Azay Quliyev: “Ermənistan sülhə məcbur edilməlidir”

Azay Quliyev: “Ermənistan sülhə məcbur edilməlidir”
  12 Aprel 2014    Oxunub:1518
Litvanın paytaxtı Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi proqramına uyğun olaraq maliyyələşdirdiyi “Demokratik Siyasi İnistitut”un layihəsi çərçivəsində “Həll edilməmiş münaqişələrinin siyasi təsirləri və həlli perespektivləri ” adlı beynəlxalq konfrans keçirilib.
Konfransda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev ilk olaraq “dondurulmuş münaqişə” anlayışına aydınlıq gətirərək bu terminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə şamil edilməsinin doğru olmadığını bildirib. Azay Quliyev Qarabağ problemini həll edilməmiş və ya uzanan münaqişə adlandıraraq diqqəti təmas xəttində hər həftə günahsız insanların həlak olması faktına yönəldib. Hazırkı "Nə sülh, nə də müharibə" şəraitinin qəbuledilməz olduğunu bildirən Şura sədri bölgədə dayanıqlı sabitliyin bərqərar olması üçün münaqişənin yalnız dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət və eyni zamanda beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığı prinsipi əsasında həll edilməli olduğunu qeyd edib. A. Quliyev bu konsepsiyanı həmçinin beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamənin də dəstəklədiyini bildirib.

Şura sədri ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun sonuncu təklif etdiyi yenilənən Madrid prinsiplərinin və ona uyğun olaraq hərtərəfli sülh sazişi üzərində işə başlamağın tərəfdarı olduğunu vurğulayaraq bunun hər iki tərəfin marağını təmin etdiyini deyib: “Hərtərəfli sülh sazişi praktiki tədbirlərin icrasını özündə əks etdirir. Bu proses müəyyən zaman çərçivəsində və əvvəlki prinsiplərə əsaslanaraq mərhələli şəkildə həyata küçiriləcək. Sənəd Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş 7 rayondan Ermənistan qoşunlarının çıxarılmasını və sərhədlər açıldıqdan sonra Dağlıq Qarabağda yaşayan ermənilərin və ora qayıdacaq azərbaycanlıların təhlükəsizliyinə təminat verərək sonuncu mərhələdə bölgənin hüquqi statusnun müəyyənləşdirilməsini özündə ehtiva edir” . Lakin Ermənistan bu təklifi qəbul etməyib.

Münaqişənin həllini stimullaşdıracaq amil kimi Ermənistan və Azərbaycan arasında qarşılıqlı inamın bərpa olunması üçün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsini vacib saydığını söyləyən Azay Quliyev rəsmi İrəvanın heç bir uyğun izah vermədən bu cür təmaslardan imtina etdiyini vurğulayıb. Şura sədri problemin həllinin danışıqlar yolu ilə mümkün olmadığını və hərbi yolu istisna etmək üçün beynəlxalq aləmin Ermənistana qarşı sanksiyalar tətbiq etməklə işğalçı dövlətin sülhə məcbur edilməsinin zəruriliyini qeyd edib.

Daha sonra konfransda Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya və Dnestryanı münaqişələr haqqında ekspertlərin təqdimatları dinlənilib və mövzu ətrafında maraqlı müzakirələr olub. Azərbaycanlı ekspert Kamal Əliyev Dağlıq Qarabağ münaqişəsi, İsraildən olan ekspert Arye Gut isə Xocalı soyqırımı haqqında ətraflı məruzə ilə çıxış edib.


Teqlər:  





Xəbər lenti