Rusiyaya tətbiq olunan sanksiyalar nəyi dəyişə bilər?!

 Rusiyaya tətbiq olunan sanksiyalar nəyi dəyişə bilər?!
  27 Fevral 2022    Oxunub:3865
Rusiyanın Ukraynaya hərbi təcavüzü gözlənildiyi kimi, Qərb ölkələrinin geniş sanksiya paketilə nəticələndi. Sanksiyalar demək olar ki, bütün sferaları əhatə edir: Maliyyə, sənaye, energetika, texnologiyalar, nəqliyyat, turizm, idman, hətta mədəniyyət... Ən vacibi əlbəttə ki, maliyyədir, çünki bütün digər sahələrin kökündə, bünövrəsində məhz maliyyə dayanır.
Rusiya Mərkəzi Bankının 643,2 milyard dollarlıq qızıl-valyuta ehtiyatlarının 152 milyardı xaricı banklardadır; daha 311 milyard dolları qiymətli kağızlara yatırılıb. Rusiya vətəndaşlarının isə ümumilikdə 25 milyard dollarlıq əmanəti xarici banklarda saxlanılır. Bu məbləğlərə blok qoyulacaq. Rusiya banklarının SWIFT sistemindən kənarlaşdırılması da artıq praktik olaraq həllini tapıb. Rusiya fond birjaları isə onsuz da hərbi əməliyyatlar başlayandan üzüaşağı yuvarlanırlar.

Bu sanksiyalar müharibəni dayandırmağa birbaşa təsir edə bilərmi?! Təbii ki yox, çünki hərbi əməliyyatlara başlamamışdan qabaq da bütün bunların olacağı Rusiya hakimiyyətinə sözsüz ki bəlli idi və böyük ehtimalla, hamısını nəzərə alıblar. Əgər bunları nəzərə almadan müharibəyə başlayıbsa, onda Rusiyanın etdiyi müharibə yox, sadəcə, avantüra sayılmalıdır.

Müharibə dövrü ümumiyyətlə, xüsusi mərhələdir. Amma həmin mərhələ gec-tez bitəcək, heç bir müharibə əbədi davam etmir. Bu sanksiyalar daha çox müharibədən sonrakı dövrə hesablanıblar.

Biz Ukraynaya hərbi müdaxiləni qəti şəkildə pisləyirik, bu, heç bir halda olmamalı idi, amma bir məsələni düzgün başa düşmək lazımdır: konflikt Rusiya ilə Ukraynanın yox, Rusiya ilə Qərbin, ilk növbədə ABŞ-ın arasındadır. ABŞ illərdir ki, Rusiyanı sanksiyalarla zəiflətməyə çalışır. 2012-ci ildə “Maqnitski aktı” adlanan məşhur qanun qəbul edilmişdi. Bu qanun insan hüquqlarını pozduğuna görə Rusiyada bir sıra məmurlara sanksiyaların qoyulmasını nəzərdə tuturdu. 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsilə sanksiyalar siyahısı daha da genişləndirildi. 2016, 2017-ci illərdə sanksiyaların təsirinə düşən müəssisə və şəxslərin sayı xeyli artırıldı. Rusiyanın hərbi sənayesi bütövlükdə sanksiya qalpağının altına salınmışdı. Amma bunların ciddi bir nəticə verdiyini söyləmək olmaz.

Əgər məqsəd Rusiyanı zəiflətmək, çökdürmək və üzüyola etmək idisə, ona bütün istiqamətlərdə sanksiyaların qoyulması vacib idi. Amma Avropa ölkələri buna getmirdilər. Çünki Rusiya Qərb iqtisadiyyatının böyük bir parçası idi və onunla əlaqələri kəsmək heç kimə sərf etməzdi. Bunun üçün nəsə çox ağır, faciəli bir hadisə olmalı idi – məsələn, müharibə kimi...

Təəssüf ki, sonda bu da oldu və Qərb dövlətləri bütün istiqamətlərdə sanksiya siyasətinə qoşuldular. İndi əsas sual meydana çıxır: Bu siyasət arzulanan nəticəni verəcəkmi – yəni Rusiyanı sözəbaxan, üzüyola edəcəkmi?! Bunun üçün bir neçə əlavə məqama nəzər salmaq lazımdır.

1) Avropa Rusiyadan neft və qaz almağı tam dayandıracaqmı?! Əgər dayandırmayacaqsa, onun pulunu təbii ki, torbada daşıyası deyillər. Bu halda Rusiya ya SWIFT-dən tam açılmayacaq, ya da sanksiya müvəqqəti xarakter daşıyacaq. Qeyd edək ki, hazırda SWIFT-dən Rusiyanın özü yox, 5 əsas bankı çıxarılıb.

2) SWIFT-dən Rusiyanı dövlət olaraq tam yox, ayrı-ayrı bankları kənarlaşdıranda əsas zərbə biznesə, orta sahibkarlara dəyəcək. Çünki onların bütün xarici əlaqələri iflasa uğrayacaq, nə özləri qazana, nə vergi ödəyə biləcəklər; iş yerləri bağlanacaq, sosial narazılıq və gərginlik artacaq. Güman ki, Qərbin can atdığı həm də budur.

Bu baxımdan İranın təcrübəsi maraq doğurur: Onu 2012-ci ildə nüvə proqramına görə 4 illiyə SWIFT-dən çıxarmışdılar. 2016-da qaytarıb, 2018-ci ildə bir də çıxardılar. Amma gördüyümüz kimi, İran dağılmayıb, inqilab olmayıb, çökməyib, elə həmin iddialı İrandır. Çünki dünyada heç də “bütün yumurtalar bir SWIFT səbətinə yığılmayıb”: Ona alternativlər var - Rusiya da, Çin də özlərinin bank əməliyyatları şəbəkələrini yaradıblar. Və onların vasitəsilə SWIFT qədər rahat olmasa da, hər halda, vacib biznes əməliyyatlarını aparmaq mümkün olacaq. Qısası, bu cəza xəstəlikdir, ancaq ölüm deyil. Bu xəstəliyin nəticəsində Rusiya biznesi daha çox Çinə, İrana yönələcək.

Buna görə də dövlət başçımız İlham Əliyevin Rusiyada yerli jurnalistlərlə söhbət zamanı dediyi fikirlər tamamilə haqlı idi: “Mən birmənalı əminəm ki, sanksiya yolu səmərəsizdir. Əlbəttə, o, Rusiya iqtisadiyyatına sözsüz ki, zərər vuracaq. Lakin həmin sanksiyaları tətbiq edənlərə də birmənalı şəkildə zərər vuracaq. Çünki ixrac üçün, özü də yüksək texnologiya məhsulları üçün ikinci belə perspektivli bazar tapmaq çətindir”.

Qərbin itirdiyi nəhəng bazar Çinin əlinə keçəcək. “iPhone”ların yerini “Xiaomi”, “Huawei” tutacaq. Və bir müddətdən sonra itkilərini hesablayan təkcə Rusiya olmayacaq. Qazancını isə Çin sayacaq.

Ona görə də, hər şey sanksiyaların nə qədər davamlı, geniş və uzunmüddətli olacağından asılıdır. Bu, Rusiyanı çökdürməyəcək, fəqət, inkişafını, xüsusilə də texnoloji sahələrdə inkişafını ciddi şəkildə yubada bilər. Söhbətin konkret nələrdən getdiyinə ikinci yazıda aydınlıq gətirəcəyik.


Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor


Teqlər: Rusiya   Sanksiya  





Xəbər lenti