"Ukrayna ətrafında heç bir ssenari sürpriz olmayacaq" - Kisida

"Ukrayna ətrafında heç bir ssenari sürpriz olmayacaq" -   Kisida
  17 Fevral 2022    Oxunub:1620
Yaponiyanın baş naziri Fumio Kisida "Ukrayna böhranı"ndan narahatlığını ifadə edib. AzVision.az xəbər verir ki, o rəhbərlik etdiyi fraksiya nümayəndələri ilə görüşdə Tokionun Ukrayna ətrafında gərginliyi diplomatiya yolu ilə azaltmaq üçün səyləri birləşdirməli olduğunu deyib.
- Gərginlik davam etdikcə, heç bir ssenari sürpriz olmayacaq. Ölkəmiz də diplomatiya yolu ilə bu regionda gərginliyin azaldılmasına səy göstərməlidir, - Kydo agentliyi hökumət başçısından sitat gətirilib.

Qeyd edək ki, Yaponiya hökuməti Ukraynada vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaların müxtəlif variantlarını tətbiq etməyi düşünür. Xüsusilə, xarici KİV-in məlumatına görə, Rusiya prezidentinin ətrafında olan hüquqi və fiziki şəxslərin aktivlərinin dondurulması yüksək texnologiyalı malların ixracına məhdudiyyətlərin qoyulması variantları nəzərdən keçirilir.

Kisida bundan öncə hakim Liberal Demokrat Partiyasının rəhbərliyi ilə görüşdə bildirmişdi ki, Rusiyaya qarşı sanksiyaların tətbiq olunduğunu güman etsək, o zaman onların konkret məzmunu ABŞ və Avropa ölkələri ilə razılaşdırılacaq.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.


Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Yaponiya  



Xəbər lenti