ABŞ-ın kəşfiyyat PUA-sı rus qoşunlarını izləyir - FOTO

   ABŞ-ın kəşfiyyat PUA-sı rus qoşunlarını izləyir -   FOTO
  12 Fevral 2022    Oxunub:5038
Rusiya ilə NATO arasında hərbi-siyasi böhran dərinləşməkdədir. Qərb ölkələrinin Moskva ilə yaşadığı gərginliyin yaxın günlərdə Ukraynada böyük müharibəyə çevriləcəyi də proqnozlaşdırılır.
AzVision.az xəbər verir ki, bu gün Rusiya hərbi saytları ABŞ kəşfiyyatının rusların sərhədlərini daim nəzarətdə saxlamasından yazıb. Qeyd edilir ki, Amerikanın "RQ-4 Global Hawk" Pilotsuz Uçuş Aparatı (PUA) Rusiya sərhədləri yaxınlığında kəşfiyyat əməliyyatları aparıb.

Ukrayna müharibəsi qaçılmazdır-ICSI-dan xəbərdarlıq- FOTO
Fevralın 12-də kəşfiyyat xarakterli pilotsuz uçan aparat Rusiya və Belarus sərhədləri boyunca, eləcə də Qara dəniz regionunda uçuşlar həyata keçirib. ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) kəşfiyyatçı PUA-sı olan "RQ-4 Global Hawk"u Ukraynaya məlumatlar toplamaq üçün göndərdiyi bildirilir. Pilotsuz təyyarə Rusiya və Belarus sərhədləri yaxınlığında görünüb.

PUA həmçinin hazırda Rusiya Federasiyası Qara Dəniz Donanmasının təlimlərinin keçirildiyi Qara dənizdə ruslar tərəfindən bağlanmış ərazilərin kəşfiyyatını həyata keçirib. "RQ-4" əvvəlcə Yunanıstan üzərində görünüb. Bundan sonra pilotsuz təyyarə Bolqarıstan və Rumıniya ərazisindən keçib. ABŞ təyyarəsi Ukraynanın hava məkanına Çernoviçkuyu vilayəti tərəfdən daxil olub.



Ümumilikdə, bütün kəşfiyyat əməliyyatı zamanı Amerika pilotsuz uçan aparatı Rusiya, Belarus, Donbass, Krım sərhədləri və Qara dəniz üzərindəki hava məkanı ətrafında uçub.

Saytlar həmçinin təyyarələrin uçuş sxemlərini əks etdirən "Flifghtradar"dan da məlum PUA-nın hərəkət sxemlərini dərc ediblər.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   PUA   Müharibə  





Xəbər lenti