Almanlar Ukraynanın NATO-ya daxil olmasını dəstəkləmir

   Almanlar Ukraynanın NATO-ya daxil olmasını dəstəkləmir
  18 Fevral 2022    Oxunub:1531
Almanların yarıdan çoxu (53%) Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləmir.
AzVision.az xəbər verir ki, bu barədə “ARD” televiziya kanalının sifarişi ilə “Infratest dimap” institutu tərəfindən keçirilən ictimai rəy sorğusunun nəticələrində vurğulanıb.

Respondentlərin 31%-i Ukraynanın yaxın illərdə Şimali Atlantika Alyansına daxil olmasına qarşı çıxıb, daha 22%-i bu ölkənin təşkilata üzvlüyünü tamamilə istisna edib.

Rəyi soruşulanların 28%-i Ukrayna sərhədləri yaxınlığında on minlərlə rus əsgərinin toplanmasına istinad edərək, hazırkı vəziyyətdə Ukraynanın NATO-ya qəbul edilməsinin əleyhinə olub. Respondentlərin 19%-i Ukraynanın alyansa üzvlüyü ilə bağlı suala cavab verə bilməyib və ya vermək istəməyib.

Xatırladaq ki, prezident Vladimir Putin dəfələrlə NATO-nun şərqə doğru genişlənməsini dayandırmağı və alyansın qoşunlarının Şərqi Avropadan çıxarılmasını tələb edib. O deyib ki, Ukrayna alyansa qoşulsa, Avropa Rusiya ilə müharibəyə cəlb olunacaq.

“Ukrayna NATO-ya üzv olarsa və Krımı hərbi yolla geri alarsa, Avropa ölkələri avtomatik olaraq Rusiya ilə hərbi münaqişəyə cəlb olunacaqlar”, - Putiin fevralın 8-də Fransa prezidenti Emmanuel Makronla keçirdiyi mətbuat konfransında deyib.

“Biz başa düşürük ki, Rusiya və NATO-nun potensialı müqayisə oluna bilməz, lakin biz həm də başa düşürük ki, Rusiya aparıcı nüvə güclərindən biridir”, - Putin həmin vaxt söyləyib.

Şimali Atlantika Alyansı da öz növbəsində Ukraynanın NATO-ya daxil olması məsələsinin gündəmdə olmadığını dəfələrlə vurğulayıb.

Fevralın 17-də Rusiya ABŞ qoşunlarının Şərqi Avropadan çıxarılmasını tələb edib. Bu mövqe Moskvanın Vaşinqtona “təhlükəsizlik təklifləri ilə bağlı” yazılı cavabında yer alıb. Sənəddə xüsusilə qeyd edilir ki, ABŞ danışıqlara hazır olmasa, Moskva hərbi-texniki xarakterli tədbirlərə əl ata bilər.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Almaniya   Sorğu   Ukrayna  



Xəbər lenti