Bayram Səfərov: “Get jurnalistlərdən soruş...”
Belə ki, İctimai Televiziyanın əməkdaşını icma rəhbərindən ermənilərin Kəlbəcərdə inşa etdirdiyi orta məktəb barəsində soruşub. Bayram Səfərov isə telejurnalisti ermənilərə xidmət etməkdə ittiham edib: “Bu nə erməni sualıdır verirsən əə... Bu boyda Azərbaycanda 3000 məktəb tikilib, onu görmürsən, erməninin Kəlbəcərdə tikdiyi bir məktəbi görürsən? Ayıb olsun...”
“Bizim Yol”un “Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri kimi hərbi hissələrdəki müəmmalı əsgər ölümləri sizi narahat edirmi” sualını da Bayram Səfərov əsəbli reaksiya ilə qarşılayıb: “Bir dəqiqə söndür əlindəkini...Mənim oğlum yerindəsən, bu təxribatçı sualdı verirsən. Yaraşır sənə..? Orduda əsgər ölməsin kim ölsün? Ordudu, hər şey ola bilər. Niyə yazmırsan ki, Azərbaycan ordusu Qarabağı azad edəcək. Bu təxribatçıların yeri deyil axı. Gələrsən, mən sənə deyərəm, əsgərlər niyə ölür”.
Mətbuatda yayılan bu xəbərə Bayram Səfərovun münasibətini öyrənmək istədik. Ancaq o, bununla bağlı danışmaq istəmədiyini bildirərək sərt reaksiya verdi: “Orda 200 nəfər jurnalist var idi, hərəsi də bir sual verirdi. Mən nə bilim...Get jurnalistlərdən soruş...Telefonla suallara cavab vermirəm!”
Qeyd edək ki, müsahibimizə dəfələrlə söhbətin hansı məqamlardan getdiyini xatırlatdıq.
Sevinc Fədai