Rusiya qərb sərhədlərindəki tank bölmələrini geri çəkir- VİDEO

 Rusiya qərb sərhədlərindəki tank bölmələrini geri çəkir-   VİDEO
  17 Fevral 2022    Oxunub:1807
Rusiya ölkənin qərb sərhədlərinə topladığı qoşunların bir hissəsini geri çəkir. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Müdafiə Nazirliyinin məlumatına istinad edən saytlar yazırlar ki, Qərb Hərbi Dairəsinin tank ordusunun bölmələri planlaşdırılmış təlimlərdən sonra daimi dislokasiya yerlərinə qayıdırlar.

"Ukrayna ətrafında heç bir ssenari sürpriz olmayacaq" - Kisida
- Hərbi eşelon Qərb Hərbi Dairəsinin tank ordusunun hissələrinin texnikası ilə planlaşdırılmış təlimlər başa çatdıqdan sonra daimi dislokasiya məntəqəsinə gedib, - məlumatda deyilir.

Bildirilir ki, tankların və zirehli avtomobillərin daşınması təxminən min kilometr məsafədə dəmir yolu ilə həyata keçirilir.



Xatırladaq ki, Rusiya uzun müddətdir ki, Silahlı Qüvvələrdə qoşunların və ayrı-ayrı hərbi bölmələrin əməliyyat hazırlığı üzrə genişmiqyaslı tədbirlər kompleksini davam etdirir. Burada demək olar ki, bütün hərbi dairələr, donanmalar və hava-desant qüvvələri iştirak edir. Təlimlər çərçivəsində döyüş hazırlığı tapşırıqlarını yerinə yetirən Cənub və Qərb hərbi dairələrinin bölmələri isə artıq dəmir yolu və avtomobil nəqliyyatı vasitəsilə öz hərbi qarnizonlarına doğru hərəkətə başlayıblar.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Təlim   Tank  



Xəbər lenti