Zakaryan deyir ki, bunun Ermənistanın dərman bazarına nə dərəcədə təsir edəcəyi bir neçə amildən asılıdır.
- Birincisi, bildiyimə görə, Ermənistanda yerli istehsalçılar dərmanları GMP (Good Manufacturing Practice -Yaxşı istehsal təcrübəsi-red.) standartına uyğun sertifikatlaşdırılmış xammal alırlar. Belə xammallar əsasən xaricdən gəlir və Rusiya bu standartı yerli istehsalçılar üçün tətbiq etmir, - Zakaryan deyib.
Onun sözlərinə görə, Rusiya istehsalçılarının istifadə etdiyi dərmanların çeşidi azaldılsa və ya onlar xammal çatışmazlığı səbəbindən öz məhsullarının qiymətini qaldırsalar bu, mütləq idxala da təsir edəcək.
- Dərmanların qiymətləri hələ də qeyri-sabitdir, onlar məzənnə dəyişikliyindən asılıdır. Rubl demək olar ki, iki dəfə ucuzlaşıb və xammalın alınması ilə bağlı problemlər var. Təbii ki, bu, Ermənistana dərman idxalına təsir edəcək, - Zakaryan bildirib.
“Erməni istehsalçıları hazırkı vəziyyətdən uğurla çıxa bilərmi?” sualına Zakaryan belə cavab verib ki, xammal Ermənistanda ərsəyə gəlmir, ona görə də erməni dərmanları beynəlxalq şirkətlərin məhsullarını əvəz edə bilməyəcək.
Xatırladaq ki, bir müddət öncə “Sputnik Armeniya” Ermənistanın dərman bazarında qiymət artımının yarandığını yazmışdı. Bu bahalaşma xüsusilə ürək-damar xəstəlikləri olan insanlar üçün nəzərdə tutulan dərmanlarda müşahidə edilirdi.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


