İqtisadi müharibədən qazanan Çin olacaq – TƏHLİL

// "Səma imperiyası"nın qlobal yüksəlişi üçün tarixi şərait yaranıb

   İqtisadi müharibədən qazanan Çin olacaq –    TƏHLİL
  11 Mart 2022    Oxunub:3834
Dünyada indiyədək Rusiya Federasiyası qədər həm kəmiyyət, həm də sərtlik baxımından bu sayda iqtisadi sanksiyalara məruz qalan ikinci bir ölkə olmayıb, yoxdur və çox güman ki, olmayacaq da. Qərb tərəfindən tədbiq olunan bu sanksiyalar Rusiya iqtisadiyyatının bütün sahələrinə aiddir və elə bir sferası yoxdur ki, onu əhatə etməsin. Bütün xarici şirkətlər də ardıcıl olaraq fəaliyyətlərini dayandıraraq Rusiya bazarını tərk edirlər.
Bütün bunlar ilk mənfi nəticələrini artıq, göstərməkdədir. Ölkədə maliyyə sabitliyi getdikcə daha sürətlə pozulur, inflyasiya və bahalaşma sürətlənir, istehsal çökməyə başlayıb, bütün digər makroiqtisadi göstəricilər üzrə müvazinət isə pozulmağa doğru istiqamət götürüb. Ancaq Rusiya iqtisadiyyatı tam olaraq çökəcəkmi? Əsas sual bundan ibarətdir.

Yeri gəlmişkən, 2008-2009-cu illərdəki qlobal iqtisadi böhran da Qərbin Rusiya ilə münaqişəsi nəticəsində ortaya çıxmışdı. Bəzi ekspertlər bununla razılaşmasalar da, həmin böhranın niyə ABŞ-da ipoteka kreditləşdirməsi sahəsində alovlandığını yaddan çıxarmaq lazım deyil. Belə ki, neftin qiymətinin kəskin ucuzlaşdırılması bumeranqa çevrilərək, ABŞ-ın maliyyə sferasına dəymişdi. Və elə bir partlayış törətdi ki, dalğası bütün dünyaya yayıldı.

Son hadisələr fonunda beynəlxalq reytinq agentlikləri də Rusiyaya münasibətdə rəylərini kəskin şəkildə aşağı salıblar. Məsələn, “Fitch Ratings” agentliyi Rusiyanın xarici valyutada uzunmüddətli defolt reytinqini (IDR) “B”dən “C”-yə endirib. Bundan əvvəl “Moody's” agentliyi Rusiyanın reytinqini “B3”-dən “Ca”-ya salmışdı. Bütün bunlar isə Rusiya iqtisadiyyatının defolta doğru getdiyinin göstəricisidir.

Təbii ki, Rusiya bütün bunların nəticəsində azı 5-10 il geri düşdü. Yəni hətta müharibə dərhal dayanarsa və sanksiyalar ardıcıl olaraq geri götürülərsə belə, ölkənin sanksiyalara qədərki vəziyyətə qayıtması üçün azı 5-10 il vaxt tələb olunur. Əks halda isə, bu müddət 15-20 ilə bərabərdir.


Amma bütün bunlara rəğmən, bir məsələ də var ki, o da bundan ibarətdir: qlobal istehsalçıların və bazarın yeni idarəçilərinin meydana gəlməsi üçün şanslar yaranıb. Məlum olduğu kimi dünya iqtisadiyyatı, xüsusən də sənayesi əslində iki hissəyə bölünür - istehsalçı və istehlakçı, yaxud emaledici və hasiledici ölkələr. Qərb və Avropa istehsalçı, emaledici ölkələrdir. Çin, Yaponiya, Cənubi Koreya və sair ölkələr də. Yaxın Şərq ölkələri, Rusiya, MDB ölkələri və s. isə resurs və istehlakçı ölkələr hesab olunurlar. İstehsalçı və yaxud emaledici, yəni iri sənaye ölkələrinin birtərəfli qaydada bu və ya digər sanksiyalar yolu ilə istehlakçı və resurs ölkələrini tam çökdürə bilmələri mümkün deyil. Çünki o zaman iri sənaye, emaledici və istehsalçı ölkələrin özlərinin də işləri istər-istəməz bərbad günə düşməli, qlobal miqyasda hasiledici-emaledici-istehsal-istehlak zənciri qırılmalıdır. Bunu anlamaq üçün alim olmaq lazım deyil.

Ümumiyyətlə, alıcıya qarşı qadağalar tətbiq etməklə satıcının işlərini asanlaşdırmaq qeyri-mümkündür. Bu mənada Rusiya dünya iqtisadiyyatı üçün nəhəng bazar və inkişaf etmiş əsas sənaye ölkələrinin hər birinin məhsulları üçün "həzm orqanıdır". Eyni zamanda, kölgə iqtisadiyyatının yüksək səviyyədə inkişaf tapdığı ölkələrdəndir.

Bütün bunlardan əlavə, Rusiyanın da əlində qarşı tərəfə təzyiqlər göstərmək üçün müəyyən iqtisadi alətlər var. Məsələn, ABŞ bu ölkədən enerji daşıyıcıların idxalına qadağa tədbiq etsə də, urana aid deyil. Amerikada 80 atom elektrik stansiyasından tam gücü ilə işləyən 60-ı ölkədə ümumi elektrik enerjisi istehsalında 20 faiz paya sahibdir. Bunun üçün tələb olunan nüvə yanacağının yarısı Rusiyadan, Qazaxıstandan və Özbəkistandan alınır. Rusiya buna embarqo tədbiq edə bilməzmi?

Və yaxud, götürək Almaniyanı. Avropa iqtisadiyyatının aparıcı qüvvəsi və hegemonu sayılan bu ölkə Rusiyadan enerji asılılığına birdəfəlik son qoya bilməz və bilmir də. Ona görə də müəyyən sahələrdə, xüsusən enerji istiqamətində əməkdaşlığı qoruyub saxlamağa məhkumdur. Rusiya logistik və digər çətinliklərə baxmayaraq, satış bazarını dəyişə bilməzmi?

Ümumiyyətlə, ötən şərhimdə də qeyd etdim, qlobal iqtisadiyyat Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda birinciyə qarşı tətbiq olunmaqda davam edən sanksiyalar nəticəsində getdikcə daha çox təsirlərə məruz qalır. Odur ki, qlobal istehsal addım-addım dalana doğru irəliləyir.

Bu xüsusda real vəziyyət birbaşa olaraq məhz Çin iqtisadiyyatının xeyrinə işləyir. Qərb ilə Rusiyanın Ukrayna uğrunda "savaşı" nəticəsində Çin dünya iqtisadiyyatında liderliyi tezliklə ələ keçirəcək. 1973-cü ildə Ərəb-İsrail müharibəsi zamanı ərəb dövlətləri koalisiyası ABŞ ilə Qərbi Avropa ölkələrinə neft satışına embarqo tətbiq etdiklərindən qiymətlər qalxdı. 1973-cü ilin oktyabrından 1974-cü ilin martınadək yanacaq böhranı yarandığından Amerikada avtomobil istehsalı çökdü. Nəticədə Yaponiya istehsalı olan avtomobillərinin satışı artdı.

2008-2009-cu illərdə qlobal maliyyə-iqtisadi böhranı zamanı da Amerika avtomobil sənayesi “öldü” və yapon avtomobillərinin satışı artdı. 2011-ci ilin martında Yaponiyada baş verən sunamidən sonra isə vəziyyət dəyişdi. Bu dəfə “udan” tərəf isə çox güman, Çin olacaq.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Sanksiya   ABŞ   Rusiya   Çin  





Xəbər lenti