“Faşist ovu”nda yəhudi təcrübəsini öyrənməyin vaxtıdır – Ədalət Verdiyevin yazısı

   “Faşist ovu”nda yəhudi təcrübəsini öyrənməyin vaxtıdır –    Ədalət Verdiyevin yazısı
  26 Fevral 2022    Oxunub:3533
1992-ci il, fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın qədim yaşayış məskəni olan Xocalı şəhərində yerli əhaliyə qarşı görülməmiş soyqırımı törədildi. Bu gün 30 illiyini qeyd etdiyimiz və dünyanın bir çöx ölkəsində Xocalı Soyqırımı kimi tanınan qanlı faciə keçmiş SSRİ-nin 366-cı alayının köməyilə Ermənistan və Qarabağdan olan silahlılar tərəfindən həyata keçirilib.
Erməni silahlıları və adı çəkilən alayın cəlladları həmin məşum gecədə 106 qadın, 63 uşaq və 70 ahıl olmaqla 613 nəfəri qətlə yetirdilər, 1275 nəfəri girov götürdülər. 150 nəfərin taleyi isə bu günə qədər naməlumdur. Faciə zamanı Xocalının 76 nəfəri uşaq olmaqla, 487 sakini əlil edildi. 6 ailə tamamilə məhv edildi, 26 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Qətlə yetirilənlərdən 56 nəfər xüsusi qəddarlıqla öldürülüb.

Əslində Xocalı Soyqırımı erməni faşizminin Azərbaycanın mülki əhalisinə qarşı təkcə 90-cı illərdə törətdiyi təxminən 15-ci qətliam idi. Bundan əvvəl Ermənistanla sərhəddə yerləşən Qazax rayonunun Bağanis Ayrım kəndinin, Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilmişdi. Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin arasında ən dəhşətlisidir.

Xocalı soyqırımından 9 gün əvvəl, 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlının kütləvi qırğına uğradılması əslində hazırlıq məqsədi daşıyırdı, amma o zaman rəhbərlik, təhlükəsizlik, hüquq-mühafizə və xüsusi xidmət orqanları müstəqilliyimizə real təhdid törədən fəaliyyətlərə qarşı adekvat cavab tədbiri görə bilmədilər. Hakimiyyətin konstitusion borcuna cinayətkarcasına laqeydliyi tariximizin ən qanlı faciəsinin törədilməsinə münbit şərait yaratdı. Uzun müddət hər tərəfdən erməni əhatəsində qalan Xocalı sakinlərinin ah-naləsi kimsə tərəfindən eşidilmədi, heç olmasa uşaq, qoca və qadınlar təxliyə edilmədi. Sonda isə 4 aya yaxın mühasirədə qalan Xocalı əhalisi erməni silahlıları və Sovet ordusu tərəfindən soyqırımına məruz qaldı. Halbuki, Xankəndidən 10 kilometr məsafədə olan, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında strateji məntəqə hesab edilən, Qarabağın yeganə hava limanının yerləşdiyi Xocalı şəhərinin ermənilərin hədəfində olduğunu anlamaq üçün xüsusi siyasi-hərbi istedad tələb olunmurdu. Digər tərəfdən, Ermənistanın Qarabağ ilə Laçın dəhlizindən istifadəsi demək olar, mümkün olmadığından, aeroporta görə ermənilərin Xocalını hədəf seçəcəkləri kimsədə şübhə doğurmalı deyildi.

Xocalının yüzlərlə günahsız sakininin vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan Respublikasının Qarabağ ərazisində baş verən ən qanlı cinayətdir. Xocalı Soyqırımı 20-ci əsrdə baş verən Xatın, Lidiçe, Babi Yar, Xirosima, Naqasaki, Struma, Songmi, Holokost, Ruanda və Serebrenitsa qətliamları ilə eyni mahiyyəti daşıyır. Ruanda və Serebrenitsadan başqa adı çəkilən faciələrin hamısı Xocalı Soyqırımından əvvəl baş verib.

Bu qəddar cinayətin Azərbaycan əhalisi ilə bərabər bütün insanlıq əleyhinə törədilən ən qanlı əməllərdən biri olmasına və mülki əhaliyə qarşı yalnız azərbaycanlı olduqlarına görə xüsusi amansızlıq törədilməsinə baxmayaraq, hələ də soyqırımın təşkilatçıları və iştirakçıları olan erməni və rus cəlladlarından birini də məsuliyyətə cəlb edə bilməmişik. Azərbaycan hüquq-mühafizə orqanlarının Xocalı qatili, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində axtarışı 2020-ci ildə elan etməsi də maraq doğurur. Niyə görə bunu 29 ildən sonra edirdik? Xocalı hadisəsindən 1 il sonra etmək olmazdımı? Belə fəaliyyətsizlik nəticəsində Xocalı qatillərinin sonrakı illərdə, o cümlədən, Vətən Müharibəsində ordumuza qarşı döyüşlərdə nəticəsiz də olsa, hər halda, aktiv fəaliyyətlərini izlədik.

Ermənistan Respublikası tərəfindən Sovet ordusunun dəstəyilə Xocalıda törədilən bu insanlıq əleyhinə cinayətə beynəlxalq siyasi və hüquqi qiymət verilməsi üçün Azərbaycan fəaliyyətini daha da genişləndirməlidir. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) bununla bağlı qərarlarından, 13 ölkə və beynəlxalq təşkilatın Xocalı Soyqırımını tanımasından və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya Ədalət” kampaniyasının nəticələrindən maksimum yararlanmalıyıq. BMT və Qoşulmama Hərəkatından sonra dünyada üçüncü böyük təşkilat, 57 ölkənin təmsil olunduğu İƏT-in Parlament Şurasının Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilmiş 13-cü iclasında qəbul olunmuş Abu-Dabi bəyannaməsi, Xocalı faciəsinin insanlıq əleyhinə cinayət kimi tanınması ilə bağlı üzv ölkələrə müraciəti də kifayət qədər əhəmiyyət daşıyır.

İƏT-in “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyasını dəstəkləyən bəyanat qəbul etməsinin Azərbaycanın Xocalı Soyqırımını Beynəlxalq müstəvidə müzakirəyə çıxarması üçün zəruri siyasi və hüquqi zəmin yaratdığını düşünürəm.
Qarabağ məsələsindəki ədalətli mövqeyimizi daim dəstəkləyən tərəfdaşlarımızla, o cümlədən, 120 ölkəni özündə birləşdirən və hazırda Azərbaycanın rəhbərlik etdiyi Qoşulmama Hərəkatı ölkələri ilə Xocalı Soyqırımının tanınması istiqamətdə fəaliyyətimizi genişləndirməliyik.

Bütün bunlarla bərabər, İsrail ilə Xocalı Soyqırımının tanınması istiqamətində birgə fəaliyyətimizin qənaətbəxş olmadığını hesab edirəm. Bəzilərinin guya Holokost soyqırımına alternativin ortaya çıxmasında yəhidilərin maraqlı olmadığı barədə arqumentləri əsassızdır. İsrailin Türkiyə ilə münasibətlərinin yaxşı olmadığı vaxtda ən güclü silahlarını satdığı ölkə Azərbaycandırsa, deməli, digər məsələlər müzakirə mövzusu ola bilməz.

44 günlük müharibə vaxtı erməni faşizmi Gəncədə və digər yaşayış məntəqələrimizə endirdiyi raket zərbələrilə Azərbaycan xalqına qarşı soyqırımı siyasətindən əl çəkmədiyini əyani şəkildə nümayiş etdirdi. Vətən Müharibəsində qəhrəman əsgərlərimiz Ermənistanın xalqımıza qarşı 34 il ərzində törətdiyi bir çox qanlı soyqırım və faciələrin qisasını döyüş meydanında artıqlaması ilə aldı. Amma əfsuslar olsun ki, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının əlində olan yetərincə fakt və informasiyalara baxmayaraq, hələ də Xocalı və digər faciələrin törədilməsində iştirak edənlərin məsuliyyətə cəlb edilməsinə nail ola bilməmişik.

Odur ki, həm xalqımıza, həm də bütün bəşəriyyətə qarşı yönələn Xocalı Soyqırımının və digər erməni cinayətlərinin cəzasız qalmaması üçün hər birimiz əlindən gələni etməliyik. Bu istiqamətdə həm fevralın 22-də Moskvada imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin təqdim etdiyi imkanlardan yararlanmalı, həm Ermənistanda, həm də Rusiyada gizlənən Xocalı qatillərini məhkəmə önünə çıxarılmasına nail olmalıyıq.

Döyüş meydanında Xocalı və digər faciələrin intiqamını Əsgərimiz alıb, amma sağ qalan cəlladları söz versək də, məhkəmə salonuna gətirə bilməmişik. Verilən sözün yerinə yetirilməsi aidiyyatlı orqanlarımız və ümumilikdə ölkəmiz üçün şərəf məsələsi olmalıdır. Təbii ki, bu məsələdə hüquq-mühafizə və kəşfiyyat orqanlarının üzərinə də böyük məsuliyyət düşür. Bəlkə də Azərbaycan Simon Vizentalın “faşist ovu” təcrübəsi ilə yaxından tanış olması üçün zaman yetişib.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün


Teqlər: Xocalı  





Xəbər lenti