"NATO Ukrayna ətrafında deeskalasiya müşahidə etmir" - Baş katib

"NATO Ukrayna ətrafında deeskalasiya müşahidə etmir" -    Baş katib
  16 Fevral 2022    Oxunub:1662
"NATO Ukrayna ətrafındakı vəziyyətin praktiki deeskalasiyasını müşahidə etmir, baxmayaraq ki, Moskvadan Avropada təhlükəsizlik məsələlərində diplomatik səyləri davam etdirmək istəyi ilə bağlı bir qədər nikbin siqnallar alınır".
AzVision.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə Şimali Atlantika blokunun müdafiə nazirlərinin görüşü ərəfəsində deyib.

"Biz Ukrayna ilə sərhəddə Rusiyanın geniş mövcudluğunu müşahidə edirik, lakin Moskvadan diplomatiyaya şans verməyə hazır olduqları barədə mesajlar da görürük. Diplomatik həll yolu tapmaq üçün danışıqlara hazırıq, bununla belə vəziyyətin ən pis şəkildə inkişafına da hazırıq”, - Stoltenberq söyləyib.

Əlavə edib ki, hələ ki, Rusiya tərəfindən deeskalasiya müşahidə olunmur: "Əgər onlar həqiqətən də qoşunlarını çıxarmağa başlasalar, biz bunu alqışlayardıq. Amma bu, təsdiqlənməlidir".

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov çərşənbə axşamı bildirib ki, Rusiya Silahlı Qüvvələri təlimlər başa çatdıqdan sonra daimi dislokasiya yerlərinə qayıdacaq. Prezidentin mətbuat katibi Dmitri Peskov isə deyib ki, təlimlərdən sonra hərbçilərin öz dislokasiya yerlərinə çıxarılması adi təcrübədir, bunda yeni heç nə yoxdur.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: NATO   Rusiya  



Xəbər lenti