Qaribaşvili Gürcüstanın Aİ-yə daxil olması üçün ərizə imzalayıb

   Qaribaşvili Gürcüstanın Aİ-yə daxil olması üçün ərizə imzalayıb
  03 Mart 2022    Oxunub:1773
Gürcüstanın baş naziri İrakli Qaribaşvili cümə axşamı vətəndaşlara xüsusi müraciətində ölkənin Avropa İttifaqına daxil olması üçün ərizə imzaladığını açıqlayıb.
AzVision.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Gürcüstanın bu ərizəni 2024-cü ildə təqdim etməsi planlaşdırılırdı, lakin Ukraynada baş verən hadisələrə görə Gürcüstan hakimiyyəti Avropaya inteqrasiya prosesini sürətləndirməyə qərar verib.

"Bu gün Gürcüstan üçün tarixi gündür. Mən ölkə adından Avropa İttifaqına üzvlük ərizəsini imzalayıram", - deyə hökumət başçısı sənədi imzalayıb.

Bir neçə gün əvvəl Ukrayna Aİ-yə üzvlük üçün müraciət edib. Çərşənbə axşamı Avropa Parlamenti Ukraynaya Aİ üzvlüyünə namizəd ölkə statusunun verilməsini tələb edən qətnaməni səs çoxluğu ilə təsdiqləyib.

Bundan sonra hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze Avropa İttifaqını ərizəyə “fövqəladə” baxmağa və Gürcüstana Aİ-yə namizəd statusunun verilməsi ilə bağlı qərar qəbul etməyə çağırıb.

2014-cü ilin iyununda Gürcüstan və Aİ arasında assosiasiya sazişi imzalanıb. Sazişin tərkib hissəsi dərin və hərtərəfli azad ticarət zonası haqqındadır.

2017-ci ilin mart ayından Gürcüstan vətəndaşları turizm, işgüzar və qonaq səfərləri üçün Şengen ölkələrinə (180 gündən 90 gün) vizasız qısamüddətli səfərlər hüququ əldə ediblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti