Paşinyan Rəisini Ermənistana dəvət etdi

Paşinyan Rəisini Ermənistana dəvət etdi
  11 Fevral 2022    Oxunub:1145
Ermənistanın baş naziri Nikol Paşinyan İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyi və Prezident İbrahim Rəisini İslam İnqilabının qələbəsi günü münasibətilə təbrik edib. AzVision.az xəbər verir ki, baş nazir İrana ağız dolusu təriflər yağdıraraq iki ölkə arasında olan dostluq münasibətlərini tərif edib.
Qeyd edilir ki, Ermənistan dost ölkə ilə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın ardıcıl inkişafına xüsusi önəm verir.

Paşinyan xatırladıb ki, bu il ölkələr diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirlər. O, əminliyini ifadə edib ki, münasibətlərin etimad xarakteri bundan sonra da iki dövlətin inkişafına və rifahına töhfə verəcək. Maraqlıdır ki, bölgəyə müharibə gətirən İrəvan özünü sülh carçısı kimi təqdim edib.

- Ermənistan qonşu, dost dövlətlə əlaqələrin rolunu və əhəmiyyətini yüksək qiymətləndirir. Ötən 30 il müxtəlif nailiyyətlər və əməkdaşlıq perspektivlərinin genişlənməsi ilə yadda qalıb. Mən Ermənistanla İranın regionda sülh və sabitliyin bərqərar edilməsi vəzifəsinə əhəmiyyət verirəm, sizi gündəlikdə olan ikitərəfli məsələləri müzakirə etmək üçün Ermənistana dəvət edirəm, - məktubda yazılıb.
Baş nazir birgə səylərlə dövlətlərarası münasibətləri dərinləşdirməyə ümidli olduğunu deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran   Ermənistan  



Xəbər lenti