Müharibənin 12-ci gününün nəticələri – Ədalət Verdiyevin şərhi

      Müharibənin 12-ci gününün nəticələri    – Ədalət Verdiyevin şərhi
  07 Mart 2022    Oxunub:10783
Ukraynada davam edən müharibənin 12-ci günündə Rusiya qoşunlarının bir neçə istiqmətdən irəlilədiyini, Ukrayna Ordusunun isə daha əvvəl itirdiyi mövqelərdən az bir hissəsini geri qaytardığını müşahidə etdik.
Rusiya əsas hədəfi olan Kiyevə daha da yaxınlaşa bildi, paytaxtdan 26 km. qərbdə yerləşən İrpin qəsəbəsinə artilleriya zərbələrə endirildi. Kiyev ilə İrpini birləşdirən körpü məhv edildi. Bu dağıntının fəsadlarını hərbi ponton körpü vasitəsilə aradan qaldırmaq mümkündür. Yaxın saatlarda Borodyanka, Buça, Bobrovitsa və Prilupki istiqamətindən Kiyevə doğru irəlləmək üçün Rusiya ordusunun artilleriya zərbələrinin davam edəcəyi gözlənilir. Lakin Kiyevin mərkəzinə doğru quru əməliyyatı sonrakı 2-3 gündə baş verə bilər.
Sikorski: “Ukrayna döyüşü dayandırsa daha mövcud olmayacaq”

Prilupki və Bobrovitsaya qədər irəlləyən Rusiya qoşunlarının mühasirə halqasını qapatması Sumı şəhəri də da daxil olmaqla böyük bir Ukrayna ərazisinin orada mövcud olan qoşunlarla birlikdə mühasirədə qalması ilə nəticələnə bilər. Bunun baş verməməsi üçün hər iki istiqamətdən soxulan düşmənə cinahlardan zərbə endirməkdən başqa yol yoxdur. Əks təqdirdə yaxın tapşırığı həll edən rus qoşunlarının sonrakı vəzifəsi Kiyevin mühasirəsində iştirak etməkdən ibarət olacaq.

Rusiya qoşunları yaxın 2 gündə Melitopoldan Enerqodar, Kaxovka və Vasilyevka istiqamətində irəlləyərək, Zaparojye şəhərinə maksimum yaxınlaşmağa cəhd edəcəklər.

3 tərəfdən Rusiya hücumlarına məruz qalan Mariupolun 1-2 gündən artıq müqavimət göstərməsi real deyil. Bu şəhərin Rusiya qoşunlarının nəzarətinə keçməsi Krıma quru yolunun açılması ilə nəticələnəcək.

Rusiyanın Belqorod istiqamətindən Xarkov, Luqanskdan isə Severodonetsk istiqamətlərində hücumları daha da intensivləşəcək. Xarkovda Azərbaycan konsulluğunun Rusiya qoşunları tərəfindən vurulması bir daha işğalçı qüvvələrin Moskva paradında təriflədikləri texnikaların döyüş üçün olmadığını, 30 il əvvəlki silah və texnologiyalardan istifadə etdiyini göstərir.

Çernobıl, Qrodno və Repki şəhərlərindən Çerniqov istiqamətində müşahidə edilən intensiv hücumlar yaxın 2 gündə şəhərin Rusiya nəzarətinə keçəcəyini ehtimal etməyə əsas verir.

Pilotlu aviasiyadan və uzaqmənzilli hava hücumundan müdafiə sistemlərindən məhrum qalan Ukrayna Ordusunun müharibənin gedişində təşəbbüsü ələ keçirməsi gözlənilən deyil. Amma bu, ayrı ayrı istiqamətlərdə Ukrayna Ordusunun əks hücumlar həyata keçirməsini və hətta epizodik nailiyyətlərini istisna etmir.


ABŞ-ın Müharibə Araşdırmaları İnstitutuna görə martın 6-na olan operativ vəziyyət

Hər iki tərəfin itkiləri artmaqda davam edir, daimi dislokasiya məntəqələrindən maksimum uzaqlaşan Rusiyanın təchizat problemləri isə getdikcə daha qabarıq görünür. Daxili və xarici təzyiqlər, xüsusən Ukraynanın yerli rus əhalisinin etirazları Kremli ən qısa müddətdə danışıqlar masasına oturmağa vadar edir. Amma Moskvanın Ukraynanın Qara dənizlə əlaqəsini kəsmədən və Kiyevə tam nəzarəti ələ keçirmədən səmimi danışıqlara başlayacağı da real görünmür.

Ədalət Verdiyev,
hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Ukrayna   Müharibə  





Xəbər lenti