Zelenski fövqəladə vəziyyət tətbiq etməyi təklif edib

 Zelenski fövqəladə vəziyyət tətbiq etməyi təklif edib
  23 Fevral 2022    Oxunub:2434
Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radaya ölkədə fövqəladə vəziyyət rejimi tətbiq etməyi təklif edib. Fərmanla bağlı müvafiq təqdimat parlamentin saytında dərc olunub.
Fərmana əsasən, 24 fevraldan etibarən 30 gün ərzində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi göstərişi verilib. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazilərə giriş-çıxış üçün xüsusi rejimin müəyyən edilməsi, habelə zəruri hallarda bu ərazidə hərəkət azadlığının məhdudlaşdırılması təklif edilir.

Həmçinin zəruri hallarda avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması və onların texniki baxışının keçirilməsi, ictimai asayişin və mühüm infrastrukturun mühafizəsinin gücləndirilməsi nəzərdə tutulur.

Fərmanda kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulması, habelə insanların yaşayış üçün təhlükəli yerlərdən məcburi şəkildə mənzillə təmin olunmaqla müvəqqəti və ya daimi təxliyə edilməsi nəzərdə tutulur. Bundan əlavə, zəruri hallarda komendant saatı tətbiq oluna bilər.

Həmçinin, fərmanla çağırışçıların, həqiqi hərbi xidmət hərbi qulluqçularının və ehtiyatda olanların müvafiq orqanlara xəbərdarlıq etmədən yaşayış yerini dəyişməsi qadağan edilib.

Həmçinin vəziyyəti sabitliyi poza biləcək informasiya materiallarının istehsalı və yayılmasının qadağan edilməsi təklif edilir. Zəruri hallarda rabitə vasitələrinin istifadəsi və informasiyanın kompüter şəbəkələri vasitəsilə ötürülməsi üçün xüsusi qaydalar tətbiq edilə bilər.

Müvafiq fərmanı Ukrayna parlamenti təsdiqləməlidir.

Ukraynada və ya onun bəzi ərazilərində fövqəladə vəziyyət Ukrayna Prezidentinin fərmanı ilə tətbiq edilir, dövlət başçısının müraciət etdiyi gündən iki gün ərzində Ali Rada tərəfindən təsdiq edilir.

AzVision.az


Teqlər:



Xəbər lenti