BMT: "100 mülki şəxs ölüb, 300-dən çox yaralı var"

      BMT:    "100 mülki şəxs ölüb, 300-dən çox yaralı var"
  01 Mart 2022    Oxunub:1410
BMT Ukrayna müharibəsi nəticəsində ölən mülki şəxslərin sayını açıqlayıb. Beynəlxalq təşkilatın ilkin məlumatlarına görə Rusiyanın Ukraynaya hücumu nəticəsində 100-dən çox dinc sakin həlak olub, 300-dən çox insan isə yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçeletin Cenevrədəki ofisi məlumat yayıb.

Onun sözlərinə görə, həlak olanlar arasında ən azı 7 uşaq da var. BMT-nin ali komissarının bəyanatında deyilir ki, itkilərin əksəriyyəti artilleriya, raket və havadan olan bombardmanlar nəticəsində olub.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər


Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti