“Müttəfiq partiyalar arasında səmimiyyətdən danışmaq olmaz”

“Müttəfiq partiyalar arasında səmimiyyətdən danışmaq olmaz”
  03 Aprel 2013    Oxunub:1217
“Bir çox müttəfiq kimi görünən partiyalar var ki onların üzvləri arasında gərginlik hələ də maksimum səviyyədədir”.
Gənc siyasi fəal, Müsbət Dəyişikliklər Gənclər Hərəkatının üzvü Bəxtiyar Hacyevin “Qafqazinfo”ya müsahibəsi zamanı ölkədə demokratiya uğrunda səmimi olaraq mübarizə aparan qüvvələr barədə danışıb:

- Siz qeyd etmisiniz ki, ölkədə demokratiya uğrunda səmimi olaraq mübarizə aparan hər hansı qüvvə görmürsünüz.

- Səmimi olaraq ölkədə demokratik dəyişikliklər etmək istəyən təşkilat, siyasi partiyalar ilkin seçki yolu ilə vahid namizədin irəli sürülməsində problem yaratmamalıdırlar. Partiya maraqlarından kənara çıxmağa bacarmalıdırlar. Mən 2010-cu il parlament seçkilərində böyük bir məyusluq yaşamışdım ki, bir neçə partiyalar öz namizədlərini irəli sürürdülər və açıq şəkildə deyirlər ki, biz inanırıq ki, qələbə qazanmayacağıq, təşviqat da aparmayacağıq. Sadəcə olaraq öz namizədimizi irəli sürürük ki, gələcəkdə nə vaxtsa partiyalar dövlət tərəfindən maliyyələşəndə bizə də pul ayrılsın. Bu məni təəssüfləndirirdi ki, böyük və Azərbaycanın gələcəyini dəyişməyə iddialı olan partiyalar bir parlament seçkisində xırda bir dairədə belə ümumi maraq naminə öz maraqlarını qurban verməyi bacarmırlar. Bir çox müttəfiq kimi görünən partiyalar var ki onların üzvləri arsında gərginlik hələ də maksimum səviyyədədir.

- AXCP ilə Müsavatı deyirsiniz?

- Mən ad qeyd edib konfliktə girmək istəmirəm. Bunu bir çox insanlar müşahidə edir. Həm vətəndaş, həm də bu proseslərə yaxın olan insan kimi məyusluqla qeyd edirəm ki, çox kiçik məsələlər üzərində böyük konfliktlər olur. Bəzən “hansı piketdə hansı partiyadan neçə nəfər iştirak etdi”, “neçə nəfər polis şöbəsində saxlanıldı”, “bizim partiyadan olanlar daha aktiv iştirak edirdilər və daha uca səslə qışqırırdılar” və s. kimi müzakirələr gedir. Müttəfiq partiyalar arasında bu səviyyədə mübarizə gedirsə, səmimiyyətdən danışmaq olmaz. Bir çoxları düşünür ki, vahid namizədin müəyyənləşməsi müxalifətin parçalanmasına gətirib çıxaracaq. Amma mən əksini düşünürəm. Onsuz da bu partiyalar arasında gərginlik var. Bir mesaj verilsin ki, siyasi rəqabətə giririk və demokratik yanaşması olan partiyalar olaraq seçkinin nəticələrini tanıyacağıq.

- O zaman demək olarmı ki, siyasi fəal gənc kimi sizi müxalifət düşərgəsində olan partiyaların heç birinin fəaliyyəti qane etmir...

- Tam qane etmir. Mən gördüyüm problemlərlə bağlı partiya rəhbərləri ilə dəfələrlə danışmışam. Hər dəfə təxmini belə cavablar eşidirəm ki, yaxınlarda düzələcək. Hələlik bir fərq hiss etmirəm. Amma bir müsbət dəyişiklik də odur ki, əgər əvvəllər “bura Amerika deyil, Azərbaycandır” deyirdilərsə, indi irad və təkliflərin çoxunun əsaslı olduğunu qəbul edirlər.





Teqlər:  





Xəbər lenti