Faciəli “love rustory” – Vüsal Məmmədovun yazısı

      Faciəli “love rustory”    – Vüsal Məmmədovun yazısı
  25 Fevral 2022    Oxunub:4099
Kasıb bir məhəllədə Ülviyyə adlı gözəl qız yaşayırdı. Niyə Ülviyyə? Çünki “Ükriyyə” adı yoxdur, ona görə. Onu qonşuluqdakı köntöy, yekəpər, bir az öküz, kasıb, amma güclü və gələcəyə iddialı Ruslan istəyirdi. Ülviyyə Ruslanı sevə də bilərdi, onlar uşaqlıqdan bir yerdə böyümüş, arada yüngülvari alışıb-verişmiş, hətta məhəllədəki elektrik transformatorunun (bəlkə də qazpaylayıcı köşk imiş) arxasına keçib, qucaqlaşmışdılar da. Ülviyyənin Ruslanla birgə gələcək həyata prinsipcə etirazı yox idi.
Amma günlərin birində ölkədəki xarici şirkətdə çalşan Con adlı əcnəbi Ülviyyəni görür və gözü tutur. Conun tamam başqa, gözqamaşdırıcı bir dünyası vardı: parlaq həyat, maşınlar, gözəl evlər, bahalı geyim, parfum, ən əsası kosmetika… Conun kataloqlarda göstərdiyi kosmetika Ülviyyənin qonşu məhəllədəki dükandan aldığı ucuz yaxmalardan deyildi. Bu nə həyat idi, ilahi, işığı uzaqdan adamın gözünü qamaşdırırdı!..

Təbii ki, Ruslan dərhal Ülviyyənin gözündən düşür. Qız gecə-gündüz Cona qoşulmaq və onun katoloqlarda göstərdiyi həyata qovuşmaq xəyalı ilə çırpınırdı. Conun isə mənzilinin açarlarından birini ona verib, “istəyəndə gəl” deməsinə baxmayaraq, qızla evlənmək fikri yox idi, əsl niyyəti nə idi, Allah bilir; bəlkə 3-4 dəfə yatıb, gözünün qurdunu öldürüb atmaq, bəlkə yaşadığı məhəllədə onun adına torpaq alıb, villa tikmək… kim bilir?! Bəlkə də Ülviyyəni tovlayıb, hansısa qonşusuna qarşı istifadə etmək istəyirdi?!
Rus i ya – Vüsal Məmmədovun yazısı

Vəziyyəti izləyən çarəsiz Ruslanın dişi bağırsağını kəsirdi. Bir-iki dəfə Ülviyyənin qabağına çıxıb, sözünü açıq dedi, amma heyhat, qızın ağlı artıq havada idi. Onu özünə gətirmək üçün Ruslan arada qışqırdı, dava saldı, hətta yumruğunu divara da vurdu… Di gəl ki, hamısı əks effekt verdi – qız qorxub, Conun yanına qaçaraq, onun qoynuna daha bərk sığındı. Con isə dodaqaltı qımışa-qımışa, hər şeyin onun istədiyi kimi getməsindən məmnun halda qızın ora-burasını sığallayaraq, çantasından çıxardığı kökəyə qonaq etdi: “Bizdə buna “donut” deyirlər, Viki xalam bişirib, gör, necədir?!”

Ruslan getdikcə itə dönürdü. Diskoteka və barlarda zəngin pikap təcrübəsi toplaşmış Condan fərqli olaraq, o, qadınla necə davranmağı, qılığına necə girməyi, qulağına nə pıçıldamağı bilmirdi. Ruslan köntöy və güclü kişi idi, ona görə sonda qərara gəlir ki, bu işin nöqtəsini qoymaq üçün elə öz təbiətinə uyğun davransın. Və bir gün məhəlləyə gələn Conu qırağa çəkir:
- Bura bax, alə, ləpəş, sən o qızı onsuz da alan deyilsən, adını da artıq çıxarmısan. Amma hələ gec deyil. Şansın var, sürüş, bir də səni buralarda görməyim!

Con Ruslanın əllərindən pencəyinə tökülən tozu çırpa-çırpa:
- Mister… - dedi,- unutmayın, bu münasibət ancaq mənim və Ülviyyənin seçimidir. Kimi seçmək qızın öz hüququdur. Mən onun bu hüququnu əlindən ala bilmərəm! Gəlin, münasibətlərimizin digər aspektlərini müzakirə edək…

Ruslan onun yaxasını buraxıb, baxışları ilə deşə-deşə:
- Sənə bir az da vaxt verirəm!,- dedi,- ya rədd ol bu məhəllədən, ya da mən öz bildiyimi edəcəyəm!

Con gedib blogerləri, jurnalistləri, tiktokerləri başına yığıb, gecə-gündüz durmadan açıqlamalar verməyə başladı:
- Ruslan aqressivləşib! O, qızın evini yandırmaq istəyir. Qızı zorla qaçırmaq istəyir! Biz Ülviyyəyə dəstək verəcəyik! Amma Ruslanla dalaşmaq fikrində də deyilik!

Bu əcaib bəyanatlar hamını çaşdırmışdı, bilmirdilər nə reaksiya versinlər: Biri qınayır, digəri ələ salır, üçüncüsü həmrəylik bildirib, qadınların seçim azadlığını dəstəkləyirdi.

Nəhayət, Ruslanın dediyi vaxt yetişəndə qalxdı ayağa, atasından qalan baltasını götürdü, qonşuluqdakı “zapravka”dan aldığı iki kanistr benzini də qoltuğuna vurub, ülviyyəgilin evinə yönəldi. Qapıya təpiyi necə qoydusa, çərçivə yerindən çıxdı – məlum oldu ki, ülviyyəgilin qapısı amanabənd imiş, qız dəfələrlə Cona “mənə bir az pul ver, dəmir qapı qoydurum, özümü o heyvərədən qoruyum”,- deyə yalvarsa da, Con verməyib.

Ruslan özünə xas ayılıqla içəri girən kimi benzini ətrafa səpələdi, babasından qalma köhnə alışqanı çaxıb yerə atdı, əlindəki balta ilə ətrafdakı köhnə mebelləri budaya-budaya:
- Ülviyyə!!!! – bağırdı,- mənə başqa yol qoymadın!

Dib otaqda Ülviyyə ağlaya-ağlaya, əli əsə-əsə Conun nömrəsini yığırdı:
- Mənə kömək et! Gəl, qurtar bu gicin əlindən!
- Mən səni dəstəkləyirəm, bunny. O gici bir də heç vaxt bizim mağazaya buraxmayacağam. Amma bağışla, onunla döyüşə bilmərəm.

Ülviyyə göz yaşlarının şor dadını əvvəllər Ruslanın ümidlə, sonralar Conun ehtirasla öpdüyü dodaqlarında hiss edə-edə əcnəbi sevgilisinin yaxın dostuna yığdı:
- Bəlkə sən məni bu dəlidən qurtarasan?!

Bu vaxt Ruslanın bağırtısı bütün qəsəbəyə yayıldı:
- Əgər kimsə qarışsa, sizə elə qoyaram ki, tarixinizdə belə şey görməmisiniz!

Ortaya 5 saniyə sükut çökdü, sonra dəstəyin o biri tərəfindən səs gəldi:
- Okay, kömək edərəm. 3 manatlıq kontur yükləyəcəyəm indi...

…Çöldə isə məhəllənin camaatı toplaşıb, yanan evə baxa-baxa hərəsi bir şey deyirdi:
- Qız gərək əvvəldən o xarici gədəyə qoşulmayaydı…
- Xaricinin nə günahı var e?! Bubiri ayıdır axı!
- Əşşi, uşaqlıqdan bir yerdə böyüyüblər də, o qaranquş rədd olsa, yenə dil tapacaqlar…
- Yox e, day evi yandırmalı deyildi də!
- Bundan sonra çətin, bunlarınkı tutmaz…


Ruslan isə əlində balta Ülviyyənin gizləndiyi otağa yaxınlaşırdı…


Teqlər:   Alleqoriya  



Xəbər lenti