Stoltenberq: "NATO "cavab qüvvələri" yüksək hazırlıq vəziyyətinə gətirilib"

     Stoltenberq:  "NATO "cavab qüvvələri" yüksək hazırlıq vəziyyətinə gətirilib"
  22 Fevral 2022    Oxunub:3056
NATO-nun "cavab qüvvələri" yüksək hazırlıq səviyyəsinə gətirilib. AzVision.az xəbər verir ki, bunu alyansın baş katibi Yens Stoltenberq deyib.
- NATO "cavab qüvvələri" yüksək hazırlıq səviyyəsinə gətirilib. Biz bunu bir neçə həftə əvvəl etdik. Lakin bu qüvvələr yerləşdirilmədi,- Baş katib NATO-Ukrayna Komissiyası çərçivəsində keçirilən növbədənkənar iclasın yekununda çıxışı zamanı deyib.

Rusiyadan kritik qərar -Ordudan ölkədən kənarda istifadəyə icazə verildi
Onun sözlərinə görə, alyansa üzv olan bir sıra ölkələrdə hərbi qüvvələr yerləşdirilib. Stoltenberq xüsusi olaraq vurğulayıb ki, ABŞ Rumıniyaya bölmələr yerləşdirib, Almaniya Litvaya əlavə qüvvələr göndərib, Böyük Britaniya isə Estoniyadakı hərbi mövcudluğunu iki dəfə artırıb.

- Digər müttəfiqlər - İspaniya, Hollandiya, Danimarka da hərbi varlığımızı gücləndirmək üçün öz qüvvələrini, gəmilərini və təyyarələrini göndərmək qərarına gəlib. Fransa da öz növbəsində Rumıniyada döyüş qrupuna rəhbərlik etməyə hazır olduğunu bəyan edib, - təşkilatın rəhbəri əlavə edib. .

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Artıq Rusiya prezidenti Vladimir Putin xalqa müraciət edərək "Luqans" və "Donetsk Xalq Respublikaları"nın müstəqilliyinin tanınması haqqında fərmanlar imzalayıb. Bütün bunların fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   NATO  



Xəbər lenti