“Təhsil” RİM birinci oldu

“Təhsil” RİM birinci oldu
  15 Fevral 2022    Oxunub:2033
12-14 fevral tarixlərində yeniyetmə və gənclər arasında 22-ci Respublika Birinciliyi keçirilib.
AzVision.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan və 3 gün davam edən yarışda 14-15 yaşlı yeniyetmələr, 16-17, və 18-dən 21 yaşadək gənclər kata və kumite yarışlarında müxtəlif kateqoriya və çəki dərəcələrində mübarizə aparıblar. Eyni zamanda, yarış proqramına 4-cü dəfə keçirilən 12-13 yaşlı uşaqlar arasında ölkə birinciliyi də daxil edilib.

30-dan artıq klubu təmsil edən 500-dən çox idmançının iştirak etdiyi Karate üzrə Yeniyetmə və Gənclər arasında 22-ci Respublika Birinciliyində Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) karate üzrə yığma komandası yüksək nəticə göstərib. Belə ki, 12 qızıl, 9 gümüş və 12 bürünc medal qazanan “Təhsil” RİM-in yığma komandası ölkə klubları arasında birinci yerə çıxaraq yüksək nailiyyət əldə edib. Medal sayına görə 2-ci yeri “Qara Qaplan”, 3-cü yeri isə Arpaçay Karate Klubunun idmançıları tutub.

Qeyd edək ki, “Təhsil” RİM-in karateçilərinin növbəti birinciliyə hazırlanmasında “Təhsil” RİM-in karate üzrə yığma komandasının baş məşqçisi Əbülfət Qarayev, məşqçi-müəllimlərdən Cahangir Babayev, Vüqar Kərimov, Seymur Xudaverdiyev və digərlərinin xüsusi əməyi olub. Belə ki, yığma komandanın uğur qazanan karateçiləri arasında həmin məşqçilərin idmançıları xüsusilə fərqləniblər.
Onu da xatırladaq ki, Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin karate üzrə yığma komandasının bu il Polşada Tələbələrin Avropa Oyunları və Çində Məktəblilərin Dünya Oyunlarında iştirak edəcəyi gözlənilir.





AzVision.az



Teqlər: Karate  





Xəbər lenti