Çin azərbaycanlı gəncin gözləri ilə - FOTOLAR

   Çin azərbaycanlı gəncin gözləri ilə -    FOTOLAR
  20 Fevral 2022    Oxunub:4171
2019-cu ildə Çin Xalq Respublikasının müxtəlif əyalətlərində inkişaf etməkdə olan ölkələrin dövlət işçiləri üçün Çinin mədəniyyəti, iqtisadi-siyasi və beynəlxalq əlaqələri, inzibati xidmətləri, dövlət idarəetmə sistemi, “Kəmər və yol” layihəsi, inkişaf yolu və digər mövzularda seminarlar təşkil olunur. Bu seminarlarda iştirak etmək üçün iş yerimdən məni də göndərmişdilər.
Çinin Ticarət Nazirliyi və Tszyansi Xarici Tədqiqatlar kolleci (Jiangxi College of Foreign Studies) tərəfindən “İnkişafda olan ölkələrdə hökümətin effektivliyi və səmərəliliyi” mövzusunda keçirilən 21 günlük seminarda iştirak etmək üçün 4 nəfərdən ibarət nümayəndə heyətilə 2019-cu ilin oktyabr ayının əvvəlində Çinə yola düşdük. Seminarda Azərbaycandan başqa 12 ölkədən gələn 42 nümayəndə iştirak edəcəkdi.


Tranzit uçuşla Moskva şəhərində 8 saat gözləməklə, oktyabrın 7-də yeddi saatlıq hava yolunu qət edərək, Çinin Quandun (Guangdong) əyalətinin paytaxtı Quanqju (Guangzhou) şəhərinə çatdıq. İlk yadımda qalan buradakı hava limanının işçilərinin kobudluğu oldu. Səyahət etdiyim başqa ölkələrdə olduğu kimi, burada gördüklərim də mənim üçün yeni idi. Oktyabr ayı olmasına rəğmən Quanqju çox isti idi. Hətta çox sevdiyim musson yağışına da düşdük.


Küçələrdəki təmizliyi, rəngarəngliyi, təbiətin gözəlliklərini seyr etdikcə insanın ruhu dincəlirdi. Quanqjuda yerləşən hündürlüyünə görə dünyada ikinci yerdə olan Kanton teleqülləsinin (Canton Tower) uzunluğu 600 metrdən yüksəkdir. Bu qülləni görmək üçün hava limanından şəhərin mərkəzinə metro ilə xeyli yol getdik. İnci çayının (Pearl River) sahilində olan bu ərazidə çoxlu yeni tikililər, ərazisi 98 min kv/m 10 mərtəbəli “Guangzhou Library” adlanan geniş kitabxana da diqqətimizi cəlb etdi.


Quanqjuda 7-8 saat vaxt keçirdikdən sonra daxili reyslə Nançanq şəhərinə uçduq. Hava limanında bizi və digər ölkələrdən olan iştirakçıları təhkim olunduğumuz Kollecin əməkdaşları Xu Yan (Karolina) və Amber (Liu Xiaowei) qarşıladılar. Gecə saat 02:00-dir. 24 saatdan artıqdır ki, yatmırdıq, yorğunluqdan hərəkət etməyə halımız yox idi. Oteldə yerləşmədən öncə foyedə bizə 21 günlük proqramımız və çantalarda kitablar, dəsr üçün dəftərxana ləvazimatları və havalar yağışlı keçdiyindən, çətir hədiyyə etdilər.

Dünyanı öyrənən kollec

Səhər saat 9-da otelin konfrans zalında ilk tanışlıq dərsimiz başladı. Dərslər haqqında məlumat verməzdən əvvəl Tszyansi Xarici Tədqiqatlar kolleci haqqında məlumatları bölüşmək istəyirəm. Bu təhsil ocağı Tszyansi əyalətinin Xalq Hakimiyyəti ilə Çin Ticarət Nazirliyinin birgə yaratdığı kollecdir və idarəetmə orqanlarının aparıcı kadrları üçün təlim bazası hazırlayır. Kollec 11 xarici dil daxil olmaqla, 12 kafedra və 49 ixtisas üzrə fakultədən ibarətdir.


Bununla yanaşı, kollecdə təlim, tədris, görüş və əyləncə üçün təchiz olunmuş otaqlar mövcuddur. Tələbələrin burada yaşaması üçün də şərait var. Kollec 2010-cu ildən etibarən dövlət idarəçiliyi, enerji və minerallar, ticarət və iqtisadiyyat, istehsal sənayesi, nəqliyyat və logistika, maliyyə sənayesi, partiya və hökumət, biznes xidmətləri, su mühafizəsi və ətraf mühitin idarə edilməsi, mədəniyyət və idman kimi sahələri əhatə edən xarici yardım təlim layihələrinin təşkilatçısıdır. Bu layihələrə təlim kursları və seminarlar daxildir.


Kollec təkcə 2018-2019-cu illər ərzində 300-dən artıq seminar və təlim layihəsi təşkil edərək, Asiya, Avropa, Afrika və Cənubi Amerika da daxil olmaqla 126 inkişaf etməkdə olan müxtəlif ölkələrin 6000-dən çox dövlət işçilərinə təlimlər keçib. Bir şəxsin bu seminarda iştirak etməsi Çin hökumətinə azı 25 000 - 30 000 ABŞ dollarına başa gəlir, lakin buna rəğmən ÇXR-in Ticarət Nazirliyi ölkənin inkişaf yolunu digər ölkələrə nümayiş etmək və təcrübə keçmələri üçün dünyadan minlərlə dövlət işçisini bu seminarlara cəlb edir.


Birinci dərsdə Kollecin əməkdaşları Karolin, Viki (Huang Shan) və Amber bizə Çin dilində yazmağı, mahnı oxumağı, saymağı və minimal danışıq üçün lazım olan sözləri öyrətdilər. Onlar qısa zaman ərzində hamımızın sevimli dostlarına çevrildilər. Bu 3 çinli xanım hər bir problemimizi dərhal həll edir, hər bir işdə kömək olurdular. Çinlilərin öz adlarından başqa qısa ingilis adları da olur, ona görə bu çinli xanımlara qısa adları ilə müraciət edirdik. Seminarın ikinci günü isə Kollecdə açılış mərasimi keçirildi. Kolecin və nazirliyin rəhbərliyi seminar iştirakçılarını salamlayaraq şərəfimizə ziyafət verdilər.


21 günlük proqramımıza əsasən həftəiçi saat 9-dan 5-ə kimi müxtəlif elm ocaqlarının professorları, elmi işçiləri, araşdırmaçıları bizə Çinin inkişaf strategiyası, idarəçilikdə qeyri-hökümət təşkilatlarının rolu, yerli dövlət idarəçiliyində və idarəetmə praktikasında milli dəyərlərin qorunub saxlanması, dövlət xidmətləri, iqtiadai islahatlar, iqtisadi fəaliyyətin idarəedilməsi, dövlət fəaliyyətinin qiymətləndirilməsi, büdcə islahatları, dövlət qulluğu, əhalinin demoqrafik vəziyyəti, “Kəmər və yol” layihəsi, kənd təsərrüfatı, elektron hökümətin tətbiqi və səmərəliliyi, Çin mədəniyyəti və s. mühüm mövzuları əhatə edən seminarlar keçirilirdi.


Seminardan sonra bəzi günlər təşkilatçılarla, bəzən isə özümüz şəhərin görməli yerlərini gəzirdik. Həftəsonları digər şəhərlərə səfər edirdik. Digər nümayəndələrlə seminardan sonra yığışaraq çox gözəl vaxt keçirir, hərə öz ölkəsi haqqında məlumatlar verir, musiqilərini dinlədir, bəziləri ailələri üçün darıxdığını danışır, bir sözlə hər kəsin danışmağa sözü, mövsuzu olurdu.

Küçələri su buxarı ilə yuyulan Nançanq

Nançanq şəhəri Tszyansi əyalətinin paytaxtı sayılır. İnkişaf dövrünü yaşayan bu şəhərin 6 milyondan artıq əhalisi var. Küçələri gecə-gündüz yuyulur, dezinfeksiya olunur və şəhərdəki tozlu hava xüsusi təchiz olunmuş maşınlarla su buxarı vasitəsilə təmizlənirdi. Bu şəhərin böyük alış-veriş mərkəzlərini bir günə gəzib bitirmək mümkün deyil. Bütün küçələr “street food” satılan kiçik mağazalar, milli suvenir və bəzək əşyaları, çay dükanları, dəniz məhsulları bazarları ilə doludur.


Bizim orda olduğumuz vaxt Çin Xalq Respublikasının yaranmasının 70 illiyinə təsadüf edirdi. Şəhər başdan başa çiçəklər və milli dekorativ bəzəklərlə bəzədilmişdi. Nançanqın ən turistik yerləri 653-cü ildə tikilən Şahzadə Tenqin pavilyonu (Pavilion of Prince Teng), 904-907-ci illərdə tikilmiş Şenqjin Qülləsi (Shengjin Tower), Musiqili fəvvarələr meydanı, şəhərin mərkəzi sayılan Bayi meydanı (Bayi Square), dünyada ikinci ən hündür şeytan çarxı sayılan 160 metr hündürlüyündə olan “Nançanq ulduzu”dur.


Şəhər kənarında yerləşən “Riantea Gallery” çay qalereyası isə ən çox bəyəndiyim yer oldu. Təbiətin qoynunda yerləşən bu çay fabrikində bahalı Çin çayları istehsal olunaraq xarici ölkələrə satılır. Çayların dadına baxanda başa düşdüm ki, bizim içdiklərimiz rəngli su imiş, əsl çay dadı belə olurmuş.


Bu yerlərin insanları şəhərdə gördükləri qonaqlara, turistlərə çox hörmətlə yanaşırlar, xarici dil bilməsələr belə hər bir mövzuda kömək etməyə çalışırlar. Ümumiyyətlə çinlilərin çox mədəni, nəzakətli, qonaqpərvər və təmkinli olduqlarını bir çox nüanslardan hiss etmək olur.
Çin azərbaycanlı gəncin gözləri ilə - (II yazı) FOTOLAR

Çin mətbəxini hər kəsin yemədiyini nəzrərə alaraq qonaqların süfrəsini öz süfrələrindən ayrı qururdular, qaldığımız oteldə belə bizim üçün yeməklər ayrı hazırlanırdı. Onu da qeyd edim ki, yeməkləri internetdə gördüyümüz süni hazırlanmış qidalar deyildi. Ərzaqları təbii və dadlı idilər. Ən azından broyler toyuqları bizimki kimi zay deyildi. Biz orada ikən qapalı məkanlarda, ictimai nəqliyyatda demək olar, hər kəs tibbi maskadan istifadə edirdi. Halbuki, onda hələ pandemiya başlamamışdı.


Təşkilatçılar bizim hər günümüzə əlavə olaraq 10 ABŞ dolları xərclik ödəyirdilər, demək olar ki, bu pula ehtiyacımız belə olmurdu. Çünki şəxsi aldığımız əşyalardan başqa hər bir ödənişimizi dəvət edən tərəf qarşılayırdı.

Çini qabların vətəni


İlk həftəsonu gəzintimiz Huyuan mahalına (Wuyuan county) oldu. 3 əyaləti birləşdirən, 1 rayon, 10 qəsəbə və 6 kənddən ibraət, milli-mədəni, ekoloji turizm bölgəsi sayılan bu qədim mahal çox gözəl təbiətə malik olduğu üçün “Yaşıl mirvari” adlandırlır. Həm də Çinin ən gözəl mənzərəli kəndi kimi tanınır. Buranın gözəl təbiətini bir gün gəzdikdən sonra Tsindeçjen şəhərinə (Jingdezhen) yollandıq. İki min illik tarixi olan bu şəhərdə min ildən artıqdır ki, Çin keramikası istehsal edilir və “Farfor paytaxtı” kimi tanınır.


Tszyansi əyalətində farfor daşı ehtiyatlarının olması onun geniş yayılmasına səbəb olub. Tsindeçjen çiniləri Çində ən vacib və keyfiyyətli keramika sayılır. Onu da qeyd edim ki, qabları boyamaq üçün yüksək temperatura tab gətirən rənglərin tərkibini də çinlilər icad ediblər. Dulusçular o qədər istedadlıdırlar ki, farfordan istənilən əşyanı düzəldirlər. Bir çox küçələrdə və parklardakı işıq dirəkləri, oturacaqlar, yol kənarları, gül qabları, kafelərdəki stol və stullar və s. ağıla gələ biləcək hər bir əşya Çinə məxsus milli ornamentlərlə bəzədilmiş ağ-mavi rəngli farfordan hazırlanıb.


Şəhər haqqında məlumatları dinləyə - dinləyə “Çini sənət və keramika sərgisinə” gəldik. Bu sərgidəki sıralanan qablar xüsusi sifarişlə hazırlanır və bahalı hədiyyə kimi dövlət başçılarına və rəsmilərinə hədiyyə olunur.
Daha sonra bambuk meşəsinin içində yerləşən farfor qabların düzəldildiyi “Qədim soba xalq adətləri” muzeyinə getdik. Muzeyin girişində “Chinese Zodiac” adlanan heykəllər Ceki Çanın eyniadlı filmini xatırladır.


2009-cu ildə Ginnesin Rekordlar kitabına düşmüş odunla qızdırılan ən böyük keramika sobası da burada yerləşir. Yerli və xarici ekspertlər və keramikaçılar bu muzeyi “Canlı keramika muzeyi” adlandırırlar. Hər yaş qrupundan olan dulusçular qocaman ustadları ilə birlikdə bu işin öhdəsindən çox peşəkarlıqla gəlirlər, dulusçular deyirlər ki, bu sənət onlara genlərindən mirasdır.


Bu əl işləri o qədər gözəl və zərifdirlər ki, hansını alacağımıza qərar vermək çox çətin olurdu, hamı bir-biri ilə məsləhətləşir, hər kəs ən gözəlini almağa çalışırdı. Aldığımız qab və bəzək əşyalarını Bakıya qədər çox ehtiyatla daşıdıq. Muzeyin keramika xalq mədəniyyəti ərazisində turistlər üçün keramikadan düzəldilmiş musiqi alətləri ilə milli geyimli musiqiçilər tərəfindən ifa olunan keramika rəqsləri və musiqilər nümayiş olunur. Onların təbiət və keramikalarla həmahəng geyimləri, rəqs hərəkətləri və ifaları insana çox xoş təsir bağışlayır.


Ardını buradan oxuyun


Ləman Ağayeva (hüquqşünas)




Teqlər:   Çin  





Xəbər lenti