“Ukrayna Suriyaya çevrilə bilər” – Türkiyəli ekspert

   “Ukrayna Suriyaya çevrilə bilər” –    Türkiyəli ekspert
  10 Mart 2022    Oxunub:2551
Nişantaşı Universitetinin mütəxəssisi Dr. Əli Semin AzVision.az-a müsahibəsində bildirib ki, Qərbin hazırda iki hədəfi var. Birincisi, Rusiyanın iqtisadi və hərbi tərəflərini zəiflədərək, dünya arenasından kənarlaşdırmaq. Hazırda iqtisadi müharibə davam edir. Bu müharibədə Qərbin yanında olmayanlar çox güman ki, hansısa reaksiya ilə qarşılaşacaqlar.
- Atəşkəs əldə olunandan sonra müharibə passiv fazaya keçə bilərmi?
- İqtisadi sanksiyalar indi olmasa da, gələcəkdə Rusiyanı böhran vəziyyətinə gətirəcək. Qərbin istəyi tam şəkildə Rusiyanı təcrid etməkdir. Qərb daha öncə Rusiyaya qarşı bir neçə həmlə etmişdi. NATO Rusiyanı əhatələmək istədi və Baltik ölkələrini üzvlüyə qəbul etdi. Ukraynanı də qəbul etmək istəyirdilər. İkinci həmləyə gəldikdə isə, Qərbin hazırda iki hədəfi var. Birincisi, Rusiyanın iqtisadi və hərbi tərəflərini zəiflədərək, onu dünya arenasından kənarlaşdırmaq. Əgər Rusiya buna mane ola bilməsə, növbəti İran və Şimali Koreyaya çevriləcək. Bu səbəblə Rusiyanın davam etmək istədiyini düşünürəm. Atəşkəs əldə olunsa belə, bu, müharibənin bitəcəyi mənasını vermir.

Əgər müharibə olan ərazidə humanitar dəhliz açılırsa, döyüşlərin hələ davam edəcəyindən xəbər verir. Bu müharibənin nə vaxt bitəcəyi Putindən asılıdır. Qərbin istədiyi isə Ukraynaya silah göndərərək bu müharibəni dərinləşdirməkdir. Ukraynanın növbəti Əfqanıstan, Suriya və Liviyaya çevriləcəyini düşünürəm. Hazırda Ukraynanın da dörd yerə bölündüyünü müşahidə edirik. Krım, Donetsk, Luqansk və Ukraynanın qalan ərazisi. İndi müharibə Rusiyanın idarəsi altında davam edir. Ancaq Qərbin Ukraynaya hərbi yardımlarını nəzərə alsaq, vəziyyət Rusiyanın nəzarətindən çıxa bilər. Fikrimcə, müharibə uzun müddət davam edəcək.

- Rusiyanın xarici iqtisadi əlaqələrinin həm istiqamətlərində, həm də strukturunda ciddi dəyişikliklərin yaranması labüddür. Rusiyanın əsas regional təəfdaşları olan Xəzəryanı dövlətlər üçün hansı yeni risklər və imkanlar yaranır?
- Müharibənin təsirləri müəyyən zamanda Xəzəryanı dövlətlər və Qara dəniz bölgəsinə də sıçraya bilər. Qara dəniz sahillərində baş verən qarışıqlıq Türkiyəni də maraqlandırır. Hazırda bu müharibə iqtisadi olaraq diqqətə alınmır. Ancaq gələcəkdə iqtisadi tərəfdən də ciddi problemlər yaradacaq. Rusiya ilə münasibətləri yaxşı olan ölkələr arasında Xəzəryanı dövlətlər də var. Bu ölkələrin də Qərblə münasibətləri pozula bilər.

Rusiya ilə münasibətləri yaxşı olan və ya Rusiyanın təsirində olan ölkələrin Qərblə üz-üzə gəlmələrini diqqətdə saxlamaq lazımdır. Çünki bunun baş vermə ehtimal çox yüksəkdir. Hazırda Qərb ölkələri Rusiyaya qarşı iqtisadi müharibə elan ediblər. Bu müharibədə Qərbin yanında olmayanlar çox güman ki, hansısa reaksiya ilə qarşılaşacaqlar. Bu məsələdə imkanlardan daha çox risklər var. Düşünürəm ki, beynəlxalq aləmin Rusiyaya tətbiq etdiyi sanksiyalar bu ölkələrdən də yan keçməyəcək. Çünki həmin ölkələrlə istisna hallar baş vermədikdə Qərbin hədəfinə tuş gələcəklər. Üstəlik bu məsələdə ikitərəfli risklər var. Ya Rusiyanın tərəfində dayanacaqlar, ya da Qərbin tərəfində. Hər iki tərəf də risklidir.

Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər: Ukrayna  





Xəbər lenti