Ermənistanın məşhur telekanalının lisenziyası ləğv edildi

Ermənistanın məşhur telekanalının lisenziyası ləğv edildi
  18 Fevral 2022    Oxunub:1139
Ermənistanda məşhur telekanallardan sayılan "Armnews" bağlanıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, ölkənin Televiziya və Radio üzrə Milli Komissiyası "Armnews" telekanalının televiziya yayımı lisenziyasını ləğv edib.
Ermənistan Televiziya və Radio üzrə Milli Komissiyasının sədri Tiqran Akopyan yayılan məlumatı təsdiqləyib.

- Bu arada bir neçə gündür yayımı dayandırılan "Armnews FM" radiosu da yayımın bərpası ilə bağlı açıqlama yayıb. Akopyan isə fikirlərini belə izah edib ki, qanun lisenziya alanın ayrılmış FM diapazonuna 24 saat və ya daha çox müddətə daxil olmadıqda lisenziyanın 30 gün müddətinə dayandırılmasına icazə verir. O, əlavə edib ki, komissiya pulsuz tezlik üçün yeni müsabiqə elan etmək niyyətindədir.

Xatırladaq ki, "Armnews" telekanalı, "Armnews FM" radiosu və Tert.am-ın daxil olduğu "Karyak Media" şirkəti fevralın 10-da fəaliyyətini dayandırdığını elan edib,-məqalədə yazılıb.

Xatırladaq ki, bir həftə öncə “Karyak Media" şirkətinin qurucularından olan Samvel Fərmanyan holdinqin fəaliyyətinin sonu çatması barədə məlumat yaymışdı. Onun sözlərinə görə, uzun müddət fəaliyyətlərini necə davam etdirəcəkləri ilə bağlı çətin qərarla üzləşiblər. Bu müddət ərzində siyasi qüvvələrdən müxtəlif əməkdaşlıq təklifləri alsalar da, bu təkliflər onların prinsiplərinə zidd olub.

“Biz həmçinin satış üçün bir neçə variantı müzakirə etdik, lakin siyasətimizi davam etdirməyə və getdiyimiz yola sadiq qalmağa imkan verəcək variantları tapmadıq. Ona görə də ağrılı, lakin ən təbii qərarı verdik – “Karyak Media” fəaliyyətini dayandırdı”, - Fərmanyan bildirib.

Onun sözlərinə görə, ümumi neytrallıq, ictimai apatiya, siyasi oyunçuların passivliyi onlara başqa seçim qoymayıb.

Maraq üçün qeyd edək ki, Tert.am və "Armnnews" telekanalı “Şərəfim var” blokuna bağlılığı ilə seçilib.
Bu siyasi blok Ermənistanın Respublika Partiyası və Vətən Partiyasının birləşməsindən yaranıb. Respublakı Partiyasının lideri isə eks-prezident Serj Sarqsyandır.
2019-cu ildən “ArmNews” teleşirkətinin aksiyaları altıncı çağırış parlamentin məlum fraksiyasının keçmiş deputatları Karen Bekaryan, Ara Saqatelyan, Samvel Farmanyan və Miqran Hakopyan tərəfindən yaradılan “Karyak Media” şirkətinə aiddir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti