“Rusiya qazı Azərbaycandan ötürülə bilər” – İlham Şaban

   “Rusiya qazı Azərbaycandan ötürülə bilər” –    İlham Şaban
  13 Fevral 2022    Oxunub:2653
“Cənub Qaz Dəhlizinin rolunun artırılması ilə bağlı fikirlərdə siyasi şişirtmələr var. Məsələn, deyilir ki, İranın 15 milyard kubmetr həcmində qazı həmin kəmərlə yönəldilə bilər. Halbuki, İranla Azərbaycan arasındakı qaz kəmərinin buraxılıcılıq gücü texniki olaraq 1 milyard kubmetr qazı ötürməyə hesablanıb. Daha doğrusu, 1,5 milyard kubmetrdir, oradan 400 milyondan bir qədər də artıq həcm Naxçıvan üçün nəzərdə tutulub”.
Bu sözləri AzVision.az -a enerji məsələləri üzrə ekspert İlham Şaban deyib. O bildirib ki, Türkmənistanla bağlı məsələ də buna bənzəyir: “Belə fikirlər səslənir ki, Türkmənistandan 10,15, 20, hətta 30 milyard kubmetr qazı Cənub Qaz Dəhlizi ilə ötürə bilərik. Bu gün Cənub Qaz Dəhlizinin buraxılış gücü 16 milyard kubmetrdir. Siyasətçi və ya texnikadan uzaq adam üçün bunun əhəmiyyəti yoxdur. Elə bilirlər ki, burada düyməni basanda Avropada işıq yanacaq. Amma reallıq daha mürəkkəbdir”.

Ekspert xatırladıb ki, Cənub Qaz Dəhlizinin üzərində 8 kompressor stansiyası var. Onların hər birinin gücü artırılmalıdır ki, ötürücülük gücü 16 min kubmetrdən 31 minə qalxsın. Amma o halda belə, bu o demək olmayacaq ki, Avropaya 31 min kubmetr ötürmək mümkündür: "Bizim kəmərin Avropaya buraxıcılıq gücü maksimum 20 milyard kubmetrdir. 10 milyard kubmetr qazı özümüz "Şahdəniz" və "Abşeron" yataqlarından göndərə biləcəyik. Amma əlbəttə ki, məqsəd olsa, Türkmən qazına da yer tapıla bilər”.

Rusiya qazının Azərbaycan vasitəsilə Qərbə ötürülməsinə gəlincə, ekspert bunu mümkün hesab edir. O xatırladıb ki, bu gün Rusiyanın Xəzərdə hasil etdiyi neftin ildə 1 milyon tondan çox hissəsi faktik olaraq “Bakı-Tbilisi-Ceyhan” kəməri ilə dünya bazarına çıxarılır. Ümumilikdə 2015-ci ildən 2022-ci ilə qədər Rusiyaya məxsus olan 10 milyon ton neft “Bakı-Tblisi-Ceyhan”la ötürülüb.

- "Lukoil" aktiv şəkildə Rusiya sektorunda qaz da çıxardır. O, öz qazının bir hissəsini “Mazdok-Hacıqabul” kəmərilə bura yönəldib, buradan dünya bazarına çıxara bilər. İldə 1 milyard kub metr qazın bu şəkildə ötürülməsi nəzəri və praktiki baxımından mümkündür,- ekspert fikrini yekunlaşdırıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Qaz  





Xəbər lenti