Polşa Rusiya investorlarına xidmət göstərilməsini dayandırdı

   Polşa Rusiya investorlarına xidmət göstərilməsini dayandırdı
  26 Fevral 2022    Oxunub:2347
Polşa İnvestisiya və Ticarət Agentliyi (PAIH) Rusiya sərmayələri və investorlarına xidmət göstərməyi dayandırıb. AzVision.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
- Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar olaraq, PAIH Polşada fəaliyyət göstərən rus sərmayələri və investorları üçün xidmətləri dayandırır, - Polşa qurumunun açıqlamasında deyilir.

"Xaricdə nə mülküm, nə də hesabım var"- Medvedevdən sanksiyalara cavab
Amma agentliyin Minsk və Moskvadakı ofisləri açıq qalacaq.

- Biz hələlik köməyə ehtiyacı ola biləcək Polşa sahibkarlarının təhlükəsizlik maraqlarına görə bu ofisləri bağlamağı planlaşdırmırıq,- PAIH-nin tərəfdaşlıq və kommunikasiya direktoru Marçin Qraçık deyib.
O, həmçinin agentliyin Ukraynadakı ofisinin distant rejimdə işlədiyini bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Polşa   Rusiya  



Xəbər lenti