“Bu radionun yaradılması Avropa Şurasının qərarına ziddir”

“Bu radionun yaradılması Avropa Şurasının qərarına ziddir”
  03 Aprel 2013    Oxunub:1445
“Yeni radionun yaradılması ilə ölkədə dövlət büdcəsindən maliyyələşən telekanal və radioların sayı 11-ə çatacaq”
AzVision.az-a açıqlamasında bu sözləri media eksperti, hüquqşünas Ələsgər Məmmədli “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi”nin yeni yaradılacaq radiosunu şərh edərkən deyib. Onun sözlərinə görə, ümumiyyətlə Avropa məkanında dövlət radiosu, dövlət qəzeti anlayışı yoxdur.

“Azərbaycan 2001-ci ildə Avropa Şurasına girərkən öhdəçilik götürdü ki, iki il ərzində Azərbaycanda mövcud olan mediadakı dövlət hissələri yavaş-yavaş yox olacaq, ictimailəşəcək və özəlləşəcək. Təəssüf ki, 2005-ci ildən sonra biz “İctimai” televiziyanı yaratdıq. Amma AzTV-ni, Azərbaycan Dövlət Radiosunu saxladıq, “İctimai” radionu da yaratdıq. Daha sonra yenidən Azərbaycan televiziyasında İdman, Mədəniyyət, Naxçıvanda iki əlavə dövlət televiziyası, radiosu yarandı”.

Hüquqşünas bildirib ki, “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi”nin radiosunun yaradılması ilə dövlət bücəsindən maliyyləşən medianın biri də artıb. “Beləliklə sonuncu olaraq aprelin 2-də Milli Televiziya və Radio Şurası Nəqliyyat Nazirliyinin “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi”nə radio yayımlar üçün lisenziya verib. Şuranın qərarına görə bu mərkəzin yayımları 107.7 FM tezliyində olacaq. Bununla da dövlət radiolarının sayı 4-ə, televiziya isə 5-ə çıxarılıb. “İctimai” televiziya və radio ilə birgə 11 telekanal və radio dövlət büdcəsindən maliyyələşəcək. Bu vergi ödəyiciləri üçün kifayət qədər ağırdır”-deyə, Ələsgər Məmmədli əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti