“Böyük oyuna şahidlik edirik” – Stanislav Pritçin (Vidokast)

// Rusiyanın qonşuları ilə əlaqələrində yeni perspektivlər yaranır

   “Böyük oyuna şahidlik edirik” –    Stanislav Pritçin (Vidokast)
  15 Mart 2022    Oxunub:8853
Ukraynada hərbi əməliyyatlar başlayandan sonra görünməmiş sanksiyalarla üzləşən Rusiya Qərbin bütün iqtisadi və maliyyə mexanizmlərindən kənarda qalıb. Bu vəziyyətin nə qədər davam edəcəyi hələlik məlum deyil. Aydın olan odur ki, Rusiyanın xarici iqtisadi əlaqələrinin istiqamətlərində və strukturunda ciddi dəyişikliklər qaçılmazdır.
İMEMO RAN Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi, Xəzər regionu üzrə mütəxəssis Stanislav Pritçin AzVision.az ilə söhbətində bildirib ki, biz indi həqiqətən də bir çox məsələlərdə qeyri-müəyyənlik mərhələsindəyik:

- Əgər iqtisadiyyatdan danışırıqsa, onda indiyədək tətbiq edilmiş nəhəng sanksiyalar paketi həm Rusiyanın özündə, həm də dünya birliyi, tərəfdaşlarla münasibətlərində iqtisadi vəziyyəti ciddi şəkildə dəyişir. Qərb dövlətləri ilə əsas sahələrdə əməkdaşlıq tamamilə məhdudlaşdırılıb. Biz tamamilə yeni reallıqla üz-üzəyik. ÜDM-i dünya ÜDM-nin təxminən 1,5%-ni təşkil edən Rusiya faktiki təcrid olunub, Qərb ölkələri ilə normal iqtisadi əlaqələrdən, əməliyyat imkanlarından məhrum edilib, maliyyə kanalları dondurulub, Rusiya rəsmilərinə qarşı sanksiyaların tətbiqi Qərblə istənilən təmasları ciddi şəkildə çətinləşdirir.


Təbii ki, müxtəlif beynəlxalq maliyyə strukturları Rusiya iqtisadiyyatına hansı zərərin vurulacağını müxtəlif cür qiymətləndirirlər. Bu il ÜDM-in 7-dən 20 faizə qədər azalması ehtimalı var. Vəziyyəti sabitləşdirmək üçün addımların atıldığını görürük. Burada əsas çətinlik ondan ibarətdir ki, xarici borcların ödənilməsi imkanları xarici valyuta alışına qoyulan məhdudiyyətlər səbəbindən dondurulur. Yəni Qərb ölkələri özləri valyuta əməliyyatlarını məhdudlaşdırmaqla Rusiya şirkətlərinin əvvəllər götürdüyü investisiyaları, istiqrazları ödəmək imkanlarını əlindən alırlar. Bu fonda əsas reytinq agentliklərinin Rusiyanın statusunu aşağı saldığını görürük. Biz böyük oyuna şahidlik edirik.

Rusiya şirkətləri və Rusiya hökuməti sabitləşmə istiqamətində addımlar atır. Prezident Putin sanksiyalar şəraitində xarici borcların rublla ödənilməsini təklif edib və Rusiyaya qarşı sanksiyaları tətbiq edən ölkələrin şirkətlərilə ticarətin milliləşdirilməsi və məhdudlaşdırılması imkanlarını nəzərdə tutan qanunu imzalayıb. Biz görürük ki, məsələn, Krım sanksiya paketi təcrübəsini götürsək, bu, uzunmüddətli məsələdir və əməliyyatın davam etdiyini nəzərə alsaq, sanksiyaların tez bir zamanda azalacağını gözləməyə dəyməz. Əməliyyat hələ də davam edir. Təbii ki, bu yaşamalı olduğumuz yeni reallıqdır.

- Rusiya yeni sanksiyalar şəraitində tərəfdaşları ilə necə qarşılıqlı əlaqədə ola və bundan sonra iqtisadiyyatını necə inkişaf etdirə bilər?
- Təbii ki, indi dövlət idxalın əvəzlənməsi üçün şərait yaratmaq, Rusiya bazarını tərk etmiş şirkətlərin yerini doldura biləcək istehsalçılara dəstək vermək üçün təcili addımlar atır. Bu asan deyil, lakin Krım təcrübəsi göstərir ki, sanksiyalar paketi Rusiya iqtisadiyyatına, kənd təsərrüfatına özünü təmin etmək üçün əhəmiyyətli dərəcədə kömək göstərdi. İndi vəzifə texnologiya sahəsində inkişafa nail olmaqdan və ticarəti məhdudlaşdırmaqdan ibarətdir.
Burada Rusiyaya qarşı sanksiyalar tətbiq etməyən qonşu dövlətlərlə əməkdaşlıq perspektivləri də var. Təbii ki, müəyyən şərtlər daxilində. Transsərhəd ödənişlərinə qoyulan məhdudiyyətlər, bir sıra Rusiya banklarının SWIFT sistemindən kənarlaşdırılması tərəfdaşların istənilən ixrac-idxal əməliyyatları üçün çətinliklər yaradır. Burada məqsəd bank sisteminin stabil işləməsi, həm ödənişlərin, həm də ödənişlər haqqında məlumatların mübadiləsi üçün şərait yaratmaqdır.
Artıq bir sıra mənfi halları görmüşük. Belə ki, Azərbaycanın “Kapital Bank”ı Sberbank ilə bank sistemindəki ödənişlərə dair müqavilələrdən çıxıb. Bu, bir tərəfdən Qərbin ikinci dərəcəli sanksiyalarından yayınmaq istəyən Azərbaycan bankının özünü sığortalamaq cəhdidir. Amma digər tərəfdən Azərbaycan banklarının rusiyalı tərəfdaşlarla əməkdaşlığa məhdudiyyətlər qoymasının başlanğıcı olacaqsa, onda Rusiya ilə Azərbaycan arasında qarşılıqlı ticarətə mənfi təsir göstərən ciddi amilə çevrilə bilər.

Lakin Rusiya-Azərbaycan ticari münasibətlərində əmtəə mübadiləsi baxımından yetərincə balanslaşdırılmış paket var və o, kifayət qədər sabitdir. İqtisadi və maliyyə məhdudiyyətləri aradan qaldırılarsa, ticarətimizin artım imkanları olacaq. Çünki Rusiya sanksiyalara görə digər tərəfdaşlarla ticarəti dayandıracağı halda Azərbaycanın meyvə-tərəvəzini almalıdır. Burada müvafiq olaraq daha çox perspektiv yaranır.

Başqa ölkələrdən danışsaq, yenə də Azərbaycan logistika baxımından kifayət qədər müstəqil dövlətdir, məsələn, Qazaxıstan tranzit baxımından Rusiyadan daha çox asılıdır və logistika zəncirlərinin pozulması Qazaxıstanla ticarətə mənfi təsir göstərəcək. Çünki Qazaxıstan mallarını uzaq ölkələrə Rusiya tranzit yolu ilə aparır.

İran haqqında danışmaq hələ ki çətindir, hər şey nüvə sazişi üzrə Vyanada aparılan danışıqlardakı vəziyyətdən asılı olacaq. İndiyədək İrana qarşı tətbiq edilən sanksiyalar paketi bu ölkə ilə ticarətdən inkişaf fürsəti kimi tam istifadə etməyə imkan vermir. Son onilliklər ərzində qarşılıqlı ticarətdə müəyyən durğunluq müşahidə edirik. Azərbaycan və Rusiya arasında ticarət potensialı eyni səviyyədədir və yetərli deyil.

- Bəs Türkmənistan?
- Türkmənistanla bağlı konkret nəsə demək mümkün deyil. Ölkə bağlıdır və indi orada prezident seçkilərinə hazırlıq gedir. Ümumiyyətlə, çox sərt, təcrid olunmuş xarici iqtisadi siyasət kontekstində Türkmənistanın bu vəziyyətdən istifadə edərək Rusiya ilə iqtisadi əlaqələri inkişaf etdirəcəyini güman etmək çətindir.

- Bu vəziyyət Xəzəryanı ölkələr üçün daha hansı yeni imkanlar yaradır?
- Söhbət daha çox Azərbaycan banklarının Rusiya ilə işləməkdən nə dəcədə qorxmasından gedir. Çünki, məsələn, “Azərbaycan Hava Yolları”nın addımlarından da görə bilərik ki, şirkət Rusiya şirkətlərinin uçuşlarının mümkünsüzlüyü qarşısında reyslərin sayını artırmaq əvəzinə, fəaliyyətini dayandırıb. Hazırda Rusiyanın Azərbaycanla heç bir hava əlaqəsi yoxdur. Dağıstanın Azərbaycanla quru sərhədi vasitəsilə bir-birimizə birbaşa səfər etmək imkanlarımız yox olub. Bu isə məncə, ticarətə, prinsipcə, münasibətlərə mənfi təsir göstərə biləcək amildir. Halbuki turizm potensialı indi yeni artım amilinə çevrilə bilər. Azərbaycan rusiyalı turistlər üçün cazibə mərkəzi olmaq şansı var. Hava nəqliyyatı olmadığı halda, təbii ki, buna ümid etmək olmaz. Ona görə də, aramızda hava hərəkətinin tezliklə bərpa olunması həm Azərbaycanın, həm də Rusiyanın maraqlarına uyğundur.

- Rusiya-Ukrayna müharibəsindən sonra müasir dünyanın geosiyasi və geoiqtisadi strukturlarında hansı əsaslı dəyişikliklər baş verə bilər? Bu münaqişə hansi yeni iqtisadi nizamı doğuracaq?
- Ukrayna böhranının Xəzər dənizi regionunda geosiyasi vəziyyətə ciddi təsir edəcəyini görmürəm. Burada İranın nüvə proqramının nizamlanması perspektivləri daha təsirli olacaq. İkinci məqam isə İranın Xəzər konvensiyasını ratifikasiya etməyə hazır olmasıdır. Bu iki proses əslində bir çox cəhətdən paraleldir, lakin bir-biri ilə əlaqəli deyil. Yenə də konvensiya məsələsi regional oyunçularla münasibətlər deməkdir və burada İranın təhlükəsizliyi, iqtisadi layihələrin ekoloji təhlükəsizliyinin təmin edilməsi məsələləri üzrə Xəzər beşliyinin əməkdaşlığı çərçivəsində öz öhdəliklərini təsdiqləməsi daha vacibdir. İranla nüvə sazişi Azərbaycan və İran arasında əməkdaşlıq perspektivlərini ciddi şəkildə aça bilər. Biz 2018-ci ildə Xəzər dənizinin beynəlxalq hüquqi statusu haqqında konvensiyanın imzalanması ərəfəsində iki sektorun sərhədində yerləşən yataqların birgə işlənməsinə dair İran və Azərbaycan arasında münasibətlərdə ciddi irəliləyişlərin olduğunu gördük. Bu layihələrin iqtisadi məqsədəuyğunluğu ilə bağlı ciddi araşdırma var idi, lakin ABŞ-ın İranla müqavilədən çıxması bu layihələri ciddi şəkildə çətinləşdirdi. İndi ümid edək ki, bu, İranla Azərbaycan arasında münasibətlərin normallaşmasına və Xəzərin cənubunda iqtisadi fəallığın mümkünlüyünə ciddi köməklik göstərəcək.

Seymur Məmmədov
Nadir Quliyev

AzVision.az


Teqlər: Sanksiyalar  





Xəbər lenti