“Qaz bazarında Azərbaycan Rusiyaya rəqib deyil” – Sergey Pikin I Videokast

 “Qaz bazarında Azərbaycan Rusiyaya rəqib deyil” –  Sergey Pikin I Videokast
  12 Fevral 2022    Oxunub:5198
“Orta qiymətlərə baxsanız, artıq 5 aydır ki, Avropada qazın qiyməti min kubmetr üçün təxminən 1000 dollardır. Fyuçers bazarında gördüyümüz dalğalanmalar treyderlərin əhval-ruhiyyəsini əks etdirir. Avropa bazarında qazın qiyməti min kubmetr üçün 2000 dollardan 900 dollaradək dəyişir. Yəqin ki, isitmə mövsümünün sonuna qədər Avropada heç nə dəyişməyəcək”.
Bu sözləri hazırda qaz bazarında gedən prosesləri AzVision.az-a şərh edərkən Rusiyanın Enerji İnkişafı Fondunun direktoru Sergey Pikin deyib. O vurğulayıb ki, qazın bahalaşmasının əsası bir il əvvəl qoyulub:

- Keçən ilin qışında asiyalılar sıxılmış təbii qazın böyük hissəsindən özləri istifadə etməyə başladılar. Odur ki, bütün il ərzində Asiyada qiymətlər Avropadakından xeyli yüksək oldu. Bir il əvvəl Asiya bazarında qazın qiyməti min kubmetr üçün 1000-1200 dollar, Avropa bazarında isə maksimum 350 dollar səviyyəsində idi. Təbii ki, qaz daha çox Avropaya gedirdi. Soyuq qış Avropada qaz ehtiyatlarının səviyyəsini dəyişdi və o, minimal həddə düşdü, isti yay da müəyyən korrektələr etdi. Yəni qaz sərfiyyatı artdı. Anbarlarda qışdan çıxmaq üçün lazım olan orta səviyyədən aşağı həcmdə qaz vardı. Beləliklə, bu dövrdən etibarən qiymət artımı marafonu başladı.


Əvvəlki illərlə müqayisədə anbarlar minimum səviyyədə qalır. Çox güman ki, bu mövsümü anbarlarda mütləq minimumla başa vuracağıq. Artıq Avropada qaz ehtiyatları ötən ilin fevral ayının sonundakı səviyyədədir. Yəni biz bu tarixi rekordu qıracağıq. Ona görə də, qiymətlər təzyiq altında qalmaqda davam edir və hələ ki bölgü dəyişməyib. Müşahidə olunan maksimum bu vəziyyətdə artıq qəbuledilməz olan üst səviyyənin hamarlanmasıdır (2000 dollar). Hərçənd, bir il əvvəl qazın 1000 dollara bərabər qiyməti qeyri-real görünürdü.

- Avropada qazın qiymətindəki artım nə vaxta qədər davam edəcək?
- Mövsümün sonuna qədər bizdə qazın qiyməti min kubmetr üçün 1000 dollar səviyyəsində olacaq. Maksimum olaraq isə, mənim fikrimcə, “Şimal Axını - 2” tam işə salınana qədər. Ona görə də üçüncü rübdə, ya da dördüncü rübün əvvəlində belə olsa, 2022-ci ili də yüksək qiymətlərlə yaşaya bilərik. Qiymətlər oynaya, min kubmetr üçün 900-800 dollar ola, hətta bir az da aşağı enə bilər, amma durum orta hesabla yenə də Avropanın öyrəşdiyindən qat-qat yüksək olacaq.

- Aİ-nin spot müqavilələrin xeyrinə uzunmüddətli müqavilələrdən imtina etməsini necə izah edirsiniz?
- Qurucu babalarımızın ideologiyası spot ticarəti bir gün sonraya hesablanmış alver hesab edirdi. İstehlak vaxtına mümkün qədər yaxın rejimdə ticarət rəqabət aparmağa və ən yaxşı qiyməti əldə etməyə imkan verir. Belə bir mif də var ki, enerji bazarında mükəmməl rəqabət istehlakçılar üçün ən yaxşı, ən səmərəli qiyməti təmin edir. Amma bu, əmtəə bazarlarının ultra-liberal konsepsiyasının mifi və səhvidir. Əslində əmtəə bazarları, onların təbiəti onilliklərə qoyulan investisiyalar şəklində uzunmüddətli əsasa malik olduğundan, yalnız qısamüddətli dəyişikliklərə məruz qala bilməzlər. Bu əlavə risklər daşıyır. Biz Avropada qazın qiymətinin min kubmetr üçün 40 dollardan aşağı düşdüyü 2020-ci ili, keçən il isə qazın hər min kubmetrinin 1000 dollardan xeyli yuxarı olduğunu gördük. Bu, əmtəə bazarlarının inkişafının ultra-liberal konsepsiyasının haqqıdır.

- Avropa İttifaqı Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Avropaya qaz nəqlində fasilələrin qarşısını almaq üçün ABŞ, Qətər və Azərbaycanla svop-sazişin mümkünlüyünü müzakirə edir. Avropada qaz böhranının həllində Azərbaycana hansı rol həvalə edilə bilər? Azərbaycan qazının Şərqi Avropaya nəqli perspektivlərini necə qiymətləndirirsiniz?
- Gəlin coğrafiyaya müraciət edək, yəni TAP qaz kəmərinə və onun davamı olan TANAP-a keçək; bu kəmər sırf Cənubi Avropaya gedir. Prinsip etibarilə Avropanın hissələrini birləşdirən interkonnektorlar sistemi mövcuddur, lakin o, qazı Avropanın cənubundan şərqinə asanlıqla ötürmək üçün hələ yaxşı inkişaf etdirilməyib. Eyni zamanda, qaz kəmərinin özünün də gücü hələ məhduddur. Xatırladaq ki, buradan keçən qazın böyük hissəsini ilk növbədə Azərbaycan qazının ən böyük alıcısı olan Türkiyə mənimsəyir. Qazın qalan hissəsi Avropa bazarına gedir ki, bu da “Qazprom”un illik tədarükündən təxminən 30 dəfə azdır. Ona görə də, “Azərbaycan hansısa yolla Rusiyanı əvəz edə, yaxud sıxışdıra bilərmi” sualının cavabı neqativdir, çünki bunlar müxtəlif çəki dərəcələridir.

Fikrimcə, Qətərin, Azərbaycanın, hətta Avstraliyanın bizə nəsə verib-verməyəcəyi ilə bağlı məsələlər hələ ki müzakirə olunur. Bilirsiniz, dünyada artıq qaz yoxdur və indi haqqında danışdığımız həcmlər, Rusiyaya qarşı hansısa sanksiyalar tətbiq olunarsa, 180 milyard kubmetrdir. Bu, keçən ilə aid rəqəmdir və fiziki olaraq mövcud deyil. Bu qazın Avropada peyda olması üçün Qətər Asiyaya qaz tədarükünü tamamilə dayandırmalı, Avstraliya da qaz satışını Asiyadan Avropaya keçməlidir. Hələ üstəlik amerikalılar da maye qazı yalnız Avropaya tədarük etməyə başlamalıdırlar. Bu, mümkündür, amma onda gərək Avropada qazın min kubmetrinin qiyməti 3000 dollar olsun. Sizi əmin edirəm ki, dünyanın bütün maye qazı Avropaya axacaq. Yeri gəlmişkən, ən maraqlısı odur ki, Rusiyanın maye qazı da Avropaya gedir və məhz Rusiya Avropaya maye qazın əsas tədarükçüsüdür.

Seymur Məmmədov
AzVision.az



Teqlər: Qaz  





Xəbər lenti