Digər iştirakçılar Fərid, Müzəffər və Həsənağa ilə birlikdə 20 dəqiqəlik təqdimatımızda ölkə ilə bağlı ümumi məlumatla yanaşı, müstəqilliyimiz, mədəniyyətimiz, Qarabağ müharibəsi, siyasi-iqtisadi əlaqələrimiz, Azərbaycanın tarixi, iqtisadi inkişafı, hazırkı hakimiyyəti, ölkədə keçirilən beynəlxalq müsabiqələr və yarışlar, Azərbaycan brendi “ASAN xidmət” və əlverişli biznes və investisiya mühiti barədə geniş məlumat verib, müxtəlif sahələrdə əldə edilmiş nailiyyətlərimizi seminar iştirakçılarının diqqətinə qürurla çatdırdıq və Bakı haqqında qısa tanıtım filmi təqdim etdik. Təqdimatımız alqışla qarşılandı.
Bahalı Şanxay və “fake bazaar”
İkinci həftəsonu isə 42 nəfərlik nümayəndə heyəti və 6-7 nəfərlik təşkilatçı qrupumuz yüksək sürətli qatarla Çinin ən böyük şəhəri sayılan Şanxaya yola düşdük. Çində qatarların növü sürətinə görə müxtəlif hərflərlə təsnif olunur. Ən yeni və yüksək sürətli qatarlar “G” tipli qatarlardır, onların sürəti saatda 250+, maksimum sürəti isə 380 km/saata çatır. Məsələn, Pekindən Şanxaya qədər 1385 km.-lik yolu 4 saat 17 dəqiqəyə başa vurur. Bu qatarların biletləri də baha olur. Nançanq Dəmiryol stansiyasında 334 Çin yuanına (təqribən 90 AZN) alınan biletləri bizə təqdim etdilər. Nançanqla Şanxay arasında qatarla olan məsafə 741 km-dir. “G” qatarı bu məsafəyə bizi 3 saata çatdırdı. Saatda 280/300 km sürətlə irəliləyirdik.
Şanxayın Honçao (Hongqiao) Dəmiryolu Vağzalında qatardan endik. Ucu-bucağı görünməyən bu vağzalda bələdçimiz bizi balıq şəkilli bayraqla müşaiət edirdi. İtməmək üçün bayrağın rəngi ilə onu izləyə-izləyə turist avtobuslarına doğru irəlilədik. Şanxayın çox izdihamlı, labirint təsiri bağışlayan küçələrinə baxanda gözünün qabağına Çində çəkilən kinolar gəlir.
Yantsızı çayının deltasında qurulan Şanxayın 25 milyon əhalisi var və dünyanın ən çox qazanan turist şəhəridir. Məhz ticarət limanının açılışından sonra Çinin ən əhəmiyyətli liman şəhəri hesab olunub və Uzaq Şərqin ilk meqapolisinə çevrilib. Şanxayı Çinin inkişaf etmiş iqtisadiyyatının güzgüsü hesab edirlər. Şəhərin mərkəzi rayonu Pudonqda qurulan, bir neçə memarlıq üslubunu özündə əks etdirən “Lujiazui” səma xətti (Lujiazui skyline) şəhərin ən gözəl mənzərəsidir. Bura şəhərin içindən axan Hunaqpu çayının yatağında əmələ gələn yarımadadır.
Çinin birinci, dünyanın isə ikinci ən hündür binası sayılan, uzunluğu 632 metr olan, 128 mərtəbəli Şanxay qülləsi, 492 metr uzunluğunda olan 101 mərtəbəli Şanxay Dünya Maliyyə Mərkəzi, hündürlüyünə görə dünyada beşinci yerdə olan 468 metr uzunluğunda Şərq İncisi Teleqülləsi, Şanxayın vizit kartı sayılan, “qızılı çiçəklənmə” mənasını daşıyan 421 metr hündürlüyündə, 88 mərtəbəli Jin Mao qülləsi ilə yanaşı digər göydələnlər bu xətt üzərində tikiilib. Bu yerləri yaxından görmək üçün Şanxay qülləsinə gəldik. Birinci zaldakı şəhərin ümumi maketini, binalar haqqında məlumat löhvələrini və s. qeyri-adi gözəllikləri əks etdirən əsrarəngiz sərgini ziyarət etdikdən sonra saniyədə 18 metr hərəkət edən dünyanın ən yüksək sürətli lifti ilə 55 saniyəyə 118-ci mərtəbəyə qalxdıq. Burada Şanxayı 360 dərəcə mənzərədə izləmək mümkündür. Şüşə döşəmələrin üzərində həm adrenalin yaşayıb, həm də bu metropolisi ovcunun içində görmək çox möhtəşəm idi. Şəhəri tur avtobusu ilə gəzdikdən sonra axşamçağı otelə döndük.
Türk mətbəxinin yaşatdığı xoşbəxtlik
On beş gün idi Çində idik, yeməklərimiz nə qədər bol və dadlı olsa da, artıq Azərbaycan çayı və yeməkləri üçün həsrət çəkirdik. Düşünürəm xaricdə yaşayan və ya gəzməyə gedən hər bir azərbaycanlının ən əsas problemi bu olur. Xəritədə “Efes Turkish & Mediterranean Cuisine” türk restoranını tapanda sevincimizin həddi-hüdudu yox idi. Bakıda çox vaxt yeməyəcəyimiz yeməkləri menyudan sevinclə seçirdik ki, nəhayət doğma bir tam hiss edəcəyik. Türk çayı isə məlhəmimiz oldu. Bakıda 15 manat ödəyəcəyimiz yeməklər burada 60 manata başa gəlsə də, ağız tamımızı tapdığımızdan çox xoşbəxt idik.
Daha sonra Şanxayın əsas alış-veriş küçəsi sayılan Nankin (Nanjing Road) küçəsinə getdik. Elit butik, mağaza və restoranların yerləşdiyi bu küçədə həm də Xalq meydanı, Şanxay teatrı, muzeyi və s. maraqlı məkanlar var.
Mirvarisi ilə məşhur olan bu şəhərin mirvari və qızıl dükanlarına da baş çəkdik. Fantastik qiymətlərə olan bu əşyalardan heç kim almadı. Bələdçilər bizi “A.P. Plaza Yinyang Market” adlı bütün brendlərin “fake”ləşdirildiyi bazara gətirdilər. Bu bazarda alver, fırıldaqçılıq elə bir həddədir ki, 5 min dollara dedikləri bir əşyanı axırda 10 dollara yalvarıb satırlar. Məsələn, 14 nəfər eyni marka kiçik çemodan almışdıq. Ancaq çemodana hərəmiz bir məbləğ ödəmişdik, kimi çox baha, kimisə çox ucuz almışdı. Axşam isə “ERA Acrobatic Show” mərkəzinə gəldik. Çinlilərin necə istedadlı olduqları, o ağılasığılmaz şoularda da özünü göstərirdi. Belə təhlükəli hərəkətləri bu qədər dəqiqliklə və mükəmməl şəkildə yəqin ki, ancaq çinlilər bacarır.
Beləcə iki gün bu möcüzələr dolu şəhərdə gəzdikdən sonra Pudonq hava limanından Şenzen şəhərinə uçduq. Venesuela və Panamadan olan ispandilli yoldaşlarımız yol boyu mahnı oxuyaraq bizi ispan mahnıları ilə şənləndirdilər. Şanxaydan sonra heç bir şəhərdə heyrətlənməyəcəyimi düşünsəm də, Şençjen şəhəri yaşıllığı, təbiəti, təmizliyi və innovativ yenilikləri ilə bizi yenə də heyrətləndirdi. 17 milyon əhalisi olan, xüsusi iqtisadi zona sayılan Şençjen Quandun əyalətinin əsas şəhəridir. Şençjen limanı dünyanın dördüncü ən işlək konteyner limanıdır, investisiyaların, yeni texnologiyaların və biznes mədəniyyətinin cəlb edilməsi üçün bir növ qapı rolunu oynayır. Bizim üçün bir çox inzibati binalara, dövlət xidmətləri mərkəzlərinə ekskursiya təşkil olunmuşdu. İlk dəfə növbətçi polis və əsgərlər üçün tanka bənzəyən xidməti maşınları, “Segway” tipli daşıma sistemlərini, elektriklə işləyən mavi taksiləri burada gördüm. Yenilikləri gördükcə başa düşdüm ki, bir çinlini dünyada heç nə heyrətləndirə bilməz.
“Splendid China Folk Village” adlanan əyləncə parkı da diqqətimizi cəlb edən yerlərdən oldu. 30 hektar ərazini əhatə edən bu möhtəşəm park iki hissədən - Miniatür park və Xalq Mədəniyyəti kəndindən ibarətdir. Park Çin millətinin tarixini, mədəniyyətini, incəsənətini, qədim memarlığını, adət və ənənlərini əks etdirir. Parkda Çində yerləşən 100-dən artıq turist məkanları Çinin xəritəsinə uyğun miniatürləşdirərək tərtib ediblər. Parkın ətrafında ziyarətçiləri daşımaq üçün ödənişli maşınlar və qatarlar var ki, bu da Böyük Çin Səddinin, Yasaq Şəhərin (Forbidden City), Cənnət Məbədinin (Temple of Heaven), Yay Sarayının (Summer Palace) və s. miniatür maketlərini bir gündə ziyarət etməyə imkan verir. Həmçinin Çin tarixinin müxtəlif hadisələrini, döyüş tarixini, mədəniyyətini əks etdirən şoular nümayiş olunur.
Dostluğumuz davam edir
Ziyarətimiz bitdikdən sonra yenidən Nançanqa qayıtdıq. Daha 3 gün seminarlarda iştirak etdikdən sonra, öyrəndiyimiz mövzular haqqında qısa təqdimat hazırladıq. Təqdimatdan sonra hər ölkə seminar haqqında müstəqil olaraq hesabat təqdim etməli idi. Seminarın bağlanış mərasimində bizə sertifikatlar və xatirə hədiyyələri təqdim olundu. İştirakçılar iki gün içində hissə-hissə ölkələrinə qayıtdılar.
3 həftə ərzində isinişdiyimiz müxtəlif dostlara həm gülərək, həm də kövrələrək ayrılırdıq. Təşkilat qrupumuzun nümayəndələri Karolina, Amber, Viki və Kollecin direktoru Zong Pinghua bütün bu müddət ərzində bizi bir gün də olsun tək qoymadılar. Çindən çox xoş xatirələrlə ayrıldıq. Aradan 3 il keçib. Qlobal Pandemiya səbəbindən seminarların keçirilməsi dayandırılsa da, Kollec hər bayramda bizə təbrik məktubları ünvanlayır.
Tszyansi Xarici Tədqiqatlar kolleci yenidən seminarlarda iştirak etmək istəyən şəxslərə məktub göndərərək “My story with China” mövzusunda məqalə yazaraq xatirələrimizi bölüşməyə dəvət etdi. Beləcə 3 il keçməsinə rəğmən unutmadığım bu səfər haqqında təssüratlarımı qələmə aldım.
Ləman Ağayeva (hüquqşünas)
AzVision.az