Sanksiya bumeranqı - TƏHLİL

// Rusiyaya qoyulan məhdudiyyətlər Qərbin özünü də vuracaq

   Sanksiya bumeranqı -    TƏHLİL
  03 Mart 2022    Oxunub:4143
Rusiya-Ukrayna münaqişəsində atəşkəs əldə olunması çox çətin məsələ kimi görünür. Vəziyyət o yerə gəlib çıxıb ki, Rusiyanın şərtlərini qəbul etmək nəinki kaputilyasiyası demək olacaq, hətta indidən Kremlə bir neçə ildən sonra ətrafındakı digər ölkələrə, o cümlədən, Pribaltikaya da hücum etmək üçün əsas yaradacağı kimi görünür. NATO başbilənlərinin qorxuları məhz bundan ibarətdir.
Rusiyanın özünün müharibənin dayandıracağı isə artıq, heç cür mümkün görünmür. O səbəbdən ki, Putin və ətrafı çox güman, geriyə addım atmağın böyük səhv olacağını düşünürlər. Odur ki, Kreml axıradək getməkdə iddialı görünür. Ona görə də düşünürəm, bu xəmir hələ çox su aparacaq. Amma nə vaxtadək? Sual da budur! Bəlkə, Rusiya “tükənənədək”?! Yoxsa, Qərb və Avropa Ukraynanın tam məhv edildiyini gördükdən sonra?! Vaxt uzandıqca isə münaqişəyə yeni-yeni ölkələrin qoşulacağı təhlükəsi mövcuddur.

Rusiyanı iqtisadi sanksiyalar vasitəsilə tam çökdürmək mümkün deyil. Buna inanmaq absurddur. Sanksiyalar bumeranqı Qərbin öz başında çatlaya bilər. Rusiya dünyada ən böyük əraziyə malik ölkədir. Böyük ərazi böyük potensial deməkdir. Və rusları həmişə məhz bu amil xilas edib. Belə demək mümkündürsə, bu ölkəni divara dirəmək hələ mümkün olmayıb və aydınlaşıb ki, bunun üçün onu eyni zamanda iki tərəfdən - həm Qərbdən, həm də Şərqdən sıxmaq tələb olunur. Yoxsa, mümkün deyil.

Odur ki, Qərbin sanksiyaları son nəticədə həm də Dünya iqtisadi sisteminin özünü dağılması ilə nəticələnə bilər. Bunun fəsadları inkişaf etmiş ölkələrin özləri üçün də ağır olacaq. O səbəbdən ki, qlobal iqtisadiyyat getdikcə daha çox mərkəzləşmiş struktur üzrə inkişaf etməkdə və formalaşmaqda idi. İndi Qərb tətbiq etdiyi sanksiyalardan özünün nələr itirəcəyini hələ bilmir...

Rusiyaya qarşı hər cür sanksiyalar qəbul etməkdə israrlı olan və bunu başladan ABŞ neft amili məsələsində ilişib qalıb. Bəyan edilirdi ki, Rusiyanın neft sənayesinə qarşı sanksiyaların tətbiqinə hələ ki müvafiq şərait yoxdur. Yəni səbəb və zərurət var, amma tələb olunan şərait və real imkan yoxdur. O səbəbdən ki, bu addım neftin qiymətini daha da bahalaşdıracaq. Və sanksiyalar Rusiyaya indikindən ikiqat artıq gəlir götürməyə yol açacaq.

Bu səbəbdən də, ABŞ senatorlarının Rusiyadan enerji resurslarının təchizatını məhdudlaşdırmağa dair müzakirələrə başladıqları bildirilir. Rus qoşunları Ukraynanın dərinliyinə doğru irəlilədikcə isə, dünyada neftin və qazın qiyməti qalxır. Düzdür, Rusiya ilə hesablaşmaların məhdudlaşdırılması, SWIFT-dən kənarlaşdırma enerjidaşıyıcıların satışını çətinləşdirəcək. Ancaq bunun özü də dünya bazarlarında bahalaşmaya əlavə təkan yaradır.

Odur ki, Qərb və Avropa getdikcə əslində elə bir üsul seçməyə məhkumdurlar ki, sanksiyaların tətbiqi dünyada enerjidaşıyıcılarının qiymətlərini də aşağı salsın. Qərb və Avropa bu mənada nəyə görə Səudiyyə Ərəbistanı ilə mövcud müttəfiqlik münasibətlərindən yararlanmırlar, aydın deyil.

Çinin tutduğu mövqe və hadisələrə yanaşma tərzi də tam aydın görünmür. Söhbət hər hansı siyasi bəyanatdan və sairədən getmir. Sanksiyaların icrasında Pekinin iştirak edib-etməyəcəyi aydın deyil. Bu sualın cavabı çox vacib əhəmiyyət daşıyır.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Sanksiya   Rusiya  





Xəbər lenti