Fermerlərə 61 milyon manatdan çox subsidiya ödənilib

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021/2022 mövsümündə taxıl əkinlərinin hər hektarına görə, fermerlərə 210 manat subsidiya ödənilir. Bu gün ödənilən subsidiyalar, təxminən, 300 min hektara yaxın əkin sahəsini əhatə edir.
Payızlıq əkinlərin bəyanı dekabrın 30-da başa çatıb, ilk subsidiyalar həm də əkinlərini vaxtında bəyan etmiş fermerlərə ödənilib.
Payızlıq əkinlərə görə subsidiyalar təsərrüfat ilinin əvvəlində, fermerlərin aqrotexniki qulluq qaydaları apardığı müddətdə ödənilir. Subsidiyaların fevral-mart aylarında ödənilməsi fermerlərə təsərrüfat fəaliyyəti zamanı vəsaitə olan ehtiyacını təmin edir.
Hazırda payızlıq əkinləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etmiş fermerlərin əkin məlumatları və torpaq sənədlərinin yoxlanması davam edir. Sahələrində monitorinqlər başa çatmış, torpaq sahələrindən verdikləri aqrokimyəvi analizin nəticələrini, sahələri sığorta etdirmələrinə dair müqavilələrin surətini EKTİS-ə daxil etmiş fermerlərin siyahısı hazırlanır və hər həftə bu siyahılar üzrə subsidiyaların ödənilməsi elektron qaydada həyata keçiriləcək. Payızlıq əkinlərə görə subsidiya ödənişlərinin ən optimal müddətdə başa çatdırılması nəzərdə tutulur.
AKİA tərəfindən bu gün həmçinin süni mayalanma yolu ilə alınmış buzovlara görə, təsərrüfat sahiblərinə subsidiyaların ödənişi də həyata keçirilib. EKTİS üzərindən 4 993 fermerin kartına ümumilikdə 499 min 300 manat subsidiya köçürülüb.
Subsidiyaların ödənişi davam edəcək.
AzVision.az
Teqlər: Subsudiya