Washington Post: "ABŞ kəşfiyyatı rus qoşunlarının "geri çəkilməsi"ni hiylə sayır"

      Washington Post:    "ABŞ kəşfiyyatı rus qoşunlarının "geri çəkilməsi"ni hiylə sayır"
  18 Fevral 2022    Oxunub:1768
ABŞ -ın məşhur “Washington Post” qəzeti "Ukrayna böhranı"ndan yazıb. AzVision.az xəbər verir ki, məqalədə Rusiyanın hələ də qərb sərhədlərində qoşun toplamasına dair fikirlərin yer alması diqqət çəkib.
Müəllif iddia edir ki, Birləşmiş Ştatlar Rusiyanın öz qoşunlarını Ukrayna sərhədlərindən uzaqlaşdırmamasını sübut edə bilər. Çünki Vaşinqtonun əlində kəşfiyyat məlumatları var.

Die Welt: "NATO Ukrayna böhranını kəskinləşdirir"
Qoşunların çəkiməsinə dair xəbərlərlə isə Moskva dünya güclərini bilərəkdən çaşdırıb.

- Vaşinqton Rusiyanın bəyanatlarının çaşdırmaq üçün nəzərdə tutulmuş dezinformasiya kampaniyasının bir hissəsi ola biləcəyi ilə bağlı etibarlı məlumat alıb,- qəzet adı açıqlanmayan mənbəyə istinadən yazıb.

Bildirilir ki, bu cür məlumatı daha bir neçə Avropa rəsmisi də təsdiqləyib. Jurnalistin fikrincə, Rusiya hələ də öz qoşunlarını Ukrayna sərhədləri yaxınlığında toplayır. Həmçinin məqalədə bu bazar günü başa çatacaq Rusiya-Belarus birgə təlimlərinin davam etməsi də xatırladılıb.

- Bununla belə, Amerika kəşfiyyatı hesab edir ki, bu manevrlər gələcəkdə Ukrayna ərazisinin işğalına xidmət edir,- "The Washington Post" yazıb.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. Hətta son günlər təlimləri başa vuran bölmələrin bir hissəsi ölkənin qərb bölgəsindən daimi dislokasiya bölgələrinə geri qaytarılıb. Buna baxmayaraq ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bütün bunların fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Rusiya   Kəşfiyyat  



Xəbər lenti