Conson Rusiyaya qarşı sanksiyalar paketini açıqladı – SİYAHI
Böyük Britaniyanın baş naziri ölkəsinin bu 10 tədbiri görəcəyini açıqlayıb:
• Bütün böyük Rusiya banklarının aktivləri dondurulacaq. “VTB Bank”ın 154 milyard funt sterlinqə bərabər aktivləri dərhal bloklanacaq;
• Gələn həftə bütün Rusiya şirkətlərinə Böyük Britaniya bazarlarına vəsait cəlb etməyi qadağan edən qanun qəbul ediləcək;
• Rusiyanın ən böyük müdafiə şirkəti olan “Rostex”in də daxil olduğu fiziki və hüquqi şəxslərə və onların törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq ediləcək;
• Bəzi təyyarələrin Böyük Britaniyaya eniş imkanları məhdudlaşdırılacaq. Rusiyanın “Aeroflot” aviaşirkətinin Böyük Britaniyada fəaliyyətinə qadağa qoyulacaq;
• Rusiyaya ixrac lisenziyalarından istifadəni dərhal dayandıracaq (məsələn, elektrik komponentləri və ya hərbi yük maşınları ehtiyat hissələri üçün);
• Yaxın günlərdə geniş çeşiddə yüksək texnologiyaların Rusiyaya ixracını qadağan edən qanun qəbul olunacaq;
• Rusiya vətəndaşlarının Böyük Britaniyadakı bank hesablarında saxlaya biləcəkləri əmanətlərin məbləğini məhdudlaşdıracaq;
• Rusiyanın SWIFT ödəniş sisteminə çıxışını bağlamaq üçün G7 dövlətləri və NATO üzrə müttəfiqləri ilə iş aparılacaq.
Britaniya bu tədbirlər paketini Belarusa da tətbiq edəcək.
Əmanətlərini Böyük Britaniyada saxlayan rusların iqtisadi cinayətlərinə qarşı qanun layihəsi hazırlayacaq.
Boris Conson Rusiya prezidenti Vladimir Putinin Ukraynanın “demilitarizasiyası və denasifikasiyası” adlandırdığı işğal bəhanəsini absurd adlandırıb.
- Əslində o öz gizli vədini və dövlətlərarası sivil davranışın bütün prinsiplərini pozaraq, döyüş maşınının bütün gücünü azad və dinc qonşunun üzərinə yönəldib... O, Ukraynanın qanını heç vaxt öz əllərindən yuya bilməyəcək. Mən belə qənaətə gəlirəm ki, bizim nə etməyimizdən asılı olmayaraq, Putin həmişə qonşusuna hücum etməkdə tam qərarlı olub, - Conson deyib.
O, Putini “imperiya fəthlərinə inanan qanlı aqressor” adlandırıb.
Nadir Quliyev
AzVision.az