ABŞ-da Azərbaycanın təqdimatı keçirilib - VİDEO

  ABŞ-da Azərbaycanın təqdimatı keçirilib -    VİDEO
  21 Fevral 2022    Oxunub:948
ABŞ-ın Yuta Ştat Senatı və Nümayəndələr Palatasında Azərbaycanın təqdimatı keçirilib.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan AzVision.az -a verilən xəbərə görə, təqdimatda Los-Ancelesdəki baş konsul Nəsimi Ağayev iştirak edib. Senatın plenar iclasda çıxış edən senator Cin Deyvis Azərbaycan və Azərbaycan-Yuta münasibətləri haqda məlumat verib.

Senator pandemiyadan öncə Azərbaycanın müxtəlif dini icmalarını təmsil edən din xadimlərindən ibarət nümayəndə heyətinin Yutaya səfər etdiyini diqqətə çatdırıb. Daha sonra C.Deyvis baş konsul Nəsimi Ağayevi senatorlara təqdim edib. Yuta Senatının sədri Stuart Adams Azərbaycanın dost ölkə olduğunu və bu dostluğun daha da gücləndirilməsinin zəruri olduğunu qeyd edib.

Yuta Ştatının Nümayəndələr Palatasının plenar iclasında çıxış edən deputat Karen Kvan bu il Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olduğunu qeyd edərək, Azərbaycanın Cənubi Qafqazda ABŞ-ın ən böyük ticarət tərəfdaşı olduğunu, 300-dən çox ABŞ şirkətinin ölkəmizdə uğurla fəaliyyət göstərdiklərini və Azərbaycan iqtisadiyyatına indiyədək 19 milyard ABŞ dolları məbləğində sərmayə qoyduqlarını diqqətə çatdırıb.



Azərbaycanın gözəl bir ölkə olduğunu vurğulayan K.Kvan burada müsəlmanların, xristianların və yəhudilərin dinc və dinlərarası harmoniya şəraitində birgə yaşadıqlarını və bu ənənələrin ölkəmizdə qədim tarixinin olduğunu bildirib.

Sonra K.Kvan baş konsul Nəsimi Ağayevi Nümayəndələr Palatasının üzvlərinə təqdim edib. Təqdimatlardan öncə baş konsul N.Ağayev Senatın sədri S.Adams və Nümayəndələr Palatasının sədri Brad Uilson ilə görüşüb.

Qeyd edək ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu ABŞ-ın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ştatlarından olan Yuta ştatı ilə son illərdə sıx əməkdaşlıq əlaqələri yaradıb. Yuta parlamenti dəfələrlə Azərbaycan ilə dostluğu və tərəfdaşlığı dəstəkləyən, ölkəmizin tolerantlıq ənənələrini təqdir edən bəyanatlar qəbul edib.

AzVision.az



Teqlər: ABŞ   Azərbaycan  



Xəbər lenti