Rusiya Ukraynanı təxribatda suçladı: 5 əsgər ölüb

  Rusiya Ukraynanı təxribatda suçladı:   5 əsgər ölüb
  21 Fevral 2022    Oxunub:3383
Rusiya hərbçiləri və sərhədçiləri Ukrayna ərazisindən gələn təxribat-kəşfiyyat qrupunun dövlət sərhədini pozmasının qarşısını alıblar. AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
- Cənub Hərbi Dairəsinin bölməsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd dəstəsi ilə birlikdə təxribat-kəşfiyyat qrupunun Ukrayna ərazisindən dövlət sərhədini pozmasının qarşısını alıb,-məlumatda deyilir.

Rusiya Ukrayna sahillərinə 10 döyüş gəmisi göndərib
Qeyd edilir ki, atışma zamanı Ukrayna Silahlı Qüvvələrinə məxsus iki döyüş maşını diversantları təxliyə etmək üçün Rusiya ərazisinə daxil olub. Nəticədə hər iki avtomobil vurulub.

- Ukrayna Silahlı Qüvvələrinin 5 əsgəri həlak olub, Rusiya hərbçiləri arasında itki yoxdur,-yerli media Cənub Hərbi Dairəsinə istinadən yazıb.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. Hətta son günlər təlimləri başa vuran bölmələrin bir hissəsi ölkənin qərb bölgəsindən daimi dislokasiya bölgələrinə geri qaytarılıb. Buna baxmayaraq ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bütün bunların fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Əsgər  



Xəbər lenti