətraflı öyrənib"
  11 Fevral 2022    Oxunub:1539
Rusiya hərbi saytları Türkiyənin Ukraynaya satdığı 20-yə yaxın "Bayraktar TB2" Pilotsuz Uçuş Aparatı (PUA) haqqında yazıb. AzVision.az xəbər verir ki, Amerikanın "Forbes" nəşrinə istinad edən saytlar iddia edirlər ki, guya Rusiya ordusu bu müasir PUA-lara qarşı mübarizə vasitələrinə malikdir.
- Kiyev Rusiya ilə mümkün müharibədə ümidlərini məlum pilotsuz təyyarələrə bağlayır. Lakin "Forbes" belə hesab edir ki, bu ümidlər mənasızdır. Nəşr yazır ki, Ukrayna Silahlı Qüvvələri Qarabağ müharibəsini(İkinci Qarabağ müharibəsi-red.) və Azərbaycana məxsus PUA-ların Ermənistan qoşunları ilə necə vuruşduğunu ətraflı öyrənib. Pilotsuz təyyarələrdən Donbasdakı münaqişədə, xüsusən də Rusiya işğala başlayacağı təqdirdə döyüşlərdə səmərəli istifadə edilməsi gözlənilir.

"Rusiya Qara dəniz regionundan bir dəfəyə 536 raket atacaq" - Reportyor
Amma məqalə müəllifi Devid Eks, Rusiya Silahlı Qüvvələrinin çoxlu sayda müasir Hava Hücumundan Müdafiə (HHM) və Radioelektron Mübarizə (REB) sistemlərinə malik olduğunu vurğulayıb. Bundan başqa, hərbi münaqişə zamanı qüvvələrin düzülüşü Qarabağdakı kimi olmayacaq. Rusiya bütün hava məkanını bağlamaq və düşmənin pilotsuz təyyarələri ilə mübarizə aparmaq gücündədir.

"Bayraktarlar"ın effektivliyi isə bilavasitə Rusiyanın zenit sistemləri və elektron döyüş sistemlərinin səmərəsizliyindən asılı olacaq. Müəllifin fikrincə, Rusiyanın Ukraynaya məxsus müasir PUA-lara böyük əhəmiyyət verməyəcəyinə inanmaq sadəlövhlük olardı. Bu isə o deməkdir ki, ruslar "Bayraktar"larla mübarizədə bütün müasir silah növlərindən istifadə edəcəklər,-məqalədə yazılıb.



Devid Eks rusların "Bayraktar" qorxusuna da diqqət çəkib.

- Rusiyanın Ukraynaya hücumundan əvvəl şübhəsiz ki, dağıdıcı artilleriya atəşi, havadan və dənizdən atılan qanadlı raketlər və qurudan buraxılan ballistik raketlər işə düşəcək.

Rusların "Bayraktar TB-2"dən nə qədər qorxduğunu və nifrət etdiyini nəzərə alsaq, PUA bölmələri -ekipajlar və təyyarələrin özü hədəflər siyahısında birinci yerdə olacaq.

Bundan çəkinməyən Kiyev əlavə "TB-2"lər üçün sifarişlər verdi və həmçinin Türkiyə ilə lisenziya əsasında pilotsuz təyyarələrin istehsalına dair müqavilə imzaladı,-Eks yazıb.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Bayraktar   Ukrayna   Münaqişə   Qarabağ  





Xəbər lenti